xari

Azərbaycanın açıq xarici siyasəti: - Etibarlı tərəfdaşlıq və milli maraqlar...

SİYASƏT
12:24 06.03.2021
287
Dünyanın siyasi arenasına, dövlətlərin beynəlxalq müstəvidə yürütdüyü siyasətlərə nəzər yetirdikdə hansı ölkələrin etibarlı tərəfdaş olduğunu açıq-aşkar görmək mümkündür. Sözdə, əməldə bir olan, üzərinə düşdüyü öhdəlikləri icra edən dövlət heç şübhəsiz ki, layiqli və etbibarlı tərəfdaş imici qazanır. Sözsüz ki, bütün bunları etmək üçün konkret müstəqil siyasətə, siyasi iradəyə, hərbi və iqtisadi gücə malik olmalısan. Davamlı və məqsədli siyasətin ardıcıllığı, beynəlxalqaləmdə insani ideyaları müdafiə etmək, haqqın yanında durmaq tərəfdaşlıqda, dostluqda Azərbaycanın yerini və sözünü möhkəmləndirib.  Bu baxımdan ölkəmiz müstəqilliyini elan etdikdən sonra regional və beynəlxalq aləmdə həyata keçirilən, iştirakçısı olduğu bütün layihələrdə öz yerini və tərəfdaş ciddiyyətini uğurla qoruyub saxlayır. Azərbaycanın iştirak etdiyi layihələrlə bağlı vaxtında verdiyi qərarlar, gördüyü tədbirlər, öhdəliklərinə məsuliyyətli yanaşması və qarşılıqlı mənafeləri qoruması onun imicini yüksəldib, etibarlı tərəfdaş olduğunu sübut edib. Azərbaycanın etibarlılığı onunla birgə layihələr icra etmək niyyətinə düşən ölkələrin sayını artırıb. Çünki rəsmi Bakının sadiqliyi, dürüstlüyü və başladığı işi başa çatdırmaq əzmi, təzyiqlərə və təhdidlərə baxmadan üzərinə götürdüyü öhdəliyi icra etməsi heç bir halda diqqətdən kənar qala bilməzdi. Yeri gəlmişkən qeyd olunmalıdır ki, Azərbaycan öz etibarlılığını təkcə sosial-iqtisadi sahələrdə göstərmir. Eyni zmanda tərəfdaşlığını siyasi və hərbi-təhlükəsizlik sahələrində də sübut etmiş ölkələrdəndir. Hər kəsə bəllidir ki, hərbi sahədə davamlı və etibarlı tərəfdaş olmaq çox çətindir. Çünki dünyanın güc mərkəzlərinin davamlı olaraq təzyiqlərinə qarşılıq verməli olursan. Ölkəmizin əldə etdiyi hərbi gücü və iqtisadi uğurları bütün təzyiqlərin öhdəsindən asanlıqla gəlməsinə səbəb olmuşdur. Biz bunun bariz nümunələrini 44 günlük Vətən Müharibəsi zamanı gördük. Dünyanın bir çox ölkələrinin açıq-aşkar təhdidlərinə baxmayaraq Rəsmi Bakı qətiyyətindən dönmədi. Prezident İlham Əliyevin xarici mətbu orqanlarına verdiyi çoxsaylı müsahibələrindən də bəlli oldu ki, Azərbaycan özünün haqlı bildiyi işini, dğru bildiyi mövqeyini heç kimim hərbi və digər maraqlarıına qurban verməyəcək. 

Ölkəmiz bu günə qədər üzərinə götürdüyü bütün öhdəliklərini qətiyyətlə yerinə yetirən azsaylı etibarlı tərəfdaşlardandır. Rəsmi  Bakının "imzasına” sadiqliyi  əməkdaşlıq etdiyi ölkələrdə rəğbətlə qarşılanıb, etibar qazanıb, bərabərhüquqlu tərəfdaş kimi qəbul edilib. Ona görə də tərəfdaşlarımız müxtəlif layihələri bizimlə birgə icra etməkdə maraqlıdırlar. Çünki bu illər ərzində müşahidə etdikləri onlarda belə bir əminlik yaradıb ki, Azərbaycan faydalı və sadiq əməkdaşdır. Çünki rəsmi Bakı hər zaman müttəfiqləri ilə səmimi olub. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında vaxtaşırı olaraq xarici siyasətin əsaslarına toxunub, onları izah edib. Bu, çox açıq və prinsipial siyasətdir. Ona görə də deyə bilərik ki, Azərbaycanın xarici siyasətində heç bir gizli məqam yoxdur və bu siyasət bizim milli maraqlarımıza əsaslanır və yalnız əməkdaşlığın möhkəmlənməsi üçün nəzərdə tutulur. Sözsüz ki, bu siyasət kursunu həm qonşularımız, həm də bizə coğrafi baxımdan qonşu olmayan ölkələr də müşahidə edirlər. Onu da qeyd etmək yerinə düşər ki, rəsmi Bakı beynəlxalq təşkilatlarla əməkdaşlıqda da qarşılıqlı maraq və mənafelərin qorunması istiqamətində çıxış edir. Beynəlxalq hüququn təməl prinsiplərinə hörmətlə yanaşır və həyata keçirir. Bu illər ərzində BMT və digər beynəlxalq təşkilatların əsas prinsiplərinə sadiq qalıb və müxtəlif beynəlxalq təşkilatlarda səsvermələr zamanı ədalətli qərar verib. Xüsusi ilə vurğulanmalıdır ki,  rəsmi Bakı qarşılaşa biləcəyi bütün çətinlikləri gözardına alaraq beynəlxalq təşkilatlarda səsvermə çərçivəsində Gürcüstanın, Moldovanın, Ukraynanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və yenə dəstəkləyir. Həmin ölkələr tərəfindən də Azərbaycanın ərazi bütövlüyü dəstəklənib. Ona görə də deyə bilərik ki, bu günə qədər formalaşmış imicimizi bundan sonra da nəyin bahasına olur-olsun davam etdiriləcək və bütün zəhmətlərə, əziyyətlərə, təhdidlərə və təhlükələrə baxmayaraq həyata keçirdiyimiz siyasəti davam etdirtəcəyik. Çünki Azərbaycanın daimi inkişafı, uğurları bu yoldadır. Bizim bu mövqeyimiz zamanın və tərəfdaşların sınağından çıxmış mövqedir. 

44 günlük Vətən Müharibəsindəki qələbəmizdən sonra Azərbaycanın həm siyasi arenada, həm də regional iqtisadi layihələrdə mövqeyi möhkəmlənib. Açıq şəkildə deyə bilərik ki, ölkəmiz Cənubi Qafqaz regionunda ən sabit və ən qüdrətli lider dövlətə çevrilib. Bu da rəsmi Bakıya müxtəlif layihələri icra etməyə əlavə üstünlüklər verir. Eyni zamanda rəsmi Bakının 1990-cı illərdən etibarən beynəlxalq əhəmiyyət kəsb edən enerji, nəqliyyat, infrastruktur, logistika və digər sahələrdə iştirak etdiyi layihələrin hamısını uğurla başa çatdırması tərəfdaşlara yeni layihələrə, yeni idayelayarı reallaşdırmağa sövq edir. Ölkəmizin dünya, Avropa və qonşu dövlətlər üçün qaz təchizində göstərdiyi etibarlılıq, üstəlik təkcə özümüzü deyil, eyni zamanda xaricə ixrac etmək üçün böyük miqdarda elektrik enerjisi istehsal etməyimiz Azərbaycanın cəlbediciliyini bir qədər də artırıb. O da qeyd olunmalıdır ki, nəqliyyat dəhlizlərinin yeni imkanlarını və bir çox başqa amilləri nəzərə almaqla, Xəzər dənizi, Qara dəniz regionunda nəqliyyat-logistika əməkdaşlığının çox perspektivli istiqamətlərini müəyyən etmək olar və Azərbaycan bu istiqamətdə işlər görür. 

Vətən Müharibəsinin sonucunda əldə edilən razılaşmalarla yeni regional dəhlizlər yaranır. Bu dəhlizlərin "şah damarın”ı, əsas aparıcı qüvvəsini isə Azərbaycan təşkil edir. Deməli, Azərbaycan özünün coğrafi mövqeyindən, hərbi və iqtisadi gücündən istifadə edərək regionda yeni-yeni və çox böyük iqtisadi layihələrin reallaşmasına səbəb olacaq və bundan da böyük faydalar, mənfəətlər əldə edəcəkdir. Süzsüz ki, son nəticədə, yəni bütün bunların nəticəsində Azərbaycan insanının, vətəndaşının sosial rufahı daha da yaxşılaşacaq, yaşayış səviyyəsi daha da yüksələcəkdir. 

Seymur Qasımbəyli 

OXŞAR XƏBƏRLƏR