Azərbaycanda yol hərəkəti qaydaları dünya praktikasından nə ilə fərqlənir? - Rəylər

Azərbaycanda yol hərəkəti qaydaları dünya praktikasından nə ilə fərqlənir? - Rəylər
SOSİAL
17:47 03.07.2026
253
Xəbər verdiyimiz kimi, "TikTok” fenomeni kimi tanınan İlduzə Hacıyevanın (Arzum) ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Məhkəmənin hökmü ilə İlduzə Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Hökm elan olunduqdan sonra Arzum məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Mərdəkan qəsəbəsində baş verib. İttihama görə, gecə saatlarında "Changan” markalı avtomobili idarə edən İlduzə Hacıyeva sola dönmə manevri edərkən arxadan gələn "Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə idarəetmədən çıxan "Mercedes” maneəyə çırpılıb və bir neçə dəfə aşıb. Qəza zamanı avtomobilin sürücüsü, 29 yaşlı Amal Məlikov hadisə yerində həyatını itirib.

Bəs belə hallarda qanunvericilik məsuliyyəti necə tənzimləyir? Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında” Qanunu hazırlanarkən hansı ölkələrin təcrübəsindən istifadə olunub?

Hüquq müdafiəçisi Sahib Məmmədov AZXEBER.COM-a açıqlamasında bildirib ki, yol-nəqliyyat hadisəsini törədən şəxs hadisə yerini tərk etməməlidir:

"Avtoqəza baş verən zaman qəzanı törədən şəxs hadisə yerində qalmalıdır. Hadisə yerini tərk etmək özü-özlüyündə hüquqi məsuliyyət yaradan haldır. İlduzə Hacıyevanın işində də əsas məsələlərdən biri onun hadisə yerini tərk etməsidir. O, hadisə yerində qalmalı və zərərçəkənə mümkün olan köməyi göstərməli idi”.

Hüquq müdafiəçisi qeyd edib ki, yol-nəqliyyat hadisələri zamanı sürücünün məsuliyyəti ekspertiza rəyi əsasında müəyyən edilir:

"Qanunvericiliyə əsasən, sürücünün hadisədəki məsuliyyəti hərtərəfli araşdırılır. Məsələn, magistral yolda sürücü piyadanı vurubsa, onun sürət həddini aşıb-aşmadığı, avtomobilin texniki vəziyyəti, əyləc sisteminin saz olub-olmaması, vaxtında manevr edib-etmədiyi və digər amillər ekspertiza tərəfindən qiymətləndirilir. Araşdırma zamanı sürücünün yol verdiyi hər hansı pozuntu müəyyən olunarsa, onun hüquqi məsuliyyəti də buna uyğun müəyyən edilir”.

Nəqliyyat eksperti Elməddin Muradlı isə bildirib ki, qüvvədə olan "Yol hərəkəti haqqında” Qanunda ciddi çatışmazlıqlar mövcuddur.

"1998-ci ildə qəbul edilən ‘Yol hərəkəti haqqında’ Qanun müəyyən mənada Sovet dövründən qalmış hüquqi yanaşmaların təsiri altında formalaşıb. Sonrakı illərdə qanuna bir sıra dəyişiklik və əlavələr edilsə də, onu tam mükəmməl hesab etmək olmaz. Bu sahədə hələ də kifayət qədər boşluqlar və nöqsanlar var”.


Ekspertin sözlərinə görə, hazırda Azərbaycanda "Yol hərəkəti haqqında” yeni qanun layihəsi hazırlanır:

"Hazırda aidiyyəti dövlət qurumları yeni qanun layihəsi üzərində işləyirlər. Ümid edirik ki, daha müasir və effektiv hüquqi sənəd qəbul ediləcək. Çünki buna ciddi ehtiyac var. Qazaxıstan, Özbəkistan və digər MDB ölkələri də bu sahədə qanunvericiliklərini yeniləyiblər və oxşar yanaşmalar tətbiq edirlər.

Dünya dəyişir. Avropa İqtisadi Komissiyasının, Birləşmiş Millətlər Təşkilatının və Ümumdünya Səhiyyə Təşkilatının yol hərəkəti təhlükəsizliyi ilə bağlı mühüm tövsiyələri mövcuddur. Bu beynəlxalq sənədlərdə yol hərəkəti təhlükəsizliyinin daha da gücləndirilməsi və müasir mexanizmlərin tətbiqi tövsiyə olunur. Azərbaycan qanunvericiliyinin də bu çağırışlara uyğun təkmilləşdirilməsi vacibdir”.

Şəhanə Ziyad
OXŞAR XƏBƏRLƏR