“Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası” İctimai Birliyinin sədri Səbuhi Abbasov Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciət ünvanlayıb. Müraciətdə deyilir:
“Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə
Cənab Prezident!
Bu gün güclü iqtisadiyyata, siyasi sabitliyə, böyük hərbi potensiala və demokratik inkişaf xəttinə malik olan dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi altında qarşısında qoyduğu istənilən vəzifənin öhdəsindən uğurla gəlir. Azərbaycan bu gün bölgədə və dünyada etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə imicinə malikdir. Beynəlxalq arenada qazanılan bu möhtəşəm uğurun əsasında ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi balanslı və çevik xarici siyasət strategiyası və onun dünyanın yeni geosiyasi reallıqları nəzərə alınmaqla Prezident İlham Əliyev tərəfindən novatorcasına davam etdirilməsi kursu dayanır. Aparılan düzgün siyasətin nəticəsində Azərbaycan hansısa beynəlxalq maliyyə institutlarından və ya siyasi mərkəzlərindən asılı olmayan regional lider dövlət səviyyəsinə yüksəlmişdir.
Bu gün Azərbaycan beynəlxalq sammitlərin və sivilizasiyalararası dialoqun keçirildiyi məkandır, ən nəhayət, Avropanın ilk Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək dövlətdir.
Heç şübhəsiz, dövlət idarəçiliyi və onun müxtəlif istiqamətləri üzrə əldə edilən bu uğurlar Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasəti olmasaydı daha böyük miqyas ala bilərdi. Dövlətimizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyi vardır və bu mövqe həm tarixi həqiqətə, həm də beynəlxalq hüquq normalarına əsaslanır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyü danışıqların predmeti olmayıb və heç zaman da olmayacaqdır. Danışıqlar prosesində konkret nəticə olmasa da, son aylar ərzində beynəlxalq vasitəçilərin münaqişə ətrafında formalaşmış status-kvonun dəyişdirilməsinin vacibliyi ilə bağlı davamlı bəyanatlar səsləndirməsi təqdirəlayiq haldır. Münaqişə dondurulmuş münaqişə deyil və status-kvonun dəyişdirilməsi ilk növbədə Azərbaycan torpaqlarının işğaldan azad edilməsini tələb edir və münaqişənin həlli yolu yalnız bundan keçir. Cənab Prezidentin təbirincə desək, iqtisadi artım, iqtisadi potensial, demoqrafik durum və əlbəttə hərbi güc münaqişənin tezliklə həll olunması üçün öz rolunu oynayır və oynayacaqdır.
Cənab Prezident!
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası olaraq 8 illik fəaliyyətimiz dövründə Slavyan xalqlarının, əl-əxsus Rus mədəniyyətinin, tarixinin, dilinin ölkəmizdə təbliği istiqamətində mühüm layihələr həyata keçirmişik və keçiririk də. ASGA-nın Rusiya nümayəndəliyinin açılması, elə bilirəm ki, Rus dili, tarixi və mədəniyyətinin ölkəmizdə daha irimiqyasda təbliğinə yeni imkanlar açacaqdır. Son zamanlar Rusiyaya qarşı beynəlxalq aləmdə qərəzli mövqeyin nümayiş etdirilməsini rəsmi şəkildə ASGA olaraq pisləmişik. Eyni zamanda iki böyük slavyan – Rus və Ukrayna xalqlarının dost olaraq qalmasının tərəfdaşı olduğumuzu bəyan etmişik.
Bu gün isə biz müharibənin ağrılı və acılı nəticələrinin şahidi olan Azərbaycan gəncləri olaraq bəyan edirik: Biz, müharibə şəraitində yaşayan gənclər olaraq, dünyada baş verən bütün müharibələrin əleyhinəyik, bununla yanaşı, Ermənistan Respublikası tərəfindən regionda aparılan müharibə nəticəsində stabilliyin pozulması zamanı Azərbaycan gəncləri olaraq hər zaman torpaqlarımızın müdafiəsinə və hüquqlarımızın bərpasına hazır olduğumuzu bəyan edirik. Sizləri də baş verən bu hadisələr qarşısında biganə qalaraq susmamağa, hər zaman dəstəklədiyiniz sülhün bərqərar olunmasında, Ermənistanın öz işğalçı, məkrli siyasətindən əl çəkməsində vasitəçilik etməyinizi xahiş edirik.
“Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası”
İctimai Birliyinin təsisçisi və sədri Səbuhi Abbasov
Bakı şəh., 08 avqust 2014-cü il