'Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihə uğur qazana bilməz'
13:34 27.06.2012
1122
Azərbaycanın strateji mövqeyi ölkəni qlobal enerji infrastrukturu mərkəzinə çevirib. Bu imkanlar eyni zamanda Azərbaycanı təhlükəsizlik problemləri ilə üz-üzə qoyur. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Konqresi və Festivalında çıxışında deyib.Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi, ölkə ərazilərinin işğalı Azərbaycanın Qərbə inteqrasiyasını çətinləşdirir: “Azərbaycan ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal olunub, 1 milyon qaçqın və məcburi köçkün ordusu yaranıb. Ermənistan Azərbaycanın mədəni-tarixi abidələrinin talanmasını həyata keçirir və etnik təmizləmə siyasəti aparır. Baxmayaraq ki, BMT-nin Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad olunması ilə bağlı 4 qətnaməsi mövcuddur, Ermənistan hökuməti bu qərarlara əhəmiyyət vermir. Biz bilirik ki, Azərbaycan ərazilərindən işğalçı qüvvələrin çıxarılması ölkənin, həmçinin regionun inkişafına böyük təkan verəcək”.