"Azərbaycanın və bütün türk xalqlarının tarixinə düşmüş Qələbə"

"Azərbaycanın və bütün türk xalqlarının tarixinə düşmüş Qələbə"
SİYASƏT
17:32 03.04.2021
544
Ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycanın üzləşdiyi ən ağrılı problem xarici havadarlarının köməyindən və hərbi gücündən istifadə edən Ermənistanın ərazilərimizin bir qismini işğal etməsidir. Bütün dünya dövlətlərinə yaxşı məlumdur ki, Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bununla bağlı əsl həqiqət dünyaya çatdırıldı, beynəlxalq təşkilatlar və dövlətlər bir-birinin ardınca ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən mövqe nümayiş etdirdilər. Bu siyasətin möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi isə artıq beynəlxalq arenada Ermənistanın Azərbaycan diplomatiyasına məğlubiyyətini gerçəkləşdirmişdir. Bütün bu illər ərzində dövlətimizin xarici siyasətinin ana xəttini təşkil edən əsas amillərdən biri Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli idi. 1994-cü ildə atəşkəs əldə edilib, lakin həmin vaxtdan Azərbaycan hökumətinin və beynəlxalq ictimaiyyətin müxtəlif səylərinə baxmayaraq, sülhə nail olunmamışdır. Danışıqlar prosesi daha fəal, daha ümidverici şəkildə aparılırsa da bu, beynəlxalq hüququn normaları və yekun razılaşma üçün kifayət deyildi.

İşğal nəticəsində torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt edilmişdir, bir milyondan çox azərbaycanlı öz doğma torpağından didərgin salınmışdır, qaçqın-köçkün vəziyyətinə salınmışdır. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ermənistan Azərbaycana qarşı soyqırımı törətmişdir. 1992-ci ildə törədilən Xocalı soyqırımı nəticəsində 600-dən çox günahsız, dinc insan vəhşicəsinə öldürülmüşdür. Onların arasında 106 qadın, 63 uşaq vəhşicəsinə qətlə yetirilmişdir. Münaqişə zamanı azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yürüdülüb və mülki əhali əleyhinə kütləvi cinayətlər törədilib. Xocalı faciəsi başda olmaqla münaqişə bölgəsində azərbaycanlılar əleyhinə törədilmiş bütün hərbi cinayətlər məhkəmə predmeti olmayıb və cinayətkarlar cəzasız qalıb.

İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının birliyini bir daha nümayiş etdirdi. Siyasi əqidəsindən, mənsubiyyətindən, mövqeyindən asılı olmayaraq bütün vətəndaşlar yumruq kimi birləşdi. Bütün bölgələrdən ordumuza dəstək gəldi. Azərbaycan xalqı hər gün dövlətimizin başçısı cənab İlham Əliyevdən qələbə xəbərini gözlədi. Hər bir zəfər sevinci böyük coşqu ilə qeyd olundu. Ölkəmizdə yaşayan bütün millətlərin, dini konfessiyaların nümayəndələri birlik nümayiş etdirdilər, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədilər. Bu, bizim böyük sərvətimiz, dəyərimizdir.

Azərbaycan Vətən müharibəsində ərazi bütövlüyünü bərpa etdi və indi Azərbaycan üçün tamamilə yeni, möhtəşəm inkişaf dövrü başlayır. Artıq böyük-kiçikliyindən asılı olmayaraq bütün dövlətlər Azərbaycanı iqtisadi, siyasi, hərbi güc kimi tanıyır, qəbul edir. Azərbaycan erməni faşizmi, onların uydurmaları, ölkəmizə qarşı ərazi iddiaları, yalanları üzərində qətiyyətli qələbə qazandı. Azərbaycan xalqı bu möhtəşəm hərbi-diplomatik qələbənin memarı, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev ətrafında sıx birləşib və ölkəmizdəki Xalq-İqtidar-Ordu birliyi əbədidir, sarsılmazdır.

Haqq savaşmız, Vətən müharibəmiz öz Zəfəri, öz Qələbəsi ilə başa çatdı. Qarabağmızın, işğal olunmuş torpaqlarımızın işğalına tam mənada son qoyuldu. Şuşamızda, Laçınımızda, Kəlbəcərimizdə, digər Vətən torpaqlarımızda üçrəngli, ay-ulduzlu bayrağmız dalğalanır, Qələbə, Zəfər marşları çalındı, Şəhidlərimiz ruhları sevindi.

Naftalan şəhər sakini Ülfət Əliyev
OXŞAR XƏBƏRLƏR