Azərbaycanlı bloqer Rusiyada axtarışa verildi - Həbs oluna bilər

Azərbaycanlı bloqer Rusiyada axtarışa verildi - Həbs oluna bilər
SOSİAL
15:08 14.07.2025
288
Azərbaycan əsilli rusiyalı milyonçu bloqer Sübhan Məmmədova ("Subo”) 50 milyon rubl (təxminən 637 min dollar) məbləğində vergidən yayınma maddəsi ilə cinayət işi açılıb.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə "Mash” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, 2020-ci ildən 2022-ci ilə qədər Sübhan və onun qohumları vergi ödəməkdən yayınmaqla bağlı sxem qurublar. Belə ki, onlar fərdi sahibkar və ya hüquqi şəxs kimi qeydiyyatdan keçmədən bloq vasitəsilə milyonlar qazanıblar. Lakin pullar onun qardaşı və atasının hesablarına köçürülüb. Nəticədə, büdcə 50 milyon rubl vergi itirib, əlavə olaraq 20 milyon rubl məbləğində cərimə və faiz borcu yaranıb. Onlar bu gəlirin 10 milyon rubluna "Lamborghini” avtomobili alıblar.

Hazırda Sübhan Murad oğlu Məmmədov axtarışdadır. Moskva vilayətinin İstintaq Komitəsi "Subo”ya qarşı fiziki şəxs tərəfindən, xüsusilə külli miqdarda vergidən yayınma və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin yuyulması maddələri ilə cinayət işi açıb. Onu 10 ilə qədər həbs gözləyir.

Həmçinin Sübhanın vergidən yayınma sxemini həyata keçirməsinə kömək edən qohumları da saxlanılıb.

Hüquq-mühafizə orqanları bloqerin tərəfdaşlarının qeydiyyatda olduqları mənzillərdə axtarışlar aparıblar.

Onun "Samo” ləqəbi ilə tanınan qardaşı Samir Məmmədov barəsində ev dustaqlığı seçilib. Atasına isə ölkəni tərk etməmək barədə qadağa qoyulub.
OXŞAR XƏBƏRLƏR