Dünyanın ən yaxşıları sırasına Azərbaycandan yalnız Xəzər Universiteti düşə bilib
Ölkəmizin ali təhsil ocaqlarının səviyyəsi artıq beynəlxalq qurumlar, xarici təşkilatlar səviyyəsində də fəal şəkildə qiymətləndirilir. Artıq 8 ildir ki, dünya ölkələrinin məşhur ali məktəblərinin reytinq cədvəlini açıqlayan İspaniyanın Dövlət Elmi Tədqiqat Mərkəzi bu dəfə öz qiymətləndirilməsini ölkəmizin 38 ali təhsil ocağına da tətqiq edib. Reytinq cədvəlinə görə, dünya universitetləri arasında Rusiyanın 288, Türkiyənin 112 ali məktəbi dünyanın ən yaxşı universitetləri sırasına aid edildiyi halda Azərbaycandan yalnız 1 universitet - Xəzər Universiteti yer tuta bilib. Azərbaycandan Xəzər universiteti 6233 yerdə qərarlaşıb. Azərbaycan universitetləri arasında aparılan reytinq sıralaması ilə belədir: 1) Qafqaz Universiteti, 2) Xəzər Universiteti, 3) Azərbaycan Diplomatik Akademiyası, 4) Bakı Dövlət Universiteti, 5) Azərbaycan Tibb Universiteti. Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Musa Qasımlı hesab edir ki, ümumiyyətlə, nüfuzlu tədqiqat mərkəzlərinin reytinq cədvəlində Azərbaycan universitetlərinin yer alması, əslində, sevindirici haldır. Amma bu cədvəldə universitetlərin sayının azlıq təşkil etməsi həm də bir sıra amillərlə bağlıdır. Millət vəkilinin sözlərinə görə, beynəlxalq təşkilatlar reytinqi bir neçə meyar əsasında müəyyənləşdirir. Burada universitetlərin beynəlxalq aləmdə tutduğu yer, elektron -virtual dünyada gücü və bir çox başqa amillər əsas götürülür. Ekspert Vüqar Bayramov isə reytinq cədvəlində özəl universitetlərin dövlət ali məktəbləri ilə müqayisədə daha yüksək pillələrdə yer almasını özəl təhsil müəssisələri arasında rəqabətin dövlət universitetlərinə nisbətən daha güclü olması ilə əlaqələndirir. İspaniyanın Elmi Tədqiqat Mərkəzi 23 min universitet arasındakı reytinq cədvəlində ən çox təmsil olunan ölkələr ABŞ, Çin və Yaponiyadır.