Xəbər verdiyimiz kimi, bu gün Prezidentin imzaladığı sərəncamla Anar Məhərrəm oğlu Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.
Qeyd edək ki, Anar Bayramov bundan əvvəl TƏBİB-in icraçı direktoru olub.
Məlumat üçün bildirək ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra səhiyyə sisteminə beş fərqli şəxs rəhbərlik edib. Onların arasında həkim-cərrahlar, tibb elmləri üzrə mütəxəssislər və müxtəlif tibb müəssisələrində rəhbər vəzifələrdə çalışan şəxslər var.
AZXEBER.COM Azərbaycanın səhiyyə nazirlərini və onların bu vəzifəyə hansı sahələrdən gəldiyini araşdırıb.
Tələt Qasımov – müstəqil Azərbaycanın ilk səhiyyə naziri
Tələt Qasımov 1991-ci ildən 1992-ci ilədək Azərbaycanın səhiyyə naziri vəzifəsində çalışıb. O, həm Azərbaycan SSR-in sonuncu, həm də müstəqil Azərbaycanın ilk səhiyyə naziri kimi tanınır.

1957–1963-cü illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alan Tələt Qasımov daha sonra klinik ordinaturada oxuyub. O, tibb elmləri namizədi olub və əmək fəaliyyətinə tibb sahəsində başlayıb.
Tələt Qasımov müxtəlif illərdə tibb institutunda assistent, dövlət və partiya strukturlarında vəzifəli şəxs, səhiyyə nazirinin müavini və nazir vəzifələrində çalışıb. 1992-ci ildə nazir vəzifəsindən ayrıldıqdan sonra Azərbaycanın Moskvadakı nümayəndəliyində müşavir işləyib. O, 1999-cu ildə vəfat edib.
Rahim Hüseynov
Tələt Qasımovdan sonra səhiyyə naziri vəzifəsini Rahim Hüseynov tutub. O, 10 aprel 1992-ci ildən 16 sentyabr 1993-cü ilədək bu vəzifədə çalışıb.
Rahim Hüseynov Azərbaycan Dövlət Tibb İnstitutunda həkim-cərrah ixtisası üzrə təhsil alıb. O, səhiyyə sistemində müxtəlif vəzifələrdə işləyib, nazir müavini və nazir olub.

1994-cü ildə doktorluq dissertasiyasını müdafiə edən Rahim Hüseynov sonrakı illərdə elmi və pedaqoji fəaliyyətlə məşğul olub. 1995–2017-ci illərdə "Təfəkkür” Universitetində prorektor vəzifəsində çalışıb.
Əli İnsanov
Əli İnsanov 1993-cü il noyabrın 9-dan 2005-ci il oktyabrın 20-dək Azərbaycanın səhiyyə naziri olub. O, müstəqillik dövründə bu vəzifədə ən uzun müddət çalışan şəxslərdən biridir.
Əli İnsanov 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. Əmək fəaliyyətinə Elmi-Tədqiqat Vərəm İnstitutunda həkim kimi başlayıb. Daha sonra elmi işçi, şöbə müdiri və direktor müavini vəzifələrində çalışıb, 1985-ci ildə institutun direktoru təyin edilib.
O, tibb elmləri üzrə elmi dərəcələr alıb və vərəm sahəsində ixtisaslaşıb. Nazir vəzifəsinə təyin olunmazdan əvvəl elmi-tədqiqat və akademik fəaliyyətlə məşğul olub.
Əli İnsanov 2005-ci ildə vəzifəsindən azad edilib. Onun nazirlik dövrü 12 ilə yaxın davam edib.
Oqtay Şirəliyev
Oqtay Şirəliyev 2005-ci il oktyabrın 20-dən 2021-ci il aprelin 23-dək Azərbaycanın səhiyyə naziri vəzifəsində çalışıb.
Oqtay Şirəliyev 1973-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə işi fakültəsini bitirib. Əmək fəaliyyətinə cərrah kimi başlayıb, daha sonra elmi-tədqiqat müəssisələrində çalışıb.

1982-ci ildə Respublika Endoskopiya Mərkəzinin rəhbəri, 1983–1988-ci illərdə Səhiyyə Nazirliyinin elmi şöbəsinin rəisi olub. 1988-ci ildə Respublika Diaqnostika Mərkəzinin direktoru təyin edilib.
Oqtay Şirəliyev tibb elmləri doktoru və professor olub. O, nazir vəzifəsinə təyin edilənədək diaqnostika, endoskopiya və elmi fəaliyyət sahələrində çalışıb. 2021-ci ildə vəzifəsindən azad edilən Şirəliyev 2025-ci il oktyabrın 9-da vəfat edib.
Teymur Musayev
Teymur Musayev 2021-ci ilin aprelində səhiyyə nazirinin birinci müavini təyin edilib və nazirin səlahiyyətlərini icra etməyə başlayıb. Prezidentin 19 yanvar 2022-ci il tarixli sərəncamı ilə səhiyyə naziri vəzifəsinə təyin olunub.

Teymur Musayev 1993-cü ildə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə həkim-uroloq kimi başlayıb. O, müxtəlif illərdə özəl tibb müəssisələrində uroloq, şöbə müdiri, baş həkim və tibbi direktor vəzifələrində çalışıb. Həmçinin səhiyyə menecmenti üzrə magistr təhsili alıb.
Teymur Musayev 2020–2021-ci illərdə Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri olub.
Fəridə Əsədzadə












































