Qırğız Respublikasında keçiriləcək parlament seçkilərində azərbaycanlı tanınmış diaspor sədri Xansıvar Baxşaliyev deputatlığa namizədliyini irəli sürüb.
Diaspor sədri AZXEBER.COM-a açıqlamasında seçkilərə müstəqil namizəd kimi qoşulduğunu bildirib.
"Uzun illərdir Türk xalqları arasında mədəni, tarixi və dil əlaqələrinin gücləndirilməsi istiqamətində çalışıram. ‘Birlik’ diaspor təşkilatına rəhbər seçildikdən sonra Azərbaycan və Qırğız ictimaiyyəti arasında mədəni təşəbbüslərin artırılması üçün çoxsaylı layihələr həyata keçirmişik. Təşkilatımızın təşəbbüsü ilə bir sıra dövlət qurumları arasında əməkdaşlıq sənədləri imzalanıb. Parlament seçkilərinə qatılmağım bu fəaliyyətin məntiqli davamıdır və biz başladığımız işi davam etdirəcəyik”, – deyə Xansıvar Baxşaliyev qeyd edib.
Qeyd edək ki, Xansıvar Baxşaliyev KGAFKIS-in "Çağırışqabağı Bədən Tərbiyəsi” fakültəsini və Qırğızıstan Milli Universitetinin Hüquqşünaslıq (Cinayət hüququ) fakültəsini bitirib. Hazırda Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında doktorantura təhsili alır.
Namizəd ictimai fəaliyyətinə görə Qırğızıstan Xalq Assambleyasının medalı, Dövlət dilinin inkişafına görə Fəxri Fərman, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin medalı, Xalqlar arasında dostluğun möhkəmləndirilməsinə görə Təşəkkür məktubu ilə təltif olunub.
Aysel











































