Azərbaycanlı iş adamının meyiti şkafdan asılı halda tapıldı - Qətl, yoxsa intihar?

Azərbaycanlı iş adamının meyiti şkafdan asılı halda tapıldı - Qətl, yoxsa intihar?
DÜNYA
14:32 27.06.2018
9775
Türkiyənin Antalya bölgəsinin Finike qəsəbəsində azərbaycanlı iş adamı Məcid Nuxiyevin (Medzhyd Nukhıyev) meyiti yaşadığı evin yataq otağındakı şkafdan asılmış halda tapılıb.

Fevral ayından bəri qəsəbənin Yeni məhəllə adlanan ərazisində tək yaşayan azərbaycanlı 64 yaşlı biznesmendən xəbər ala bilməyən ev sahibi ötən gün onun yaşadığı mənzilə gedib. O, qapını nə qədər döysə də, açan olmayıb və evdən gələn kəskin qoxudan şübhələnərək polisə müraciət edib.

Əraziyə gələn polis əməkdaşları qapını xüsusi alətlərlə açaraq evə daxil olublar. Məcid Nuxiyev evin yataq otağındakı paltar şkafında elektrik kabeli ilə boynundan asılmış vəziyyətdə tapılıb.

 


 
Məlumat üçün bildirək ki, Məcid Nuxiyev Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Lvov üzrə nümayəndəsi olub. O, əslən Kürdəmir rayonundandır. 
 
Onun bədənində döymələr olub və bəzi sosial şəbəkə istifadəçiləri bunun Nuxiyevin kriminal keçmişinə işarə edə biləcəyini yazıblar. Habelə o, müsahibələrindən birində demişdi ki, Azərbaycandan bəzi deputatlar Ukraynaya əxlaqsız qadınlarla görüşmək üçün gəlir.

Nuxiyevin ölümünün intihar, yoxsa qətl olduğunu Türkiyə polisi araşdırır.
 

 


İlkin təhqiqat zamanı məlum olub ki, biznesmen təxminən 5-6 gün əvvəl ölüb. Meyit Antalya Məhkəmə tibb ekspertizasına aparılıb, faktla bağlı araşdırma aparılır.

 

 

Yerli mətbuat isə M.Nuxiyevin Antalyada portağal biznesi ilə məşğul olduğunu yazır. 
 
///BakuPost
OXŞAR XƏBƏRLƏR