"Azərbaycan "Avroviziya 2026"da iştirak edəcək. Hazırda deyə bilməyəcəyim bəzi səbəblərdən bunu rəsmi şəkildə elan etməyimiz gecikir".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycanın "Avroviziya” mahnı müsabiqəsində nümayəndə heyətinin rəhbəri Nurlana Cəfərli deyib.
O, Azərbaycanın "Avroviziyada” iştirak etməyəcəyi haqda yayılan məlumatların əsassız olduğunu bildirib:
"Adətən Azərbaycan avqust ayından başlayaraq rəsmi iştirakını elan edirdi və sentyabr ayının sonuna kimi təmsilçisini seçirdi. Bu il isə bu proses bir az gecikir. Bunun səbəblərini təəssüf ki, sizə açıqlaya bilmərəm. Çünki başqa proseslərə başımız qarışıb. Bunun üçün hələ ki, bir qədər vaxtımız var. Rəsmi təsdiq üçün "İctimai” televiziyanın rəhbərliyinin qərarını gözləməliyik. Rəsmi şəkildə iştirakımız elan edilmədiyi üçün hələ ki, müraciətləri də qəbul etmirik. Bu proses uzana bilər. "Səs Azərbaycanın" qalibinin "Avroviziya"da iştirakına da baxılacaq. Bunların hamısının müzakirəsi gedir. Yaxın zamanda ictimaiyyətə bununla bağlı daha ətraflı məlumat veriləcək".
Xatırladaq ki, "Avroviziya 2026"da çıxış edəcək ölkələrdən 20-si artıq qeydiyyatdan keçərək iştirakını rəsmi şəkildə təsdiqləyib.
Müsabiqənin keçiriləcəyi şəhərin adı isə avqust ayının 20-də açıqlanacaq.
Aysel Hacızadə