Azərbaycanla sərhədə qoşun yığan İranın məqsədi nədir? - AÇIQLAMA

Azərbaycanla sərhədə qoşun yığan İranın məqsədi nədir? - AÇIQLAMA
SİYASƏT
13:59 17.10.2022
796
Xəbər verdiyimiz kimi, İran Azərbaycanla sərhədə qoşun yığır.

Buna səbəb İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ölkənin şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Araz bölgəsində hərbi təlimlərə başlamasıdır. Məlumata görə, Şərqi Azərbaycan və Ərdəbil əyalətlərində genişmiqyaslı hərbi təlim keçiriləcək.

Bəs İranın bu ərazilərdə hərbi təlimlər keçməsinin xüsusi səbəbi varmı? İranın hazırkı vəziyyətdə məqsədi nədir?

Politoloq Tofiq Abbasov məsələ ilə bağlı AZXEBER.COM-a fikirlərini bildirib.

O, İranın nədən narahatlıq keçirməsi ilə bağlı məsələdən danışıb:

"İndiki məqamda İranın narahatlığı bütövlüklə və bilavasitə Avropa İttifaqının bizim bölgəyə 50 nəfərdən ibarət vətəndaş missiyasının göndərilməsidir. Bu təşəbbüs Azərbaycan tərəfindən rədd edildi və biz bunda heç bir lüzum görmürük. Ancaq Ermənistan ciddi cəhdlə çalışır ki, ABŞ və ya Fransadan buraya müşahidəçilər gətirsin. Biz son durumda görürük ki, Fransa prezidenti, eləcə də ABŞ-nin aparıcı simaları Ermənistan-Azərbaycan qarşıdurması ilə bağlı canfəşanlıq edirlər, hərəkətə gəliblər. Onlar gizlətmirlər ki, burada Rusiyanın moderatorluğunu sıfırlamaq cəhdləri göstərilir. Amma biz gördük ki, Makron oyun qaydalarını ciddi və kobud şəkildə pozmağa cəht edir. O səyları həm də ABŞ dəstəkləyir. Düzdür, bəzi hallarda ABŞ və Avropanın yolları haçalanır, ancaq bu məqamda, hansı ki, Azərbaycan öz sərhədini bağladı ki, bizə gəlib keçməyəcəksiniz. Həmin 50 nəfərdən ibarət missiyanın bura gəlməsi özünəməxsus bir yeni xanədir. Qərb özü üçün daha bir dəhliz açır ki, bu bölgədə fiziki cəhətdən təmsil olunsun.
 
 
 
İran isə bu məsələyə çox narahatlıqla, hətta qıcıqla münasibət bildirib. İranın rəsmi dairələri də, İnqilab Keşikçilərinin rəhbərləri də bu məsələni birmənalı məhkum ediblər ki, bölgədə Qərbin bu cür təmsil olunmasına heç bir lüzum yoxdur. Burada heç bir müharibə yoxdur, qarşıdurma meylləri güclənmir. Digər tərəfdən Azərbaycanla Ermənistan arasında ixtilafların çözülməsi ilə Rusiya, Türkiyə və eləcə də İran özü də burada bəzi məqamlara qatılır, bu ölkələr məşğul olursa, Qərbin iştirakına heç bir ehtiyac qalmır”.

Politoloq qeyd edib ki, İran öz işini ehtiyatlı tutmağa çalışdığını göstərmək üçün bu cür üsula əl atır:

"İran məhz bu təşəbbüsün, hansı ki, zorla Ermənistana sırıdılıb, İran onun arxasında özü üçün və bölgə üçün yeni təhlükəli planların əlamətlərini görür. İndi İran öz işini ehtiyatlı tutmağa çalışır. İstəyir göstərsin ki, İrana qarşı Ermənistan ərazisindən hansısa təhdid olarsa, o zaman bu, dəf ediləcək. İran bu cür qeyri-müəyyən təşəbbüslərin arxasında duran niyyətləri özünəməxsus tərzdə qəbul edir. Ona görə də, tədarük görür”.

"Fikrimcə, bütün bölgə dövlətlərinə, eləcə də İranın özünə aydındır ki, Azərbaycan da bu məsələdə çox prinsipial mövqe tutdu. Prezident İlham Əliyev Praqada bu məsələ ilə bağlı sərt mövqe sərgilədi. Bildirdi ki, Azərbaycan öz suverenliyi ilə alverə getmir. Buna görə də biz o missiyanı Azərbaycan ərazisində görmək istəmirik və görməyəcəyik”, - deyə politoloq əlavə edib.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR