Azərbaycanı qarışdıran 'Daş yuxular' əsərini oxuyun

MARAQLI
02:18 08.02.2013
6674
“Nə şair bilirlər, nə aktyor, nə yazıçı... Denən ki, filankəs ermənidi, vəssalam”“Qafqazinfo” Azərbaycanın görkəmli yazıçısı, istiqlal və şöhət ordenli Əkrəm Əylislinin bütün ölkəni bir-birinə vuran, günlərdir gündəmi zəbt edən “Daş yuxular” romanını tərcümə edib. Bu gündən başlayaraq həmin əsəri hissə-hissə, hər gün olmaqla dərc edəcək. Qeyd edək ki, yazıçı “Qafqazinfo”nun tərcümə təşəbbüsünə qarşı çıxaraq müəllif hüquqlarının pozulacağı təqdirdə özünü məhkəmədə müdafiə edəcəyi haqda xəbərdarlıq etmişdi. Lakin portal olaraq, biz bildiririk ki, bu əsəri tərcümə edib yaymaqda heç bir qazanc məqsədi güdmürük. Bütün ölkədə müzakirə olunan əsəri tərcümə edərək yaymağı bir jurnalist peşəkarlığı hesab edirik. Buna görə də, dəyərli Əkrəm Əylislidən üzr istəyirik. Beləliklə, ilk hissəni oxuyun.“Daş yuxular”BİRİNCİ HİSSƏBakının ən böyük xəstəxanalarından birinin travmatalogiya şöbəsinə gətirilən xəstənin vəziyyəti çox ağır idi. Özündən getmiş xəstəni arabada binanın o biri tərəfində yerləşən əməliyyat otağına qədər uzanan alaqaranlıq dəhlizlə aparırdılar. Arabanı ağ xalatlı iki qadın və iki kişi aparırdı. Cərrah özü də arabanın yanıyla gedirdi. Bu saçı seyrək, orta boylu, arıq, öz həmkarlarından təmkini, qərarlı görünüşü və amiranə ciddiliyi ilə seçilən bir adam idi. Xəstəxana həyatı üçün adi olan bu mənzərədə yersiz görünən bir şey vardısa, o da xəstəni xəstəxanaya çatdıran adamın üzündə, hərəkətlərində aydın-aşkar nəzərə çarpan faciəvi komiklik idi. Bu balacaboy, 55-60 yaşlı, arıq sifətinə uyğun gəlməyən yekəqarın kişi fırfıra kimi dayanmadan doktorun başına dolanıb eyni sözləri təkrar edirdi: – Doktor, əziz, doktor, öldürdülər... Bu cür adamı, günün günorta çağı, xurd-xəşil elədilər, məhv elədilər. Yerazlar elədi, doktor, yerazlar. 5-6 yeraz gədəsi. Bu qancıq balaları köçgünlər heç kimə hörmət eləmir, doktor, canım-gözüm doktor. Heç kimi hərləmirlər. Nə şair bilirlər, nə aktyor, nə yazıçı... Denən ki, filankəs ermənidi, vəssalam. O dəqiqə ayaqlarının altına salıb vəhşi kimi təpikləyəcəklər. Tikə-parça eləyəcəklər, heç kimin də hünəri çatmayacaq yaxın getsin. Mən onlara deyirəm ki, döyməyin, bu erməni deyil, bu bizimkidi, bizim xalqın balasıdı, millətimizin qürurudu, vicdanıdı. Eşidən kimdi? Heç qoymadılar ki, öz adımı deyim. Böyrümdən nətər təpik vurdularsa ,az qaldı nəfəsim kəsilsin elə yerimdəcə öləcəkdim. Baxın doktor, sağ tərəfimə, bax bura, elə vurdular ki... dəhşət ağrıyır. Doktor xəstəni gətirən adamın dediklərini elə də yaxşı başa düşmürdü. Bəlkə də, başa düşmək istəmirdi. Bəlkə, bu – dayanmadan donquldanan, vurnuxan, qəhvəyi, dama-dama köynəyin üstündən sarı qalstuk taxan gülməli kişinin dediklərini heç eşitmirdi də.Amma kənardan diqqətlə izləyən biri