Azərbaycanın Türk dünyasında yüksəlişi - Hansı mühüm addımlar atıldı?

Azərbaycanın Türk dünyasında yüksəlişi - Hansı mühüm addımlar atıldı?
SİYASƏT
15:25 24.08.2026
210
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 23-24-də Özbəkistana dövlət səfəri edib. Səfər Azərbaycan-Özbəkistan münasibətlərinin son illərdə dostluq və qardaşlıq əlaqələrindən strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəldiyi bir dövrə təsadüf edir.

Azərbaycanla Özbəkistan arasında siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar və digər sahələrdə əməkdaşlıq son illərdə əhəmiyyətli dərəcədə genişlənib. Hər iki ölkə eyni zamanda Türk Dövlətləri Təşkilatı çərçivəsində türk dövlətləri arasında əlaqələrin gücləndirilməsində fəal iştirak edir.

Bəs Azərbaycanın Türk dünyasının digər dövlətləri ilə münasibətləri hansı mərhələlərdən keçib? 

AZXEBER.COM mövzu ilə bağlı araşdırma aparıb.

1992-ci il: Türk dövlətlərinin ilk Zirvə Görüşü:
Azərbaycanın müstəqil Türk dövlətləri ilə çoxtərəfli siyasi əlaqələrinin əsas mərhələlərindən biri 1992-ci ildən başlayıb. Həmin il Ankarada Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın iştirakı ilə Türk dövlətlərinin ilk Zirvə Görüşü keçirilib.
Bu görüş türk dövlətləri arasında dövlət başçıları səviyyəsində müntəzəm siyasi dialoqun əsasını qoyub. Sonrakı illərdə keçirilən zirvə görüşləri isə əməkdaşlığın daha sistemli və institusional xarakter almasına zəmin yaradıb.

2009-cu il: Naxçıvan Sazişi ilə yeni mərhələ
Türk dövlətləri arasında əməkdaşlığın institusional əsaslarının formalaşdırılması baxımından ən mühüm mərhələlərdən biri 3 oktyabr 2009-cu ildə Naxçıvanda baş verib. Həmin tarixdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan tərəfindən Naxçıvan Sazişi imzalanıb. Saziş əsasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması qərara alınıb.
Beləliklə, türk dövlətləri arasında əməkdaşlıq yalnız dövlət başçılarının görüşləri ilə məhdudlaşmayaraq daimi fəaliyyət göstərən institusional mexanizmə çevrilib.

2010-cu il: Türk Şurası fəaliyyətə başladı
2010-cu ildə İstanbulda keçirilən Zirvə Görüşü ilə Naxçıvan Sazişi əsasında yaradılmış Türk Şurasının fəaliyyəti rəsmən başlayıb.
Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın iştirakı ilə fəaliyyət göstərən təşkilat siyasi, iqtisadi, mədəni və digər sahələrdə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün əsas platformalardan birinə çevrilib.

2019-cu il: Bakı Zirvəsi və Özbəkistanın təşkilata qoşulması
15 oktyabr 2019-cu ildə Bakıda Türk Şurasının 7-ci Zirvə Görüşü keçirilib.
Zirvənin Azərbaycan üçün əsas əhəmiyyətli nəticələrindən biri Özbəkistanın təşkilata tamhüquqlu üzv qəbul edilməsi olub.
Özbəkistanın üzvlüyü ilə təşkilatın Mərkəzi Asiyada əhatə dairəsi daha da genişlənib. Bu mərhələdən etibarən Azərbaycan-Özbəkistan münasibətləri ilə yanaşı, Bakı-Daşkənd xətti Türk dünyası daxilində çoxtərəfli əməkdaşlığın da mühüm istiqamətlərindən birinə çevrilib.

2021-ci il: Şuşa Bəyannaməsi və Türk Dövlətləri Təşkilatının yaradılması
15 iyun 2021-ci ildə Azərbaycan və Türkiyə arasında Müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanıb. Sənədlə iki ölkə arasında münasibətlər müttəfiqlik səviyyəsinə yüksəldilib. Bəyannamə müdafiə, təhlükəsizlik, enerji, nəqliyyat, iqtisadiyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Həmin ilin noyabrında İstanbulda keçirilən Zirvə Görüşündə isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılıb.
Beləliklə, türk dövlətləri arasında əməkdaşlığın institusional çərçivəsi yeni mərhələyə keçib.

2022-ci il: Qazaxıstan və Qırğızıstanla münasibətlərdə yeni mərhələ
Azərbaycanın Türk dünyası dövlətləri ilə ikitərəfli münasibətlərində 2022-ci il də mühüm sənədlərlə yadda qalıb. Azərbaycan və Qazaxıstan arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalanıb. Azərbaycan-Qırğızıstan münasibətləri isə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib. İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan sənədlər imzalanıb.
Həmin ilin noyabrında Özbəkistanın Səmərqənd şəhərində TDT-nin 9-cu Zirvə Görüşü keçirilib və Səmərqənd Bəyannaməsi qəbul edilib.

2023-cü il: TDT-nin fövqəladə Zirvə Görüşü
16 mart 2023-cü ildə Ankarada TDT-nin fövqəladə Zirvə Görüşü keçirilib. Görüşdə Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən sonra fövqəladə hallar, humanitar yardım və üzv dövlətlər arasında həmrəyliyin gücləndirilməsi məsələləri müzakirə olunub.
Həmin ilin noyabrında isə Astanada TDT-nin 10-cu Zirvə Görüşü keçirilib. Zirvədə nəqliyyat, iqtisadiyyat, enerji, rəqəmsallaşma və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.

2024-cü il: Şuşa Zirvəsi və Özbəkistanla müttəfiqlik
2024-cü ilin iyulunda Şuşada TDT-nin qeyri-rəsmi Zirvə Görüşü keçirilib.
Azərbaycanın ev sahibliyi etdiyi görüş Türk dünyasında nəqliyyat bağlantılarının inkişafı, iqlim məsələləri, regional əməkdaşlıq və digər istiqamətlər üzrə müzakirələrlə yadda qalıb.
Həmin ilin avqustunda isə Azərbaycan və Özbəkistan arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb.
Bu sənədlə Bakı-Daşkənd münasibətlərində yeni mərhələnin əsası qoyulub və iki ölkə arasında əməkdaşlığın siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat və digər istiqamətlərdə daha da dərinləşdirilməsi üçün hüquqi baza genişləndirilib.
Noyabr ayında Bişkekdə TDT-nin 11-ci Zirvə Görüşü keçirilib.

2025-ci il: Qəbələ Zirvəsi və Azərbaycanın TDT-yə sədrliyi
7 oktyabr 2025-ci ildə Qəbələdə TDT-nin 12-ci Zirvə Görüşü keçirilib.
Zirvədə üzv və müşahidəçi dövlətlərin nümayəndələri iştirak edib. Görüşdə nəqliyyat, iqtisadiyyat, enerji, təhlükəsizlik, rəqəmsal əməkdaşlıq və Türk dünyası daxilində əlaqələrin daha da gücləndirilməsi məsələləri müzakirə olunub.
Zirvənin yekununda Qəbələ Bəyannaməsi qəbul edilib və Azərbaycan TDT-yə sədrliyi öz üzərinə götürüb.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR