"Azərbaycanda uşaqlar sülh içərisində, təhlükəsiz bir dövlətdə böyüyür"

"Azərbaycanda uşaqlar sülh içərisində, təhlükəsiz bir dövlətdə böyüyür"
SOSİAL
14:00 30.11.2021
641
Azərbaycanda hər zaman cəmiyyət, xalq olaraq uşaqlara, onların müdafiəsinə, onlara davamlı olaraq diqqət və qayğı göstərilməsinə üstünlük verilib. Bu məsələlər bütün dövrlərdə dövlətin də başlıca vəzifələrindən biri olub.
 
Uşaqların sağlam təfəkkürlə, savadlı və vətənpərvər böyüməsi xalqımızın hər bir ailəsində diqqət yetirilən məsələdir. Uşaqlar ölkənin, dövlətin, xalqın gələcəyinin bünövrəsidir. Buna görə də hər bir valideyn öz övladına təkcə öz övladı kimi deyil, xalqın övladı, cəmiyyətin gələcəyi kimi böyüdür, yetişdirir. Hər bir xalq bunu etməsə də, Azərbaycan xalqı bu məsələdə öndədir deyə bilərik. İnsanın ən həssas, qayğılı və diqqət yetirilməli dövrü uşaqlıq illəridir. İnsan uşaq vaxtından yetişdirilərək vətənpərvər bir gənc kimi cəmiyyətə buraxılmalıdır. Bundan sonra həmin gəncin tərbiyəsində artıq ətraf mühitin, xalqın da rolu olur. Ailədən başlayan bu proses məktəb, cəmiyyət, dövlət olaraq davam edir. Uşaq və gənclərin fiziki və mənəvi inkişafı da elə buradan başlayır. Bu məsələdə hər şeyə təməldən diqqət yetirmək lazımdır.

Psixoloq Fuad Əsədov AZXEBER.COM-a mövzu ilə bağlı fikirlərini bildirib. Psixoloq qeyd edib ki, uşağın ailədən gördükləri bütün həyatına təsir edir. Biz əvvəlcə bir uşağın nələrə ehtiyacı olduğunu bilməliyik:

"İlk növbədə bir uşağın təhlükəsizliyi hiss etməyə ehtiyacı var. Xüsusilə, çox döyülən uşaqlar həmişə özlərini təhlükədə hiss edirlər. Çünki, sevdikləri insanlar onları incidir və onlar heç yerə gedə bilmirlər. Uşağın sabit ailəyə ehtiyacı var. Valideynlər uşağa həm fiziki, həm də mənəvi dəstək ola biləcək məsafədə olmalıdırlar. Uşaq özünü narahat hiss edəndə bunu valideynləri ilə bölüşə bilməlidir. Ona görə də, valideynlərin də bir-biri ilə yaxşı yola getməyi lazımdır. Uşaq vaxtı bu tələbat ödənməyəndə insan həyatı boyu insanlara güvənmir və psixoloji rahatlığı üçün çox az şey edə bilir. Bu tip insanların, xüsusilə, dostluq və sevgi həyatları sıxıntılı olur.

Bundan başqa valideynlərdən sevgi, şəfqət və empatiya görmək də uşaq üçün son dərəcə önəmlidir. Bəzi valideynlər başları sakit olsun deyə uşaqlarının əllərinə telefon, planşet verir və özləri heç maraqlanmırlar. Bu tip uşaqlar yetişkin həyatlarında da insanlara bağlanmaqda çətinlik çəkirlər”.

Psixoloq bildirib ki, həddən artıq qoruyucu bir ailədə böyüyən uşaqlar valideyn fiquruna ehtiyac duyur, qoruyucu valideynlərin niyyətləri yaxşı olsa da, uşaqlarının yetişkin həyatını məhv edirlər:

"Bir uşağın valideynləri tərəfindən müstəqil yaşamaq bacarığını inkişaf etdirilməsinə ehtiyac var. Bu o deməkdir ki, siz valideynlərinizin olmadan da müəyyən şeylər edə bilirsiniz. Əgər, ailəniz sizə tək başınıza nələrisə bacarmağı öyrədibsə, sizə uşaq olarkən müəyyən məsuliyyətlər veribsə, sizə cəsarətli olmağı, analiz etməyi və özünüzü müdafiə etməyi öyrədibsə, nə xoş sizə. Amma əgər həddən artıq qoruyucu bir ailədə böyümüsünüzsə, valideynləriniz sizin yerinizə hər işinizi görübsə, sizə azadlıq veribsə, o zaman bu gün də azad yaşamaqda çətinlik çəkir və bir valideyn fiquruna ehtiyac duyursunuz. Qoruyucu valideynlərin niyyətləri yaxşı olsa da, uşaqlarının yetişkin həyatını məhv edirlər.