olsaydı doktorun arabir dodaqaltı gülümsədiyini gözdən qaçırmazdı. Ona görə yox ki, xəstəni xəstəxanaya çatdıran adamın hər sözündən, hər hərəkətindən kədərli komiklik yağırdı. Güman ki, xəstəxananın bu təkərli yatağında huşsuz vəziyyətdə uzanan arıq, ucaboy adamla onun tam əksi olan balaca, gombul və gülməli adam, doktora Don Kixotla Sanço Pansanın kədərli macəralarını xatırladırdı. Əməliyyat otağının qapısına çatanda kişilərdən biri sarı qalstuklu gülməli adamın önünü kəsmək istədi. – Buraxın onu, – həkim dedi. – Sözlü adama oxşayır, qoy ürəyini boşaltsın.Dəhlizlə müqayisədə xeyli kiçik olan əməliyyat otağı özlüyündə geniş bir məkan idi, hündür tavanı, iri pəncərələri vardı. Otağın ortasında mələfəylə örtülmüş əməliyyat masası xəstəni gətirdikləri xərəki xatırladırdı. Arabanı gətirən ağ xalatlı 2 kişi xəstəni əməliyyat masasına keçirib baxışlarıyla həkimdən icazə istəyib otaqdan çıxdı. – Peroksid! – cərrah ucadan tibb bacılarına bu sözü deyərək, xalatının qollarını çırmaladı. – Onun üzünü silin – deyərə,k xəstənin qanlı sifətinə baxıb dodaqaltı nəsə söyüş işlətdi və xəstənin yoldaşına üzünü tutaraq soruşdu: – Kim onu bu hala salıb? – Mən sizə deyirəm axı, doktor: yerazlar. Ermənistandan gələn bu qaçqın köpəyuşağı. Üzünü dağıtmaqları bəs eləmədi, yerə yıxıb qarnına vurdular. Hələ yaxşı ki, mən özümü çatdırdım, doktor. Səhər tezdən hava almağa çıxmışdım o lənətə gəlmiş parapetə. Bir də uzaqdan gördüm ki, fontanların yanında 5-6 bığlı əclaf bir nəfəri çırpır. Adamlar da qıraqda dayanıb tamaşa edirlər... - Birdən o, dili topuq vura-vura nəsə dedi. Dodaqları tərpənirdi, amma, elə bil, sözlər xirtdəyinəcən gəlib qayıdırdı. – Perikis bitib, doktor, – tibb bacılarından biri mümkün qədər üzrlü tərzdə dedi (qadınlardan biri yaşlı idi, birisə çox ca.van) – Spirt olmalıdı, deyəsən, – cərrah ümidsizcə dilləndi. – Yox, doktor, nə vardısa dünən işlənib.Yaxşı, suyla yuyun. Marqans çox tökməyin – Doktor küncdəki əlüzyuyana yaxınlaşıb əllərini sabunladı. Sonra masaya yaxınlaşıb dedi: – Əynindəkiləri çıxarın, təkcə tumanda qalsın. Xəstə qan içində elə sakit uzanmışdı, elə bil, parapetdə döyülən o yox, onun qatı düşməni idi. Arada xırıltıyla inildəsə də sakitcə yatırdı. Özü də, deyəsən, sadəcə yatmırdı, yuxu da görürdü. Hiss olunurdu ki, gördüyü yuxu nədisə ona yaman xoş gəlir.Qadınlar xəstəni yuyub, təmizlədiyi vaxtda həkim onun nəbzini yoxladı. Qadınlar onu soyunduranda həkim diqqətlə izləyib, sanki, özünə hesabat verir ya kiməsə diktə edirmiş kimi: – İki tikiş alt dodağına qoyulsun, çənə nahiyəsində sınıq müşahidə olunmur, sol əlində iki çıxıntı var – dirsəyində və biləyində. Sağ əlinin iki barmağı burxulub: böyük və orta barmaq. Sol ayaqda ağır əzələ travması var, sağ ayağının diz qapağı sınıb, kürəyində, döş qəfəsində ciddi xəsarətlər görünmür, kəlləsində