Azərbaycandakı bələdiyyələrlə Türkiyədəkilərin fərqi

Azərbaycandakı bələdiyyələrlə Türkiyədəkilərin fərqi
MARAQLI
18:36 04.09.2015
3711

Murad AğabəyliƏslində bir ildən artıqdır ki, ictimai fəaliyyətlə məşğul olmuram. Buna baxmayaraq hər zaman əsas məqsədim hesab etdiyim - Azərbaycana xidmət etmək, vətəni ölkədən kənarda təmsil edərək ölkənin tanıdılması yolunda zərrə qədər də olsa hansısa işlər görməyi özümə borc bilir, bu işdən əl çəkməyi heç zaman düşünmürəm. Məhz elə bu səbəbdən ara sıra ölkə xaricində təşkil olunan tədbirlərə müraciət edirəm. Sonuncu belə tədbirə təxminən cari ilin avqust ayının əvvəllərində müraciət etdim. Tədbir haqqında qısa məlumat oxuyan kimi 2 il əvvəl geniş şəkildə araşdırdığım “Bələdiyyə sistemi” yadıma düşdü. Fikirləşmədən müraciət etdim və bir neçə gün sonra zəng edib seçildiyimi və xırdalıqlara qədər bütün xərcləri ödəyəcəklərini söylədilər. Bu, Türkiyə Bələdiyyələr Birliyi (TBB) tərəfindən təşkil edilən “International Local Authorities Internship Program” adlı beynəlxalq tədbir idi. Təbii ki, hər hansı bir tədbirə müraciət etməmişdən qabaq onu təşkil edən qrumu araşdırmaq lazımdır. Bu prinsiplə TBB haqqında qısa bir araşdırma etdim və tədbirin önəmlilik dərəcəsini anladım. TBB 1945-ci ildə yaradılmış, əsas məqsədi Türkiyə ərazisindəki bütün bələdiyyələri bir çətir altında birləşdirmək olan dövlət qrumudur. Birliyin rəhbəri Kadir Topbaş eyni zamanda İstanbul Böyük Şəhər Bələdiyyəsinin və UCLG-nin (United Cities and Local Governments) sədridir.

Beləliklə tədbirdə iştirakla bağlı bütün işləri gördükdən sonra Azərbaycandan seçilmiş digər üç nəfərlə birlikdə yola düşdük İstanbula. Və ilk olaraq ölkəmizdən olan digər iştirakçılarla ətraflı tanışlığım da məhz İstanbulda oldu. İstanbul – Ankara təyyarəsinə gecikdiyimiz üçün növbəti təyyarəni gözləməli idik və bu müddətdə Azərbaycandan olan digər iştirakçılarıa bir neçə mövzunu müzakirə etdik. Elə ordaca əmin oldum ki, bu insanlar həqiqətən də Azərbaycanı ən yüksək səviyyədə təmsil etmək potensialına malikdirlər və seçimlər heç də təsadüfi aparılmamışdı.

Ümumilikdə isə tədbirdə 20 ölkədən 50 iştirakçı iştirak edirdi.

Ankarada hotelə yerləşdiyimiz gün bildirdilər ki, artıq sabahdan ilk görüşlərə start veriləcək. Keçirilən görüşlər, təlimlər, müzakirələr haqqında geniş yazmayacam. Ümumilikdə Ankara, Konya, İstanbul Böyükşəhər Bələdiyyələri başda olmaqla 10-dan çox Bələdiyyə sədri və ya nümayəndəsi ilə görüşlər keçirib müzakirələr apardıq. Təxminən bir həftə ərzində Türkiyə Bələdiyyə sistemini ən incə detallarına qədər öyrənmiş olduq. Müzakirələr zamanı mənə tam şəkildə aydın oldu ki, biz Türkiyənin bu sahədə olan təcrübəsindən istifadə etməklə Azərbaycan bələdiyyə sistemini ən möhtəşəm şəkildə inkişaf etdirib, yerli özünüidarə institutlarının məqsədyönlü fəaliyyətini təşkil edə bilərik.

2 iyul 1999-cu ildə qəbul edilmiş qanuna əsasən Azərbaycanda yerli özünü idarəetmə funksiyasını müstəqil bələdiyyələr həyata keçirir. Bu qanuna əsasən ilk dəfə 12 dekabr 1999-cu ildə Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. Əslində Azərbaycan Respublikası üçün bu ilk təcrübə idi. Bununla da ölkəmiz demokratik idarəçiliyə doğru daha bir addım atmış oldu. Düzdür, Bələdiyyə sistemində görülən işlər təqdirə layiq sayılsa da bu sahədə problemlər hələ də qalmaqdadır. Nəzərə alsaq ki, bu sistem Azərbaycanda yeni tətbiq edilib, bu problemlərin olması başa düşüləndir.

Bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir. Dövlət bələdiyyə mülkiyyətini müdafiə edir, subsidiyalar, kreditlər, qrantlar vermək yolu ilə onun artmasına imkan yaradır.

Yerli büdcələrin mədaxil hissəsi Azərbaycan Respublikasının Dövlət büdcəsi qəbul edilərkən müvafiq bələdiyyələr üzrə hər il nəzərdə tutulur. Əgər minimum yerli büdcənin mədaxil hissəsi göstərilən gəlir mənbələri hesabına təmin edilə bilmirsə, onda Azərbaycan Respublikasının dövlət orqanları Azərbaycan Respublikası Dövlət büdcəsinin digər gəlir mənbələrini bələdiyyələrə verə bilərlər və bu zaman yerli büdcələrin əvvəlki ildən keçən sərbəst qalıqları hesaba alınmır. Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq bələdiyyələr öz ərazisində hasil edilən təbii ehtiyatların istifadəçilərindən haqq (o cümlədən natura şəklində) alırlar. Eləcə də qanunlarımıza uyğun olaraq bələdiyyələr bələdiyyə lotereyaları buraxa bilər, kreditlər alıb-verə bilər, bələdiyyə bankları və digər maliyyə-kredit idarələri yarada bilərlər. Eləcə də istənilən şəxs bələdiyyə büdcəsinə pul keçirə bilər

Bələdiyyələrin səlahiyyətləri daxilində torpaq sahələri mövcud olur. Bələdiyyələr həmin torpaq sahələrini sata, icarəyə verə bilərlər. Torpaqların satılmasından eləcə də icarəyə verilməsindən gələn gəlir isə bilavasitə bələdiyyə büdcəsinə daxil olmalıdır.

Bütün yuxarıda sadaladığım və Bələdiyyələrin əsas özəyi hesab olunan iqtisadi əsaslar Azərbaycan Bələdiyyələrində demək olar ki mövcud deyil. Bunun əsas səbəblərindən biri də müəyyən məsələlərdə insanların Bələdiyyələrə inamsızlıqlarından irəli gəlir. Məsələn, xeyriyyə məqsədilə hansısa bir iş (yol çəkmək, abadlıq işləri görmək və s.) görmək istəyən vətəndaş həmin pulu bələdiyyə büdcəsinə köçürsə, bələdiyyələr də öz növbəsində həmin büdcədən istifadə etməklə analoji işləri görsələr bu proses həm daha ucuz başa gələcək həm də daha professional şəxslər tərəfindən görüləcək ki, bu da işin daha keyfiyyətli olmasına gətirib çıxaracaq. Bundan əlavə Türkiyə Bələdiyyə sisteminə nəzər yetirsək görərik ki, əksər Bələdiyyələr öz büdcələrinin 70-80 faizini Bələdiyyə resursları hesabına əldə edir. Prosesin inkişaf etdirilməsinin aşağıdakı bir neçə mərhələsini qeyd etmək istəyirəm.

1. Bələdiyyə sədrləri və üzvləri. Problemin həllinə ilk növbədə burdan başlamaq lazımdır. Bələdiyyələrdə çalışanlar Azərbaycan və dünya bələdiyyə sistemləri eləcə də, çalışdıqları bələdiyyələr haqqında geniş məlumata sahib olmalıdırlar. Burada bələdiyyələrin gəncləşdirilməsi əsas önəm verilən istiqamətlərdən olmalıdır. Gənclər yeni ideyalarla seçkilərə qoşulmalı, bələdiyyələrin inkişafı üçün çalışmalıdırlar.

2. Büdcə. Dövlət büdcəsindən bələdiyyələrə ilkin addım kimi maliyyə vəsaiti ayrılmalıdır ki, bələdiyyələr baza büdcələrini formalaşdırsınlar. Bundan sonra yuxarıda göstərdiyim gənc, ideyalarla zəngin kadrlar həmin büdcəni doğru istiqamətlərə yönəltməklə bələdiyyə büdcəsini qısa zamanda bir neçə dəfə artıra bilərlər. Bu prosesin əsası qoyuldusa özu-özünü inkişaf elətdirəcək. Məsələn, Türkiyə Bələdiyyə sistemi artıq bu mərhələni keçib və bələdiyyə büdcəsi özünü təmin etmək gücündədir və belə demək mümkünsə yaxın bir neçə ildə dövlətdən asılılıq tamamilə aradan qaldırılacaq.

