Azərbaycanın 7-ci medalı

İDMAN
08:34 10.08.2012
1967

Ötən gün London Olimpiadasında Azərbaycan növbəti medalına sahib olub.

AXEBER.COM-un məlumatına görə, bu uğuru yığmamıza qadın güləşçimiz Yuliya Ratkeviç (55 kq) qazandırıb.

O, 1/4 finalda uduzsa da, təsəlliverici görüşlərdə uğurla çıxış edərək, fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Bununla da ölkəmizin qazandığı medalların sayı 7-yə çatıb. Yuliyadan öncə Rövşən Bayramovla (55 kq, yunan-Roma güləşi) Mariya Stadnik (48 kq, qadın güləşi) gümüş, Valentin Xristovla (56 kq, ağırlıqqaldırma) Emin Əhmədov (yunan-Roma güləşi, 74 kq) bürünc medala yiyələniblər. Onlardan əlavə, boksçularımız Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) yarımfinala çıxmaqla ən azı 3-cü yeri özlərinə təmin ediblər.

İlk mərhələdən azad olan güləşçimiz 1/8 final mərhələsi çərçivəsində yunanıstanlı Mariya Prevolaraki ilə qarşılaşıb. Görüş həmyerlimiz üçün çətin alınsa da, yekunda qalib gəlməyi bacarıb. Birinci hissəni 2:0 hesabı ilə xeyrinə bitirən Yuliya ardınca 1:0 hesabı ilə rəqibini məğlub edib.

Lakin o, 1/4 finalda ciddi rəqabətlə üzləşib. Güləşçimiz daha güclü yaponiyalı Saori Yoşida ilə görüşdə özünü doğrulda bilməyib. Nəticədə hər 2 hissədə güclü olan (1:0, 2:0) asiyalı mərhələ adlayıb.

Ratkeviç isə medal şansını itirməyib. Saori finala çıxdığından güləşçimiz 3-cü yer uğrunda təsəlliverici görüşlərə qatılıb. Onun burada ilk rəqibi amerikalı Kelsi Kampbell olub. Təmsilçimiz üçün asan keçən görüşdə rəqib xal belə qazana bilməyib və Yuliya hər 2 hissəni xeyrinə başa vurub – 4:0, 1:0.

İdmançımız bürünc medal uğrunda rusiyalı Valeriya Jolobova ilə güləşib. 19 yaşlı rəqib Ratkeviçə heç bir müqavimət göstərə bilməyib. O, ilk hissədə 0:6, növbəti 2 dəqiqədə 1:2 hesabı ilə uduzub. Nəticədə Yuluya Azərbaycana növbəti medalı qazandırıb. Bu, həm də Londona 2 idmançı ilə yollanan qadın güləşi üzrə millimizin 2-ci medalı olub.

Qeyd edək ki, qadın güləşində ilk olaraq qüvvəsini sınayan Mariya Stadnik (48 kq) London Olimpiadasını 2-ci yerdə başa vurub.

OXŞAR XƏBƏRLƏR