Uşaqların ən böyük ehtiyaclarından biri özgüvəndir. Amma tənqidçi valideynlər var. Onlar uşaqlarının hər zaman tənqid edir və onlardan daha yüksək nəticələr gözləyirlər. Bu tip valideynlərin xoşuna gəlmək mümkün deyil, çünki onlar üçün daima "daha yaxşısı" var. Onlar sizin sadəcə qüsurlarınızı görürlər. Uşaqlarsa qüsurlu olduqlarına çox tez inanırlar və düşünürlər ki, ailələri onları sevmir. Belə uşaqlıq keçirən insanlarda böyüyəndə də özgüvən problemi görünür”.

Fuad Əsədovun sözlərinə görə, hər bir valideyn uşağına real limitləri, həyatın real sərhədlərini öyrətməlidir:

"Uşaq özünü ifadə etməlidir və valideynlər onu dinləməlidir. Amma bir çox hallarda valideynlər uşaqlarının onların istəklərinə boyun əyməsini istəyir. Düşünürlər ki, bu tərbiyədir. Uşaqlarını daima öz istəklərinə uyğun yönəldirlər. Belə ailələrdə uşaqların istəkləri ciddiyə alınmır. Uşaq da valideynlərimin istəklərinə uyğun yaşayır və onları məyus etməmək üçün öz istəklərinizi unudur, valideynlərə boyun əyirlər. Bu bir növ valideynlər tərəfindən uşaqların istifadə olunmasıdır. Bu, olduqca böyük bir problemdir. Çünki, bu tip insanlar həyatları boyunca valideynlərinə, müdirlərinə, həyat yoldaşlarına boyun əyirlər. Nəticədə, öz istəkləri olmur, həyatları boyunca əsəbi və sıxıntılı olurlar.

Bir valideynin uşağına öyrədə biləcəyi ən dəyərli şey real limitlərdi. Bəzi valideynlər övladlarını çox ərköyün yetişdirirlər, uşaq nə istəsə, onu edirlər, onu bütün məsuliyyətdən və nizam intizamdan azad edirlər. Bu tip uşaqlar ağlamaqla istədikləri hər şeyə çatırlar. Nəticədə, böyüyəndə də sadəcə öz istəklərini nəzərə alır, başqalarını düşünmür və intizamlı hərəkət eləmirlər. Nəticədə, həm sosial həyatları, həm də iş həyatları təhlükəyə girir. Buna səbəb olan başqa bir amil də var. Bəzi valideynlər uşaqlarını çox tənqid edir və onlara özlərini dəyərsiz hiss etdirirlər. Nəticədə, bu uşaqlar böyüyəndə dəyər duyğularını qazanmaq üçün sadəcə özlərini düşünür, öz istəklərini və hislərini hər şeydən üstün tutaraq özlərini məmnun etməyə çalışırlar. Ona görə də intizamsız olurlar. Çox siqaret çəkir və çox içirlər. Narsistlər adətən real sərhədləri tanımayan uşaqlar arasından çıxır.

Ona görə də, valideynlərə çatdırmaq istədiklərimiz budur ki, uşaqlarınıza təhlükəsizlik, sevgi, azadlıq, özgüvən hislərini verin, onların istəklərini nəzərə alın və onlara həyatın real sərhədlərini öyrədin”.

Azərbaycan hər zaman dövlət olaraq öz xalqının uşaq və gənclərini, onların fiziki və mənəvi inkişafın diqqətdə saxlayır. Uşaqları gələcək üçün yetişdirən dövlətimiz onların normal mühitdə yetişməsi üçün hər zaman öz nəzarətini həyata keçirir. Bu səbəbdəndir ki, ölkənin uşaq və gəncləri öz Vətənini öz anası qədər sevir və Vətən uğrunda ölümə belə getmək üçün hər zaman hazır dayanır. Gənclərimiz bunu təkcə sözdə deyil, əməldə də göstərirlər. Elə təkcə 44 günlük Vətən Müharibəsində gənclərimizin düşmənlə döyüşə necə həvəslə getməsi, torpaqlarımızın azadlığı üçün önə atılması və onları Azərbaycan bayrağı ilə ruhlandırıb yola salan uşaqlar buna bir nümunə oldu. Azərbaycanın hər bir vətənpərvər gənci vətən üçün könüllü olaraq döyüşlərə qatılmağa, canlarından keçməyə hazır idilər.