3. Əhali. Məlum məsələdir ki, regionlarda yaşayan əksər vətəndaşlar bələdiyyəyə ödəməli olduqları əmlak vergisindən yayınır. Hətta illərdir bu vergini ödəməyən insanlar var. Bələdiyyələrin yetəri qədər nüfuza sahib olmaması bu vəsaitlərin məhkəmə və ya başqa yollarla alınmasını çətinləşdirir. Bundan başqa əhali könüllü şəkildə, müəyyən hallarda bələdiyyələrə maliyyə yardımı etməlidir ki, bu da yuxarıda göstərdiyim kimi hər hansı işin daha keyfiyyətli və ucuz görülməsinə gətirib çıxaracaq. Çünki, bələdiyyələrdə analoji işlər peşakar şəxslər tərəfindən həyata keçiriləcək. Yəni, əhalinin maarifləndirilməsi prosesin inkişafında əsas addımlardan hesab olunmalıdır.

4. Yerli İcra Hakimiyyətləri. Bələdiyyələrin fəaliyyətlərinə mənfi təsir göstərən ən mühüm amillərdən biridir. Ölkədə olan özünüidarə institutlarının inkişafı başqa mənada öz təsirini Yerli İcra Hakimiyyətlərinə müsbət mənada göstərəcək. Məsələn, hazırda yerlərdə bütün məsələlərin həlli birbaşa olaraq Yerli İcra Hakimiyyətlərinin öhdəsinə düşürsə artıq bundan sonra bələdiyyələr bu işdə ikinci tərəf rolunu oynamaqla işin yarıya bölünməsinə gətirib çıxaracaq. Bunun da dövlət büdcəsinə gətirəcək xeyri ondan ibarətdir ki, əgər hazırda Yerli İcra Hakimiyyətlərinə bütün maliyyə vəsaiti dövlətdən ayrılırsa, bələdiyyələr bunu özləri qazanacaq.

5. Sədr. Azərbaycan qanunlarına görə bələdiyyə üzvləri seçki yolu ilə seçildikdən sonra sədr üzvlər arasında keçirilən səsvermə yolu ilə seçilir. Belə demək mümkünsə sədri xalq deyil bələdiyyə üzvləri özü seçir. Türkiyə təcrübəsindən istifadə etsək, seçki kampaniyasına sədrliyə seçilmək istəyənlər qatılmalıdır. Bununla da xalq sədri seçməlidir. Artıq, bələdiyyə sədri birbaşa olaraq xalq qarşısında məsuliyyət daşımış olacaq.

Beləliklə, yuxarıda Bələdiyyələrin maliyyə əldə etməsi üçün bəzi yolları sadaladım. Türkiyədəki bir sıra Böyükşəhər bələdiyyələrinə maliyyənin əldə edilməsi ilə bağlı suallar verdikdən sonra qərara aldılar ki, bizə həmin yerlərin bəzilərini nümayiş etdirsinlər. Həmin yerləri görüb haqqında məlumatlar aldıqca sistemin necə mükəmməl işlədiyinin şahidi oldum. Məsələn, bələdiyyə bizneslə məşğul olur, restoran açır, ticarət mərkəzləri, yaşayış binaları tikir, satır və s. Belə demək mümkünsə bələdiyyə daşdan pul çıxarır. Məsələ ondan ibarətdir ki, bir dəfə maliyyə ayrılmaqla bu işlərdən biri görüldüsə bir neçə ilə həmin müəssisə ona xərclənən pulu geri qaytarır və növbəti illər üçün bələdiyyə büdcəsinə əlavə gəlir gətirir. Ardıcıl olaraq həmin gəlirlə ikinci müəssisə açılır artıq gəliri iki müəssisə gətirir. Proses ardıcıl olaraq davam etdirildikdə ortaya inkişaf etmiş, maliyyə imkanları hədsiz olan bələdiyyələr çıxır.

Düzdür, yerli özünüidarəetmə institutları Avropada da, yetəri qədər inkişaf edib amma düşünürəm ki, bizim Türkiyə təcrübəsindən istifadə edərək Bələdiyyələrimizi inkişaf elətdirmək daha məqsədəuyğundur. Çünki, Türkiyə bu modeli müəyyən qədər dəyişdirərək özlərinə uyğun hala gətiriblər. Biz də, eyni təcrübədən istifadə etməklə Azərbaycanda Bələdiyyə sistemini inkişaf elətdirərək tam müstəqil institut halına gətirə bilərik.

OXŞAR XƏBƏRLƏR