Azərbaycanın karate üzrə milli yığma komandasının baş məşqçisi, ölkəmizin karate üzrə ilk dünya çempionu, Milli Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmovun müsahibəsi
- İlk növbədə onu qeyd edim ki, karatenin bir idman növü kimi Azərbaycanda özülü olduqca möhkəm qoyulub. Əsası Ülvi Quliyev başda olmaqla Əhməd Hətəmov, Fizuli Musayev və Yaşar Bəşirov tərəfindən qoyulan Azərbaycan karatesi bu gün özünün yeni inkişaf mərhələsinə qədəm qoyur. İdmançılarımızın nailiyyətləri il-ildən artır Təsadüfi deyil ki, təkcə 2012-ci ildə karateçilərimiz dünya və Avropa çempionatlarında uğurlu nəticələr göstəriblər. Moskvada keçirilən karate üzrə Avropa çempionatında milli komandamız qalib olub.Parisdə baş tutan dünya çempionatında isə 2 gümüş (Rəfael Ağayev-75 kq, çəki dərəcəsi, Şahin Atamov-84 kq), bir bürünc(Ayxan Mamayev-84 kq) medal əldə etmişik. Əslində biz dünya çempionatına da iddialı qatılmışdıq. Sadəcə hakim heyətinin bəzən qeyri-obyektivliyi, keçirilən yarışlarda tərəf kimi çıxış etməsi bizi dünya birincliyində çempion olmaq imkanlarından məhrum etdi. Amma buna baxmayraq, biz ruhdan düşmürük. MDB ölkələri arasında Azərbaycan yeganə ölkə oldu ki, dünya çempionatında nəticə göstərə bildi. Digər postsovet ölkələri isə bu yarışmada ümumiyyətlə medal qazana bilmədilər. Biz fəxr edirik ki, azərbaycanlı idmançı Rəfael Ağayev dünyanın reytinq cədvəlində ən güclü karateçi adına layiq görülüb. O, dördqat dünya, onqat Avropa çempionudur. Dünya Karate Federassiyasının prezidenti onu dünya karatesinin “briliyantı” adlandırır. Bütün bunlar da öz növbəsində təsadüfi deyil. Azərbaycan yeganə ölkələrdəndir ki, burada idmana ölkə başçısı səviyyəsində dəstək göstərilir. Dünya və Avropa yarışlarında uğur qazanan elə bir idmançı yoxdur ki, Cənab Prezident onun nəticələri ilə şəxsən maraqlanmasın. Bu gün idmançılara bütün imkanlar yaradılıb. İdmançılarımızı stimullaşdırmaq üçün onlar mənzil, maşın, fəxri ad və digər imtiyazlarla təmin olunub.
Bu da heç şübhəsiz idmançılarımızı qələbəyə daha da ruhlandırır. Biz Prezidentimizlə fəxr edirik. Gənclər və İdman Nazirliyinin, şəxsən nazir Azad Rəhimovun, Azərbaycan Karate Federassiyaları Asossiasiyasının prezidenti, millət vəkili Ülvi Quliyevin dəstəyi ilə müxtəlif ölkələrdə keçirilən idman yarışlarına qatılırıq. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovla əl-ələ verib daha peşəkar və uğurlu gənc idmançıların yetişməsinə çalışırıq. Bu gün Azərbaycanda idmançılarından, o cümlədən karateçilərdən tələb olunan bir şey var- bu da ölkəmizin şərəfini layiqincə qorumaq və Azərbaycanın bayrağını dalğalandırmaqdır. İdmançılar da bu məsuliyyəti çiyinlərinə götürüblər və hər yarışa böyük əzmlə hazırlaşırlar.
- Bu günlərdə Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı ilə təltif olundunuz. Bununla bağlı nə deyə bilərsiniz…
- Əlbəttə, bu mənim üçün böyük fəxrdir. Mən fürsətdən istifadə edib, bir daha Cənab Prezident İlham Əliyevə idmançılara göstərdiyi qayğıya görə, minətdarlığımı bildirirəm. Bu ada layiq görülmək bizi sevindirməklə yanaşı, üzərimizə çox böyük məsuliyyət qoyur. Bu təkcə mənə yox, mənim timsalımda Azərbaycan idmanına, karatesinə verilən bir qiymətdir. Bilirsiniz ki, müasir Azərbaycan idmanının inkişafı Cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır. Bu məqamda bir xəbəri də diqqətinizə çatdırım ki, 2015-ci il Avropa Olimpiya Oyunları Azərbaycanda keçiriləcək və karate də idman növü kimi bu oyunlarda iştirak edəcək. Hesab edirəm ki, bu karatenin çox qısa zamandan Dünya Olimpiya oyunlarının da siyahısına salınmasına böyük ümüdlər yaradır. Bu ölkəmiz üçün çox böyük hadisədir. Mən Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsini həm də cənab prezident İlham Əliyevin böyük uğuru hesab edirəm. Cənab prezidenti öz fəaliyyəti ilə daima çalışır ki, beynəlxalq idman və mədəniyyət yarışmaları Azərbaycanca keçirilsin. Çünki bu həm də ölkəmiz üçün əlavə imkanlar açır, dövlətimizin tanınmasına və turizm axınına xidmət edir. Buna misal olaraq Azərbaycanda keçirilən “Avroviziya” beynəlxalq musiqi yarışmasını göstərmək olar. Biz müxtəlif ölkələrdə oluruq və görürük ki bu yarışmadan sonra əcnəbilər ölkəmizdəki inkişafa və turizm potensialına heyran olublar.
- Bəs gənclər arasında necə, karate idman növünə maraq hansı səviyyədədir?
- Əminliklə söyləmək olar ki, Azərbaycan idmanı keçid dövrü sınağından üzüağ çıxıb. Bu gün idmançılarımızın səsi beynəlxalq səviyyəli yarışlardan gəlir. Əlbəttə, bu fakt yeniyetmələrimizi, gənclərimizi idmana daha da həvəsləndirir, onlarda bu sahənin perspektivlərinə inam yaradır. Azərbaycan karatesinin inkişafında yaxından iştirak edən, bu sahənin içində olan bir mütəxəssis kimi deyə bilərəm ki, gənclər arasında idmana, eyni zamanda karateyə ciddi maraq var. Bu əlbəttə bizi sevindirir. Sevinirik ki, zəhmətimiz hədər getməyib. Məsələn, veteran karateçilərlə yanaşı, Azərbaycan karatesində bu gün 21 yaşlı idmançımız Ayxan Mamayevin yeni ulduz kimi parlayır. O, gənclər arasında keçirilən dünya və Avropa çempionatlarının “qızıl mükafat”çısı olub. Böyüklər arasında Avropa çempionatda ikinci, dünya çempionatında üçüncü yeri qazanıb. Bütün bunlar onu deməyə əsas verir ki, gənclər arasında karateyə maraq heç də azalan deyil, artan xətlə inkişaf edir.
Sonda müsahibimiz Cənab Prezident İlham Əliyevə idmançılara göstərdiyi qayğıya görə bir daha minətdarlıq edərək, qeyd etdi ki, idmançılarla son görüşündə İlham Əliyev karateçi ailəsinə və digər bir karateçiyə mənzil bağışladı. /// editor.az