Noyabrın 18-də Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda iştirak edən Prezident İlham Əliyev bildirdi ki, uşaqlar cəmiyyətin sabahıdır:

"Uşaqlar cəmiyyətin sabahıdır. Övladlarımızın milli dəyərlərə sadiq və yüksək mənəviyyatlı şəxsiyyət olaraq formalaşmalarının ölkəmizin tərəqqisi baxımından müstəsna əhəmiyyəti vardır. Uşaq hüquqlarının qorunması ilə bağlı Azərbaycan dövlətinin ardıcıl həyata keçirdiyi sosialyönümlü siyasət də bu məqsədə xidmət edir. Ötən Forumunuzda səsləndirilmiş bir çox məsələlər uşaqlarımızın hüquqlarının müdafiəsinin kompleks şəkildə təmin olunmasına yönələn "Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nda dolğun əksini tapmışdır”.

Prezident bildirdi ki, siz uşaqlar xoşbəxtsiniz ki, yeni əsrə müstəqil dövlət olaraq qədəm qoymuş ölkəmizdə dünyaya göz açmısınız:

"Siz uşaqlar xoşbəxtsiniz ki, yeni əsrə və yeni minilliyə müstəqil dövlət olaraq qədəm qoymuş ölkəmizdə dünyaya göz açmısınız. Siz fəxr etməlisiniz ki, qalib xalqımızın şərəfli və qürurverici tarixinin şahidlərisiniz.
Vətən müharibəsində qazanılan Zəfərlə Azərbaycan Ordusu yalnız tarixi ədaləti deyil, həm də bir milyondan çox qaçqın və məcburi köçkün soydaşımızın 30 ildən artıq müddətdə pozulan hüquq və azadlıqlarını bərpa etdi, düşmən təxribatlarına qurban getmiş məsum övladlarımızın qisasını alaraq öz möhtəşəm gücünü və hərbi qüdrətini bütün dünyaya çatdırdı.

Bu gün Azərbaycan sürətli inkişaf yolundadır. Yurdumuzun ildən-ilə daha güclü, daha qüvvətli olması, eyni zamanda, sizin xoşbəxt və firavan yaşamağınızın rəhnidir. İndiki nəsil qüdrətli Azərbaycanı məhz sizə əmanət edəcəkdir. Odur ki, üzərinizə düşən məsuliyyəti daha dərindən dərk edərək daim əzmlə çalışmalı, Vətəni layiqincə təmsil etməlisiniz. İnanıram ki, siz mənən zəngin nəsil kimi azərbaycançılıq ruhunda böyüyərək boya-başa çatacaq, respublikamızın gələcək inkişafı və uğurlar qazanması naminə töhfələrinizi əsirgəməyəcəksiniz”.

Ölkə başçısı bu çıxışı ilə bir daha bildirdi ki, Azərbaycanda uşaqlara hər zaman diqqət və qayğı göstərilir. Ölkəmiz 30 ildən sonra yenidən öz bütövlüyünə qovuşdu. Yenidən uşaqlar sülh içərisində, təhlükəsiz bir dövlətdə böyüyür.

Ölkəmizdə uşaqların da müəyyən hüquqları var və bu hüquqlar dövlət tərəfində hər zaman qorunur. Azərbaycanda Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsində uşaqların bərabər hüquqlara malik olduqları qeyd olunur: "Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə mə ruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məs uliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində eyni hüquqları vardır”.

Hüquqları qorunan ölkənin uşaq və gəncləri dövlətin və gələcəyin gələcəyinin qarantıdır. Bu hüquqların qorunması onların fiziki və mənəvi inkişafına da bilavasitə təsir edir ki, bu da ölkə, eləcə də cəmiyyət üçün önəmli prioritetlərdəndir.
 
Aydın Nuri 

Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı" mövzusu üzrə dərc edilib. 
 

OXŞAR XƏBƏRLƏR