Azərbaycanın iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75%-ni təşkil edir.
AZXEBER.COM xəbər verir ki, Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov “Şərq cəmiyyətləri: ənənə və müasirlik” mövzusunda MDB ölkələri gənc şərqşünaslarının Bakıda keçirilən II qurultayının açılış mərasimində deyib.E.Aslanov qeyd edib ki, Azərbaycanın iştirakı olmadan bu bölgədə heç bir iqtisadi və siyasi layihə həyata keçirilmir.PA rəsmisinin qeyd etdiyinə görə, Cənubi Qafqaz təkcə Azərbaycanı, Gürcüstanı və Ermənistanı özündə birləşdirmir, o həm də Avropa ilə Asiya arasında birləşdirici bir körpü rolu oynayır.EAslanov bildirib ki, Azərbaycanda etnik, milli və dini zəmində heç bir problem yoxdur, əksinə burada uzun illərdən bəri tolerant bir mühit hökm sürür:“Bu gün Azərbaycan müxtəlif dinlərdən və xalqlardan olan insanların tolerant şəkildə yaşayıb, fəaliyyət göstərdiyi bir məkandır. Burada həm yəhudilər, həm xristianlar, həm müsəlman dinindən olan insanlar, xalqlar mehriban və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Bu bizim ən böyük nailliyətimiz, uğurumuzdur”.Onun bildirdiyinə görə Azərbaycan Cənubi Qafqazın və dünyanın iqtisadi cəhətdən lider dövlətlərindən biri kimi, dünyanın o cümlədən Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edir.E.Aslanov eyni zamanda deyib ki, Azərbaycan bu gün bütün aparıcı beynəlxalq və regional təşkilatların üzvüdür.PA-nın şöbə müdirinin qeyd etdiyinə görə Azərbaycan BMT-nin, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının, “Qoşulmayanlar Hərəkatı”nın tam, bərabərhüquqlu üzvüdür, həmçinin Avropa İttifaqı, Avropa Parlamenti, NATO ilə əməkdaşlıq edir, müxtəlif qurumların parlament assambleyalarında təmsil olunur.E.Aslanov çıxışında Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin mövcud durumuna da toxunub.O, bildirib ki, işğalçı Ermənistanın təcavüzkarlıq siyasəti nəticəsində 20 ildən artıqdır ki, Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik 7 rayonu işğal altındadır.“Qarabağ Azərbaycanın tarixi ərazisidir. Bütün dünya da, beynəlxalq təşkilatlar da Dağlıq Qarbağı Azərbaycanın tarixi ərazisi kimi tanıyırlar və münaqişənin məhz Azərbaycanın ərazi bötüvlüyü və sərhədlərinin toxunulmazlıq prinsipi çərçivəsində həllinə tərəfdar çıxırlar.
Bu yöndə müxtəlif beynəlxaql təşkilatların, o cümlədən, BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi var. Ancaq çox təəssüflər olsun ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi və hələ də davam edən ikili standartlar üzündən Qarabağ münaqişəsi öz həllini tapmayıb”.E.Aslanov çıxışında Ermənistanın hazırda çox ağır və ciddi siyasi-iqtisadi böhran yaşadığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.“Məhz işğalçılıq və qeyri-konstruktiv siyasət üzündən Ermənistan bu gün Cənubi Qafqazda təcrid olunmuş vəziyyətdədir. Ermənistan Cənubi Qafqazda həyata keçirilən heç bir siyasi və iqtisadi layihələrdə iştirak etmir. Bunun günahkarı da qeyd etdiyimiz kimi Ermənistanın işğalçılıq siyasətini və qeyri-konstruktiv mövqeyini davam etdirməsidir. Azərbaycan tərəfi Qarabağ münaqişəsinin həllində konstruktiv mövqe və rassional yanaşma gözləyir”.