Qudurğan məmur balalarının ciddi psixoloji problemlərinin kökündə nə dayanır?
Bu, 1990-cı illərin ortasında geniş yayılmış tezis idi. Cəmiyyət mühəndisləri o zaman həyəcan təbili çalırdı ki, qaçqın düşərgələrində böyüyən, həyatının şirin dönəmini yaşaya bilməyən uşaqlar gələcəkdə bunun heyfini cəmiyyətdən almağa çalışacaqlar. Bu travmanın ağrısını çıxmaq adına cinayətkarlıq edəcəklər, çevrələrinə ziyan vuracaqlar və sair. Bir sözlə, cəmiyyət üçün yeni təhlükə mənbəyi qaçqın uşaqlarıdır... Bəla qaçqın uşaqlarından yox, milyoner uşaqlarından gəldi... Aradan illər keçdi. Qarabağdan, İrəvandan qaçqın düşən uşaqlar böyüdü, təhsil aldı, ailə qurdu, hətta özlərinin də uşaqları oldu... Aralarında bəlkə də hansısa cinayət törədəni oldu, məişət zəminində kiminsə kimisə bıçaqlaması da baş verdi, inkar etmirik. Amma bu, gözlənilən kimi bir dalğa olmadı, tendensiyaya çevrilmədi. Və cəmiyyət onlardan hər hansı zərbə almadı. Əvəzində isə son illər cəmiyyətin gündəmini varlı məmur balaları zəbt etdilər. Narkotik aludəçiliyindən tutmuş, avtoxuliqanlığa, özbaşınalığa, qudurğanlığa qədər... hər cür əməli onların “ifasında” eşitdik. İçib, nəşələnib, yoldan keçəni yaralayanlar, bir-biriləri ilə atışanlar özlərinə qeyri-qanuni hər şeyi, amma hər şeyi icazə verənlər, içkili vəziyyətdə maşın sürənlər, polis döyənlər... onların sırasından çıxdı. Hətta Milli Məclisdə məmur uşaqlarına psixoloji yardım göstərilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi də oldu. Çifayda... Elə ay olmur ki, hansısa məmur balasının, məmur qohumunun “ÇP”si medianın gündəminə gəlməsin... “Onlar valideynlərinə nifrət edir, acısını isə cəmiyyətdən çıxarırlar” Özünü həyatın mərkəzi görür, amma hamıdan tez depressiyaya düşürlər. Yaxşı, bəs nədir varlı uşaqlarının psixologiyasındakı bu pozğunluq? Həddən artıq pul özü ilə birgə niyə bu qədər problem gətirir? Psixoloqlar sübut ediblər ki, varlı uşaqlarını ümumiləşdirən bir neçə cəhət var. Hansı ölkədə yaşamalarından asılı olmayaraq, bütün varlı uşaqları özlərini həyatın mərkəzi hesab edirlər. Amma bununla paralel olaraq depressiyaya və özünü yükləməyə meylli olurlar. Narsizmi də bu siyahıya əlavə etmək lazımdır. Çünki onlar xarakterlərini guya ki, bu formada ifadə və sübut etməyə çalışırlar. Hətta bəziləri idmanda, elmdə və bəzi sahələrdə uğur nümayiş etdirsələr də, heç nədən razı qalmırlar. Bu uşaqlardan ailələrinin də gözləntiləri böyükdür. Ailələri onları dünyanın ən yaxşı məktəbində oxumağa göndərir, hər şeyin ən keyfiyyətlisini, bahalısını alır, “olmaz” sözünü az qala gündəlik lüğətdən çıxarırlar. Amma bütün bunlar dost və sevgi əldə etməyə kifayət etmir. Varlı olmaq təkcə şampan içib, Chanel markalı geyimlər geyinmək deyil. Ekzotik səyahətlər, lüks və komfort da bu sözü yetərincə açmır. Varlı olmaq eyni zamanda doymayan ruh, pik həddə çatmış eqolar, intriqalar, saxta dostluqlar da deməkdir. Daha çox qazanıb, hər zaman hər şeyin az olduğunu hiss etmək deməkdir, eyni zamanda. Hətta pul və gələcək qayğısının kasıblarınkından daha çox olması anlamına gəlir bu söz. Varlı uşaqları valideynlərinə niyə nifrət edir? Psixoloqlar sübut edib ki, bu dünyada hər kəsin arzu etdiyi imkanlara sahib olanların çoxu ruhsuz və zavallı bir həyat yaşayır. Yeni nəsil insanını özündən başqa heç nə maraqlandırmır. Çünki hər şey populyarlıq üzərinə qurulub. Mövzunu araşdırarkən yazar Franko Lombardonun “Varlı uşaqları ana və atalarından niyə nifrət edir” adlı kitabının olduğunu öyrəndim. Müəllif kitaba adını verdiyi