Bakı vaxtı ilə saat 1:35 radələrində Fransız Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılan “Azerspace-1” peyki startdan 34 dəqiqə sonra daşıyıcı raketin gövdəsindən ayrılıb. ABŞ-ın “Orbital Sciences” korporasiyası tərəfində STAR-2 platforması əsasında hazırlanmış “Azerspace-1” peyki orbitə Fransanın “Arianespace” şirkətinin yüksək etibarlılığı ilə seçilən “Ariane-5” daşıyıcı raketi ilə buraxılıb.
Azərbaycanın ilk telekommunikasiya peyki Malayziyanın “Measat Satellite Systems” şirkəti tərəfindən istifadə olunan və “Azərkosmos” ASC-yə icarəyə verilən 46 dərəcə Şərq uzunluq dairəsində geostasionar orbitdə yerləşəcək.
MEASAT şirkəti “Azerspace-1” layihəsinin həyata keçirilməsi, peykin idarəsi üzrə texniki heyətin ixtisas səviyyəsinin artırılması, kosmik sənayeyə dair təcrübə mübadiləsi kimi bir sıra mühüm işlərdə “Azərkosmos” ASC ilə ilk gündən yaxından əməkdaşlıq edir. Digər tərəfdən MEASAT şirkəti “Azərkosmos”un təklif etdiyi xidmətlərdən istifadə edəcək əsas müştəri qismində çıxış edir. 1992-ci ildə Malayziyanın sabiq Baş naziri Mahathir Mohamadın təşəbbüsü ilə təsis edilən şirkətin ilk süni peyki 1996-cı ildə orbitə buraxılmışdır. Daha sonra fəaliyyətini genişləndirməyə başlayan şirkət yerli tələbatla yanaşı, dünya ölkələrinin də sifarişlərini yerinə yetirir. Malayziya ilə yanaşı, Asiya və Afrikaya, o cümlədən Sakit okean hövzəsində yerləşən regionlara yüksək keyfiyyətli peyk xidmətləri və həlləri təklif edən şirkətin peyklərinin əhatə dairəsi bütövlükdə 145 ölkəni və dünya əhalisinin 80 faizinin yaşadığı geniş bir coğrafiyanı əhatə edir. Hazırda şirkətin orbitdə 4 süni peyki istismardadır.//anspress