Prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycanın Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qeyd edək ki, Lətif Qəndilov bu təyinatadək Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri olub.
Lətif Qəndilovun tərcümeyi-halını təqdim edirik:
Lətif Seyfəddin oğlu Qəndilov 31 avqust 1957-ci ildə Bakı şəhərində dünyaya gəlib. 1974-1978-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırması" fakültəsində təhsil alıb, 1978-ci ildə institutu fərqlənmə diplomu ilə bitirib və bu ali məktəbin "Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırması" kafedrasında saxlanılıb.
1978-1980-ci illərdə hərbi xidmətdə olub. 1981-1983-cü illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda əyani aspirant kimi təhsilini davam etdirib, 1983-1986-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu və Bakı şəhər Sovetinin birgə təşkil etdiyi Bakı şəhəri kompleks problemlərin elmi-tədqiqat laboratoriyasında elmi işçi kimi çalışıb.
1984-cü ildə "İstehlak fondunun strukturu və artımının planlaşdırılmasının təkmilləşdirilməsi (Azərbaycan Respublikası timsalında)" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini alıb.
1986-1995-ci illərdə Azərbaycan Texniki Universitetinin "İqtisadi nəzəriyyə" kafedrasının dosenti olub. 1995-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əməkdaşlıq İdarəsində ikinci katib kimi fəaliyyətə başlayıb və birinci katib vəzifəsinədək yüksəlib.
2001-ci ildə ilk xarici təyinatını alaraq Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin birinci katibi, sonradan müşaviri vəzifəsində çalışıb.
2004-cü ildə ona fövqəladə və səlahiyyətli səfir diplomatik dərəcəsi verilərək Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı ilk səfiri təyin edilib. Həmçinin, 2008-ci ilin oktyabr ayından səlahiyyət müddətinin sonunadək burada diplomatik korpusun duayeni olub.
2010-2011-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Ümumi katiblik idarəsinin rəisi olub.
2011-2016-cı illərdə Azərbaycan Respublikasının Çin Xalq Respublikası, Koreya Xalq Demokratik Respublikası və Monqolustanda, eyni zamanda, 2011-2013-cü illərdə Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
21 dekabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 16 iyul 2021 tarixində bu vəzifədən geri çağırılıb.
Evlidir, 2 oğlu və 2 qızı var.