Cüdoüzrə 2004 və 2008 Paralimpiya Qızıl mükafatçısı, 2 dəfə Dünya Çempionu və 4 dəfə Avropa Çempionu Ilham Zəkiyev Bakı 2020 Namizədliyini dəstəkləməyi özünə fəxr və borc bildiyini söylədi. “Olimpiya Oyunlarını paytaxtımıza gətirsək bu, bizim üçün böyük şərəf olar. Bizim 2020 Oyunlarına Namizədliyimiz dünyaya müasir Bakımızı tanıtmaq, eyni zamanda, əlilliyi olan gənc idmançılarımızın idmana olan həvəsini və idman potensialını gücləndirmək imkanı verər” – İ.Zəkiyev söyləmişdir.
2008 Pekin Olimpiya Oyunlarının cüdo üzrə Qızıl mükafatçısı Elnur Məmmədli isə öz dəstəyini belə bildirdi: “Olimpiya Oyunlarında iştirak edən və qalib olad bir idmançı kimi mən də Bakının dünyanın ən möhtəşəm idman hadisəsinə ev sahibliyi namizədliyini ürəkdən dəstəkləyirəm. Olimpiya Oyunları Bakıda keçirilməsi Azərbaycanda yeni idman növlərinin inkişafına səbəb olacaq və bir çox gənc qadın və kişi idmançılarımıza böyük ruh yüksəkliyi gətirəcək. Biz Azərbaycanda nümunəvi Olimpiya Oyunları keçirməyə hazırıq və layiqik.”
Olimpiya Oyunlarının atıcılıq üzrə Qızıl (2000) və Bürünc (2004) mükafatçısı Zemfira Meftəhəddinova isə bunları söylədi: “Olimpiya Oyunları həm Azərbaycan xalqı üçün unudulmaz bir təcrübə olacaq, həm də, dünya xalqları üçün unudulmaz təəssüratlarla yadda qalacaq. Azərbaycanlılar çox qonaqpərvər xalqdır, və biz sübut etmişik ki, dünya səviyyəli idman tədbirlərini keçirməyə qadirik. Bakı Olimpiya Oyunlarına layiqdir!”
Güləş üzrə Olimpiya çempionumuz Namiq Abdullayev də dəstəyini qeyd etdi: “2020 Olimpiya Oyunlarını qazanmağımız Olimpiya Çempionu olmaq qədər şərəflidir. Oyunlara ev sahibliyi Azərbaycan və Bakımızın bütün dünyada nüfuzunu qaldıracaq, və dünya əhalisinə bizləri yaxından tanıdacaq. Bakı 2020 Namizədliyi ürəkdən dəstəkləyirəm və uğurlar arzu edirəm”
Yunan-Roma güləşi üzrə Olimpiya Çempionumuz Fərid Mənsurov da ümidlərini bildirdi: “2004 Afina Olimpiya Oyunlarında Yunan-Roma güləşi üzrə Olimpiya Çempionu olmağım mənim üçün dünyalara bərabər sevinc hissləri bəxş etdi. Güləş həm Azərbycan, həm də, Yunanıstanın qədim idman növləri olaraq hər iki dövləti bir-birinə daha yaxın etdi. Mən də Bakının 2020 Namizədliyini tam dəstəkləyirəm və inanıram ki. Olimpiya Oyunları Bakıda keçirilərsə bu bizi dünya xalqları ilə daha da yaxınlaşdıracaq.”
2004 Olimpiya Oyunlarının atıcılıq üzrə Bürünc mükafatçısı İradə Haşımova isə Bakı 2020 Oyunlarının Azərbaycanda qadın idmanının inkişafına böyük təkan verəcəyinə inanır. “Qadın idmanının inkişafı çox vacibdir. Azərbaycanda bu sahədə ciddi addımlar atır. Hamı bilməlidir ki, Azərbaycan dünyada qadınların səsvermə hüququnu tanıyan və tətbiq edən ilk dövlətlərdən biridir. Mən də idmançı olaraq Olimpiya məşəlinin 2020-də Bakıya gətirilməsini arzu edirəm və dəstəkləyirəm”
Atçılıq idman növü üzrə London 2012 Olimpiya Oyunlarına vəsiqə qazanan Camal Rəhimov bunları söylədi: “Azərbaycanımızın məşhur Qarabağ atları dillər əzbəridir və mən də Azərbaycanı tanıtmaq üçün atçılıq idman növü üzrə ilk Azərbaycanlı kimi Pekin Olimpiya Oyunlarında iştirak etmək şərəfini qazanmışdım. Pekin oyunlarından sonra mən bu idman npvünə Azərbaycanda marağın xeyli artdığının şahidi oldum. Azərbaycanlıların idmana böyük həvəsi və marağı var. Olimpiya Oyunları Bakıda keçirilərsə Azərbaycanda yeni idman növləri xeyli inkişaf edəcək.”
Məşhur şahmatçımız Teymur Rəcəbov da dəstəyini bildirir: “Çox sevinirəm ki. Bakı 2020 Olimpiya Oyunlarına Namizədliyini irəli sürüb. Bu bizim idmançılarımız üçün öz güclərini nümayiş etdirmək üçün daha geniş imkan yaradacaq. Fiziki və ya intellektual idman növündən aslı olmayaraq Olimpiya Oyunları əhalimizi geniş təbəqisinin idmana olan marağını xeyli artıracaq”
Bakı 2020 Təşkilat Komitəsinin İcraçı Direktoru Könül Nurullayeva məşhur idmançıların dəstəyinə münasibətini bildirmişdir: “Azərbaycanın elitar idmançılarının, bizim idman qəhrəmanlarımızın Bakını namizədliyini dəstəkləməsini alqışlayıram. Onlar dünya idman arenalarında mübarizə və qələbənin nə olduğunu gözəl bilirlər. Mən idmançılarımıza Bakı 2020 Səfirləri rolunda çıxış etməklərinə görə dərin minnətdarlığımı bildirirəm və 2020 Olimpiya və Paralimpiya Oyunlarının Bakıda keçirmək arzumuzu onların möhtəşəm qələbələrinə ehtiram kimi görürəm”
Bakının Namizədlik sənədləri 14 Fevral 2012 tarixində İsveçrənin Lozan şəhərində yerləşən Beynəlxalq Olimpiya Komitəsinə təqdim ediləcək.