Azərbaycanla Ermənistan arasında sülh sazişi nə vaxt imzalanacaq? - Deputat

Azərbaycanla Ermənistan arasında sülh sazişi nə vaxt imzalanacaq? -  Deputat
SİYASƏT
15:51 23.09.2025
224
"BMT Baş Assambleyasının sessiyası çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında baş tutan görüş sülh prosesinin davamlı olduğuna işarə edir”.

Bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli AZXEBER.COM-a açıqlamasında deyib.

O vurğulayıb ki, görüşün xüsusi ilə 8 avqustda keçirilmiş tarixi Vaşinqton Sülh Sammitinin nəticələrindən sonra reallaşması prosesin ardıcıllığını və beynəlxalq müstəvidə legitimliyini gücləndirən amil kimi qiymətləndirilə bilər:

"Tərəflərin sülh gündəliyinin irəliyə doğru aparılması üçün mümkün addımları müzakirə etməsi və dialoqu davam etdirmək barədə razılığa gəlməsi bu istiqamətdə müsbət impuls yarada bilər. 

Azərbaycan dəfələrlə bəyan edib ki, sülh müqaviləsinin imzalanması üçün əsas prinsiplər artıq müəyyən olunub. Ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra Bakı üçün əsas prioritet Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şərtsiz tanımasıdır. Lakin bu məsələnin reallaşması qarşısında ciddi hüquqi maneələr var. Ermənistan Konstitusiyası hələ də 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad edir və həmin sənəddə Azərbaycanın Qarabağ bölgəsinə ərazi iddiaları öz əksini tapıb. Bu müddəalar aradan qaldırılmadığı təqdirdə, sülh müqaviləsinin imzalanması real deyil”.

Deputat qeyd edib ki, problemin həlli isə Ermənistanın daxili siyasi təqvimi ilə bağlıdır:

"Ölkə qanunvericiliyinə görə bir seçki ilə digəri, o cümlədən referendum arasında ən azı bir illik zaman intervalı olmalıdır. 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək və bu səbəbdən konstitusiyanın dəyişdirilməsi yalnız 2027-ci ildə mümkün olacaq. Deməli, ərazi iddialarını aradan qaldırmadan yekun sülh müqaviləsinə imza atmaq real deyil və proses ən azı 2027-ci ilə qədər uzana bilər”.

E.Mirzəbəyli bildirib ki, beynəlxalq aktorların mövqeləri də diqqət çəkir:

"ABŞ və Avropa İttifaqı Ermənistanı Qərbə inteqrasiya yolunda dəstəkləməklə onu Azərbaycanla yekun sülh sazişi imzalamağa sövq edir. Türkiyə Azərbaycanın ədalətli mövqeyini tam dəstəkləyərək regionda dayanıqlı əməkdaşlıq mühitinin formalaşmasını təşviq edir. Rusiya isə təsir imkanlarını qorumağa çalışsa da, prosesdə əsas lokomotiv rolunu oynamaq imkanında deyil. Bu mənzərə fonunda Ermənistan üçün seçim kifayət qədər aydındır. Ya sülh müqaviləsi imzalanacaq və ölkə regional layihələrə qoşulacaq, iqtisadi-siyasi özünütəcriddən çıxacaq, ya da daxili siyasi qeyri-sabitlik və geosiyasi blokadada qalacaq”.

Deputat sülh müqaviləsinin nə vaxt imzalanacağı haqda da danışıb:

"Mövcud reallıqlar göstərir ki, yekun sülh müqaviləsinin yaxın aylarda imzalanması ehtimalı azdır. Ən real vaxt perspektivi 2027-ci ilə qədər uzanır. Bu dövr ərzində tərəflərin mərhələli şəkildə sərhədin delimitasiyası, kommunikasiya yollarının açılması və əməkdaşlıq mexanizmlərinin tətbiqi ilə prosesi davam etdirməsi ehtimalı var. Azərbaycan üçün prioritet mövzu göz aydındır. Konstitutsiyadan ərazi iddiaları çıxarılmadan yekun sülh müqaviləsinin imzalanması istisna olunur. Ermənistan isə bu tarixi imkanı dəyərləndirməklə öz dövlətçiliyinin gələcəyini təmin edə və regional əməkdaşlıq mühitində strateji mövqeyini müəyyənləşdirə bilər”-, deyə deputat vurğulayıb.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR