"Azərbaycanla münasibətləri qorumaq bizim üçün həmişə prioritet olub"

"Azərbaycanla münasibətləri qorumaq bizim üçün həmişə prioritet olub"
SİYASƏT
20:24 20.03.2026
154
"Bizim Azərbaycanla dərin və qədim tarixi, sivilizasiya, mədəniyyət və din əlaqələrimiz var. Azərbaycanla münasibətləri qorumaq və inkişaf etdirmək bizim üçün həmişə prioritet olub. Bu illər ərzində iki ölkə arasında əlaqələrin və qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün səy göstərmişik. Həmişə çalışmışıq ki, Azərbaycan rəsmiləri ilə görüşlərimizdə məsələləri xoş niyyətlə müzakirə edək, qeyri-müəyyən qüvvələrin iki ölkə arasında hər hansı mövzudan və ya məsələdən istifadə etməsinin qarşısını alaq."

AZXEBER.COM xəbər verir ki, bunu APA-nın Tehrandakı müxbirinə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

İsmayıl Bəqai Azərbaycanın müharibə dövründə əsl qonşu kimi münasibət göstərdiyini bildirib. O, Azərbaycan Prezidentinin Ali Rəhbər Əli Xameneinin faciəli ölümü ilə bağlı İranın Azərbaycandakı səfirliyinə gedərək, başsağlığı verdiyini, həmçinin, yeni Ali Rəhbərin seçilməsi ilə bağlı təbrik mesajı göndərdiyini xatırladıb.

Bəqai Naxçıvan Muxtar Respublikasına dron hücumunun araşdırıldığını bildirib: " Biz bu məsələni ən yüksək səviyyədə araşdırdıq. İran və Azərbaycan prezidentləri bu barədə danışdılar. Məqsəd məsələyə dərhal aydınlıq gətirmək idi.
Bizim fikrimizcə, bu hadisədən başqalarının sui-istifadə etmə ehtimalı var. Elələri var ki, bu cür hadisələrdən İran və Azərbaycan arasındakı münasibətlərə zərər vurmaq üçün istifadə edirlər. İki ölkə prezidentlərinin telefon danışığı zamanı hadisənin necə baş verməsini müəyyən etmək üçün birgə araşdırma aparılması barədə qərar qəbul edildi."

İran Xarici İşlər Nazirliyinin sözçüsü İranın Fars körfəzi ölkələrindəki Amerika bazalarına hücumları ilə bağlı da danışıb:

"Bizim nöqteyi-nəzərimizdən, 'hücum' ifadəsinin İran tərəfindən qonşularına qarşı istifadəsi mövzu baxımından tamamilə qeyri-mümkündür. Fars körfəzi ölkələrinə qarşı bizim reaksiyamız ABŞ-ın İrana qarşı əməliyyatlarından qaynaqlanır. Hüquqi baxımdan 'hücum' sözünün işlədilməsi dəqiq deyil. Biz sadəcə olaraq, ABŞ-ın hərbi bazalarına qarşı özümüzü müdafiə edirik. Hər bir ölkənin özünü müdafiə etmək, özünə qarşı hücumun həyata keçirildiyi yerlərə qarşı tədbir görmək təbii haqqıdır."
OXŞAR XƏBƏRLƏR