"Rusiya ilə imzalanmış bəyannamə heç bir halda Azərbaycanın qardaş Türkiyə və eləcə də digər müttəfiq dövlətlər ilə münasibətlərində hər hansı dəyişiklik olduğu anlamına gəlmir”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Rusiya-Azərbaycan arasında imzalanan Bəyannmədən danışarkən deyib. Deputat yeni Bəyannamədə yer alan mühim məqamlara toxunub və bu bəyannamənin Azərbaycanın milli maraqlarına uyğun olduğunu bildirib:
"Aydındır ki, Rusiya ilə imzalanmış bəyannamə heç bir halda Azərbaycanın qardaş Türkiyə və eləcə də digər müttəfiq dövlətlər ilə münasibətlərində hər hansı dəyişiklik yaratmır. Ötən il iyun ayının 15-də Şuşada Azərbaycan və Türkiyə Prezidentlərinin imzaladıqları "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" artıq hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya olunub. Bu sənəd iki qardaş ölkə arasındakı müttəfiqlik münasibətlərini daha da dərinləşdirib və ölkəmiz bununla da öz təhlükəsizliyi üçün əlavə zəmanət qazanıb. Azərbaycan türk dövlətləri ilə münasibətlərin dərinləşməsinə xüsusi önəm verir. Türk dövlətlərini birləşdirən şuranın 2009-cu ildə Naxçıvan sazişinə əsasən təsis edilməsi Azərbaycanın öz milli kimliyinə verdiyi önəmi bir daha təsdiq edir. Bu baxımdan, hər hansı digər ölkələr ilə bağlanan anlaşmalar Azərbaycanın türk dövlətləri ilə münasibətlərinə xələl gətirə bilməz. Məhz çoxşahəli xarici siyasətin istiqamətlərində biri də ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinin daha da dərinləşməsidir. Gələn ay Bakıda Azərbaycan ilə İttifaq arasında növbəti təhlükəsizlik dialoqunun keçirilməsi və 2022-ci ildə ikitərəfli sazişin imzalamasının gözlənilməsi də bundan xəbər verir. Etiraf etmək lazımdır ki, Türkiyə və Rusiya ilə müttəfiqlik edərək Avropa İttifaqı ilə ikitərəfli sazişin imzalanmasının nəzərdə tutulması çoxşahəli xarici siyasətin nəticəsində mümkün ola bilərdi. Azərbaycanın 44 günlük Vətən savaşında əldə etdiyi zəfərdən sonra regionda formalaşan yeni düzən kontekstində hərbi qələbənin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsi olduqca vacibdir. Yeni bəyannamə də məhz bu məqsədə xidmət edir”.
V.Bayramov Bəyannamədə hər iki ölkənin müstəqil xarici siyasət yürütməsi qeyd olunur və tərəflər bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinməyə dair öhdəlik götürməsini xüsusi qeyd edib:
"Bu gün imzalanan Moskva Bəyannaməsinin əsas fəlsəfəsi ölkələrin qarşılıqlı olaraq müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına hörmət nümayiş etdirərək münasibətlərin güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlikdir. Bunun sürətlə dəyişən regionumuzda necə vacib olduğunu təsəvvür etmək çətin deyil. Sənəddə ölkələrin müstəqilliyinin və ərazi bütövlüyünün tanınmasının xüsusi qeyd olunması regiondakı yeni düzən fonunda olduqca vacib məqamdır. Bəyannamədə hər iki ölkənin müstəqil xarici siyasət yürütməsi qeyd olunur və tərəflər bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinməyə dair öhdəlik götürürlər”.
Deputatın sözlərinə görə, son anlaşma 10 noyabr bəyannaməsinin yerinə yetirilməsi üçün yeni imkanlar yaradır:
"Sənəddə mühim məqamlardan biri də 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, o cümlədən 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanmasıdır. Son anlaşma 10 noyabr bəyannaməsinin yerinə yetirilməsi üçün yeni rıçaqlar verir və imkanlar yaradır. Bu isə Zəngəzur Dəhlizinin yenidən bərpası kimi öhdəliklərin reallaşmasına yeni dəstəkdir. Ən əsası, Azərbaycanla Rusiya arasında müttəfiqlik bəyannaməsindən sonra artıq Ermənistan üçüncü tərəfin mübahisələrə cəlb edilməsi kimi məsələlərdən öz maraqları üçün faydalana bilməyəcək. Regionda baş verənlər konteksində, xüsusən vurğulamaq lazımdır ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və bu mövqeni qısa müddət öncə Azərbaycan Prezidenti Kiyevə səfəri zamanı bir daha bəyan etmişdir".
Aydın Nuri