Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları
SİYASƏT
14:36 26.09.2025
164
2025-ci ilin 25 sentyabr tarixində Prezident cənab İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi tarixi çıxış Azərbaycan dövlətçiliyinin müasir mərhələdə əldə etdiyi nailiyyətlərin, beynəlxalq münasibətlərdə tutduğu mövqeyin və gələcək hədəflərinin aydın ifadəsi oldu. Bu çıxış təkcə ölkəmizin son onilliklərdə yaşadığı mübarizə və qələbələrin deyil, həm də regionda və dünyada sülhə, təhlükəsizliyə və inkişaf proseslərinə verdiyi töhfələrin təhlili baxımından böyük əhəmiyyət kəsb edir.

Prezidentin nitqi Azərbaycan tarixinin üç mühüm istiqamətini – müharibədən sonrakı ədalətin bərqərar olunmasını, sülhün təmin edilməsini və qlobal çağırışlara cavab strategiyasını əhatə etdi. Bu məqalədə həmin çıxışın məzmunu əsasında Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi, regional və qlobal proseslərdə rolu sistemli şəkildə təhlil edilir.

Otuz ilə yaxın müddətdə Azərbaycanın təqribən iyirmi faiz torpaqlarının Ermənistan tərəfindən işğalı, bir milyon azərbaycanlının doğma yurd-yuvasından didərgin salınması ölkəmizin ən böyük humanitar faciəsi olmuşdur. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrə baxmayaraq, Ermənistan beynəlxalq öhdəliklərini yerinə yetirməmiş, əksinə, etnik təmizləmə və hərbi cinayətlər siyasətini davam etdirmişdir.
Lakin 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etmiş və 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyünü bərpa etmişdir. Müharibə beynəlxalq humanitar hüquqa tam riayət edilməklə aparılmış, mülki əhalinin qorunması təmin olunmuşdur. Nəticədə, noyabrın 10-da imzalanmış kapitulyasiya aktı Azərbaycanın tarixi Qələbəsini və regionda yeni mərhələnin başlanmasını təsdiqləmişdir.

Qələbədən dərhal sonra Azərbaycan Ermənistanla sülh münasibətlərinin qurulmasına yönəlmiş təşəbbüslərlə çıxış etmiş, beynəlxalq hüquqa əsaslanan beş prinsip irəli sürmüşdür. Uzunmüddətli danışıqların yekunu olaraq, 2025-ci ildə Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə sülh müqaviləsinin paraflanması tarixi nailiyyət olmuşdur. Bu proses ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoyaraq, regional münasibətlərin real siyasi əsaslarda inkişafına şərait yaratmışdır.

Regional əlaqələrin gücləndirilməsi məqsədilə irəli sürülmüş Zəngəzur dəhlizi və "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” kimi təşəbbüslər nəinki region ölkələrini, həm də qlobal iqtisadi sistemləri birləşdirəcək mühüm infrastruktur layihələridir. Bu addımlar Azərbaycanın sülhü yalnız siyasi deyil, həm də iqtisadi və sosial əməkdaşlıq vasitəsilə möhkəmləndirmək niyyətini göstərir.

İşğaldan azad edilmiş ərazilərin bərpası Azərbaycanın dövlət prioritetlərinin önündə dayanır. Ermənistanın dağıtdığı şəhər və kəndlərin bərpası üçün "Böyük Qayıdış” Proqramı həyata keçirilir və artıq on minlərlə insan öz doğma yurduna dönmüşdür. Bununla yanaşı, Ermənistanın yerləşdirdiyi minalar humanitar təhlükə olaraq qalır. 2020-ci ildən bəri yüzlərlə insan mina qurbanına çevrilmişdir ki, bu da beynəlxalq ictimaiyyətdən daha çox dəstək tələb edir.
Azərbaycan, həmçinin itkin düşmüş dörd min nəfərin taleyinin aydınlaşdırılmasını prioritet məsələ kimi qaldırır. Bu, beynəlxalq humanitar hüququn tələbi olmaqla yanaşı, həm də regional sülhün davamlılığı üçün vacibdir.

Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin qlobal əhəmiyyətli ekoloji çağırışların həllində öncül mövqeyini təsdiqlədi. Bakı Maliyyə Hədəfi kimi tanınan Yeni Kollektiv Kəmiyyət Hədəfi inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyələşməsinin əhəmiyyətli dərəcədə artırılmasını təmin etdi. Bu təşəbbüs Azərbaycanın dayanıqlı inkişaf və yaşıl keçid prosesinə sadiqliyinin nümunəsidir.

Bununla yanaşı, Prezident cənab  İlham Əliyev enerji təhlükəsizliyi ilə bağlı realist mövqeyini ifadə etmişdir: dünya yaxın gələcəkdə mədən yanacaqlarından tam imtina edə bilməz. Azərbaycan həm etibarlı qaz təchizatçısı, həm də bərpaolunan enerji sahəsində aparıcı sərmayədar olaraq, qlobal enerji təhlükəsizliyinə balanslı yanaşmanı dəstəkləyir.

Azərbaycanın iqtisadi inkişafı neft və qaz sektorundan asılılığı minimuma endirməklə yanaşı, qeyri-neft sektorunun şaxələndirilməsi və şəffaflıq islahatları nəticəsində daha sabit mərhələyə qədəm qoymuşdur. Beynəlxalq reytinq agentliklərinin ölkəmizə verdiyi müsbət qiymətlər, aşağı dövlət borcu və böyük valyuta ehtiyatları Azərbaycanın iqtisadi dayanıqlılığını təsdiqləyir.

Şərq-Qərb və Şimal-Cənub dəhlizləri kimi layihələr, rəqəmsal infrastruktura dair "Rəqəmsal İpək Yolu” təşəbbüsü ölkəmizi beynəlxalq nəqliyyat və informasiya qovşağına çevirməkdədir. Bu təşəbbüslər Azərbaycanın regional inkişaf və qlobal əməkdaşlıq siyasətinin təməl daşlarını təşkil edir.

Prezident cənab İlham Əliyevin BMT Baş Assambleyasında etdiyi çıxış Azərbaycanın qlobal miqyasda mövqeyini gücləndirməklə yanaşı, beynəlxalq hüquqa əsaslanan ədalət prinsipinin qələbəsini nümayiş etdirdi. Azərbaycan həm müharibədə qalib gəlmiş, həm də sülhü təmin etmiş bir dövlət olaraq yeni dövrə qədəm qoymuşdur.

Bu gün Azərbaycanın əsas missiyası yalnız öz ərazi bütövlüyünü və suverenliyini qorumaq deyil, həm də qlobal sülh, təhlükəsizlik, enerji sabitliyi və ekoloji dayanıqlılıq sahələrində bəşəriyyətə töhfə verməkdir. Prezidentin sözləri ilə desək, bu uğurlar yalnız Azərbaycanın deyil, həm də beynəlxalq hüququn və ədalətin üstünlüyünün təntənəsidir.

Fatma Çandirova, 
İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi

OXŞAR XƏBƏRLƏR