Azərbaycanda uşaqlar üçün sosial şəbəkələrə giriş qadağan edilir? - Hicran Hüseynova danışdı

Azərbaycanda uşaqlar üçün sosial şəbəkələrə giriş qadağan edilir? - Hicran Hüseynova danışdı
SİYASƏT
14:07 10.02.2026
334
"Sosial şəbəkələrin həyatın ayrılmaz hissəsi olduğu dövrdə, uşaqların psixoloji sağlamlığı üçün nəzarətsiz istifadənin qarşısının alınması vacibdir”. 

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib. 

O bildirib ki, sosial şəbəkələrin mənfi tərəfləri də mövcuddur:

"Hazırda müxtəlif  informasiya resurslarından, o cümlədən, sosial şəbəkələrdən istifadə edirik. Bu, günümüzün reallığıdır. Lakin, internetin, müasir texnologiyaların müsbət cəhətləri ilə yanaşı, insanların davranışlarına, düşüncəsinə, xüsusi ilə, uşaqların sosial inkişafına ziyan vuran bəzi mənfi məqamları da var. Sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar, internetdə və mətbuatda yayımlanan bəzi video və filmlər, televiziya verilişləri yeniyetmələrin düşüncəsinə, dünyagörüşünə mənfi təsir edir. Belə hallar yeniyetmələri təhsildən yayındırır, onları başqa zərərli vərdişlərə aludə edir. Bir çox hallarda aqressiv davranmalarına və nəticə etibarilə qanunazidd hərəkətlərə yol vermələrinə səbəb olur”.

Parlamentari qeyd edib ki, dünyada azyaşlıların sosial şəbəkələrə girişi ilə bağlı  müxtəlif təcrübələr mövcuddur:

"Avstraliya sosial şəbəkəyə 16 yaşdan kiçik uşaqlar üçün tam qadağa tətbiq edir. Çin vaxt məhdudiyyətləri və məzmun nəzarəti ilə hərtərəfli dövlət tənzimləmələrini tətbiq edir, Avropa ölkələri və ABŞ isə əsasən valideynlərin razılığına və yaş təsdiqləmə sistemlərinə güvənir. Postsovet məkanındakı ölkələrdə də müxtəlif səviyyədə müzakirələr aparılır”.

H.Hüseynova bildirib ki, uşaqların sosial şəbəkəyə girişinə nəzarət vacibdir:
 
"Həm ailə, həm məktəb, həm də  cəmiyyət olaraq  birgə fəaliyyət  aparılmalıdır. Uşaqları daha zərərsiz və təhlükəsiz vərdişlərə, oyunlara, məşğuliyyətlərə yönəltmək lazımdır. Valideynlər övladlarına qarşı daha həssas və diqqətli olmalıdırlar. Onların gündəlik həyat tərzi, düşüncələri, hadisələrə yanaşmaları ilə bağlı söhbətlər aparmalıdırlar. Müəllimlər də çox diqqətli olmalıdırlar. Məktəb təkcə bilik vermir, o həm də şəxsiyyət yetişdirir. Buna görə də uşaqların davranışları pedaqoqların nəzərində olmalıdır. Cəmiyyət olaraq da  hamımız bu məsələyə münasibətdə ehtiyatlı olmalıyıq. 

Çünki, burada əsas məsələ nəyisə "qadağan etmək və ya etməmək" deyil, uşaqları inkişaf, öyrənmə və sosial qarşılıqlı əlaqə üçün vacib imkanlardan məhrum etmədən real dünya təhdidlərindən qoruyan rəqəmsal mühitin necə yaradılmasıdır. Bunun üçün dövlətin, texnologiya şirkətlərinin, valideynlərin, məktəblərin və yeniyetmələrin özlərinin birgə səyləri, eləcə də davamlı monitorinq və tədbirlərin inkişaf edən rəqəmsal reallığa uyğunlaşdırılması tələb olunur”.

Qeyd edək ki, 7 fevral "idrak” liseyində şagirdin müəllimi güllələməsindən sonra uşaqların sosial şəbəkəyə girişinə məhdudiyyətlərin qoyulması yenidən gündəmə gəlib.
OXŞAR XƏBƏRLƏR