də elə ciddi təhlükə gözə dəymir. Həkim susdu və sonra yenə ürəyində söydü. – Sotryaseniye mozqa! (beyin silkələnməsi) – Nədənsə bərkdən və rus dilində dedi. Sonra cibindən burun yaylığını çıxarıb alnının tərini silərək əlavə etdi: Vəhşicəsinə döyülüb! – Həkimin hər sözündən sonra xəstəni gətirən adamın üzündə üzüntü, iztirab yaranırdı. O, özünü zorla saxlayırdı ki, ağlamasın. Doktor müayinəni bitirəndə onun da dözümü “bitdi”. Küskün uşaq kimi hönkürdü. Cavan tibb bacısının da gözləri doldu. Yaşlı qadın da kövrəldi. Həkim bu adama acıyırdı. Onu sakitləşdirməyə başladı: – Neynirsiz? Belə olmaz. 15 gündən sonra sizin dostunuz yenidən doğulmuş kimi olacaq. Həkim başını aşağı salıb fikrə getdi. Birdən başını qaldırıb soruşdu: – Sən deyirsən ki, bu adam ermənidi? Həmin gülməli adam təəccüblə gözünü döydü. - Hə, siz onu tanımırsız ki? Siz Saday Sadığlını tanımırsız? Azərbaycan teatrının qüruru, bir nömrəli aktyor. Siz, doğrudan, bu böyük sənətkarı tanımırsız, doktor? Heç televizorda da görməmisiz? Siz məni yəqin televizorda görmüş olarsız, doktor. Yəqin yadınızda qalmamışam. Mən Nuvariş Qarabağlıyam, komediya ustası. Məni tanımaya bilərsiz, incimirəm də. Ancaq Saday Sadağlını tanımayan adam yoxdu.Otellonu, Hamleti, Aydını, Kefli İskəndəri heç kim onun kimi oynamayıb. – Mən sizi o dəqiqə tanıdım, – cavan tibb bacısı qürurunu gizlətmədən dedi. – Mən sizin ikinizi də tez-tez televizorda görmüşəm, – niyəsə bir az naz-qəmzəylə dilləndi yaşlı qadın. – Fərzəni həkimin günahı yoxdu, o 30 ildən çox Moskvada yaşayıb. Heç 3 deyil ki, Bakıya qayıdıb.Həkimin onları niyə tanımadığını anlayan kimi aktyor xeyli yüngülləşdi. Tibb bacılarının onu tanıdıqlarını niyə o dəqiqə dilə gətirmədiklərini isə özlüyündə belə yozdu ki, yəqin həkimdən çəkiniblər. Nüvariş Qarabağlı başa düşdü ki, dediklərinin hamısı həkimin qulağından yan keçib. Ya o çox fikirlidi, ya da ola bilsin o – Nüvariş Qarabağlı həyəcandan lazım olan sözləri tapıb deyə bilməyib. Bu səfər o özünü toparlayıb parametdə baş verənləri daha dəqiq və daha sadə şəkildə danışmağa girişdi. – Hadisə belə olub, doktor. Mən səhər şəhərdə gəzirdim. Saat ya 10:00, ya 11:00 olardı. Parapetdə fantanlı bir yer var, – siz, yəqin, görmüsüz. Orda qəfildən dəhşətli bir bağırtı eşidildi. Kimsə, elə bil, ulayırdı. Sən demə, bu qoca ermənidi. Çörək almağa çıxıb və yerazların əlinə keçib. Elə ev geyimində imiş – şəpikdə-zadda. Mən özümü çatdıranda yazıq artıq öldürülüb hovuza atılmışdı. Gözləri açıq qalmışdı, düz, mənə baxırdı. Mən şəxsən onu necə öldürdüklərini görməmişəm. Orda olan adamlar danışdılar ki, ermənini əvvəlcə soyuq hovuza atıblar. O da qoca kişi idi, orda çox qala bilməzdi, çıxmaq istəyəndə təpiklə vurub təzədən suya salıblar. Ölənə qədər beləcə təpikləyiblər.Tərcümə edən: Aysel Əlizadə
OXŞAR XƏBƏRLƏR