sualı cavablandırarkən 3 səbəb sadalayır: Varlı ailələr uşaqlarına “yox” deməyi bacarmırlar. İstədikləri hər şeyə sahib olacağına inanaraq böyüyənlər, xarici dünyada “yox” sözünü eşidəndə ilkin şok yaşayır və bunun acığını valideynlərdən çıxarırlar. Bunu bacarmayanlar (valideynlərindən qorxanlar) isə bu aqressiyanı cəmiyyətə yükləməkdən çəkinmir. Hər şeyi olan uşaqlar digər dəyərlərini itirirlər. Sonra istəklərinə əziyyət çəkmədən sahib olan biri kimi həyatına bir məna verməkdə çətinlik çəkirlər. Nifrətin ikinci səbəbi vaxtdır. Belə ki, ata-anası çox məşğul olan bu uşaqlar dayələrin əllərində böyüyür. Heç bir hədiyyə isə onların yoxluğunu əvəzləmir. Varlı ata-analar bu boşluğu pulla qapatmağa çalışanda isə uşaqlar küskün və kinli olurlar. Üçüncü səbəb cəmiyyətdir. Ata pulu ilə hər şeyə nail olanlara cəmiyyət qeyri-ciddi yanaşır. Onların heç bir uğurunu qəbul etmir, hər bir hərəkətinin arxasında “ata gücü” olduğunu iddia edirlər. Bu da onların valideyninə üsyan etməsi ilə nəticələnir. Onlar oğurluğa və kriminala meylli olurlar, çünki... Arizon Universitetinin bir qrup alimi isə sübut edib ki, varlı uşaqları kasıb ailələrin uşaqlarından daha çox depressiyaya düşürlər. Suntya Luta adlı alimin rəhbərliyi ilə aparılan araşdırmanın nəticələrinə görə, depressiya nəticəsində onlar daha çox narkotik, ağır dozalı spirtli içkilər qəbul edir. Bundan başqa, “qızıl gəncliyin” nümayəndələri arasında sırf adrenalini artırmaq üçün oğurluq edənlər də çoxluq təşkil edir. Orta hesabla varlı yeniyetmələrin müxtəlif növ depressiyalardan kasıb həmyaşıdlarına nisbətən daha çox əziyyət çəkdiyi sübut edilib. Bunun izahı isə belədir: varlı və uğur qazanmış valideynlər öz uşaqlarına böyük ümidlər bəsləyir. Bu isə daha çox emosional təzyiqlərlə müşayiət olunur. Bundan başqa, varlı uşaqların varlı dostları da bu depressiyada mühüm rol oynayır. Çünki onların münasibəti daha çox rəqabət xarakteri daşıyır. Psixoloqlar onu da müəyyənləşdirib ki, varlı uşaqlarının kriminala meyl etməsinin arxasında ancaq adrenalin axtarışı, həyatı rəngləndirmək istəyi dayanmır. Onlar eyni zamanda bu yolla valideynlərinin diqqətini cəlb etmək istəyirlər. Ancaq bu halda valideynin silkələnib, övladına vaxt ayıracağını düşünən gənclərin içində böyük bir sevgi boşluğu olur. Onlar əslində valideynindən intiqam alır Bəzən öz həqiqətlərini diktə etməyə çalışan varlıların uşaqları əcaib hərəkətləri ilə onlarla “mübarizə” aparır, bunt edir. İçib barda dava salmaq, bahalı maşını dirəyə çırpmaqla valideynindən intiqam alanlar da var. Və formalaşmış bir stereotipə qayıdaq. Dünyada olduğu kimi Azərbaycanda da varlılara münasibət birmənalı deyil. Məsələn, onların uşaqları haqda çevrədə formalaşmış bir fikir var: sən özün heç nə etməmisən, sahib olduqlarına layiq deyilsən, hazıra nazirsən, indiki zamanda ancaq oğurluq və dələduzluq yolu ilə varlanmaq olar. Nəticə: sən də valideynin kimi dələduzsan! Məhz bu stereotip bir çox hallarda varlı balalarını “hərəkətə” keçirir. Onlar cəmiyyətdən bu yolla intiqam alırlar. Azərbaycanda məmur və varlı balaları isə təkcə öz həyatlarını qaraltmırlar. Onların qudurğanlıqları ailələri başsız, bir çox hallarda çörəksiz qoyur. Həddini aşmış və gözü dönmüş uşaq valideyni üçün də potensial təhlükədir. Narkotikə meyl edibsə, yaxın ətrafını da buna yoluxdurur. Problemin həllini qudurğan uşağını ölkədən çıxarmaqda görən valideyn tezliklə yanıldığını anlayır. Çünki bu uşaq xarici ölkədə də Azərbaycanın adını batırmaqla məşğul olur. "Yeni Müsavat"