Bu dəfə AZXEBER.COM-un “Facebook ulduzları” rublikasının qonağı tanınmış teleaparıcı Könül Arifqızıdır.
Könül xanımla keçmiş həyatı, bu günü və gələcəyi ilə bağlı maraqlı söhbətimiz baş tutdu.
Həmin müsahibəni olduğu kimi təqdim edirik:
“Demək olar ki, onun sayəsində bu peşəyə yiyələndim”
-Niyə məhz aparıcı olmaq qərarına gəldiniz?
-Mən əslində musiqi ixtisası üzrə təhsil almışam. Ancaq tale məni televiziyaya “atdı”. Bu sahəyə gəlməyimdə qardaşım Murad Arifin bilavasitə rolu var. Demək olar ki, onun sayəsində bu peşəyə yiyələndim.
-Müəllifi və aparıcısı olduğunuz verilişlərdən sizə ən doğma olanı hansıdır?
Müəllifi olduğum verilişlərimin hamısı mənim üçün doğmadır ( mənə aid olmayan və müvəqqəti kimisə əvəz edərək apardığım verilişlər bura daxil deyil). İstər ilk verilişim "Patefon", istər "1 mahnının tarixçəsi", istərsə də "Ötən əsrin nəğmələri". Fikir verirsinizsə, bütün bu verilişlər mövzu etibarilə oxşardılar. Onların arasında fərq qoymuram.
-Bu günə qədər “dayandığınız nöqtədən” nə qədər irəli gedə bilmisiniz?
Mənə elə gəlir ki, elə olduğum yerdə də qalmışam.
-Hazırda olduğunuz “zirvə”dən yıxılmaq qorxunuz var?
-Qətiyyən yoxdur. Çünki olduğum yerdə olmaq, aparıcılıq, tanınmaq və s. mənim üçün adi şeylərdir. Ola bilər ki, kimlər üçünsə “şöhrətin zirvəsi” sayılsın, ancaq mənim üçün elə deyil.
“Ailə qurmuşam, amma alınmayıb”
-Könül Arifqızının könlündən nə keçir?
Könlümdən Qarabağ keçir. Mənim uşaqlıq illərim orada olub. İnanın ki, uşaqlıqda Ağdamın bazarlarında burnuma dəyən meyvə-tərəvəzin, göyərtinin, həyətimizdəki ağacların, yağışdan sonrakı torpağın ətirli qoxusu hələ də getməyib. Həmin qoxular uşaqlığımla assosiativ şəkildə bağlıdır.
-Ailə qurmusunuz?
-Ailə qurmuşam, amma alınmayıb. Ayrılmışam.
-Ayrılmağınıza səbəb nə idi?
-Bu barədə bir o qədər danışmaq istəmirəm. Çünki bu özüm üçün də maraqsız mövzudur. Düzü, həyatımın o fraqmentini yadıma da sala bilmirəm. Bircə bunu deyə bilərəm ki, ayrılıq səbəbi karyeramla bağlı olmayıb. Çünki ailə quranda da, ayrılanda da heç televiziya sferasında deyildim.
-Övladınız var?
-Xeyir.
-Bəs siz özünüz valideynləriniz üçün necə övlad olmusunuz?
-Mən onların övladlarının ən sakiti olmuşam.
-Ayrılandan sonra sevgi yaşamamısınız?
-Ciddi bir şey olmayıb.
-Yenidən ailə qurmaq istəyiniz var?
-Təbii ki, hər bir insan istəyər onun sağlam ailəsi olsun. Lakin mən hələ öz seçimimi etməmişəm.
“Özümə onu dərd etmirəm ki, kimsə mənə baxar, kimsə nəsə deyər”
-Nəyi “həzm” edə bilmirsiniz?
-Mənim üçün “həzmolunmaz” heç nə yoxdur. Hər şeyi asanlıqla “həzm” etməyi bacarıram.
-Sizin üçün dözülməz olan nədir?
-Mədəniyyətsizlik. İcitmai yerlərdə mədəniyyətsizliklə qarşılaşdığım zaman bu mənim üçün dözülməz olur. Bir də ehtiyacı olan kəslərə, əlilllərə, müharibə veteranlarına diqqətsizlik, qayğısızlıq, etinasızlıq və s. kimi hallar məndə təəssüf doğurur.
-Yatsanız yuxunuza nə girməzdi?
-Haçansa televiziya aparıcısı olacağım.
-Daxilən sərbəst insansınız?
-Bəli, çox sərbəstəm. Mənə heç kim qadağa qoya bilməz. Yalnız ola bilər ki, özüm özümə hansısa qadağanı qoyum. Məsələn, dost-tanışla hansısa bir məclisdə olanda istədiyim kimi hərəkət edirəm, deyib-gülürəm. Yəni, özümə onu dərd etmirəm ki, kimsə mənə baxar, kimsə nəsə deyər və s.
-Kimdən nə umursunuz?
-Mən heç kimdən heç bir şey ummuram. Kiminsə də məndən nəsə ummasını qəbul edə bilmirəm. Belə hallar mənə yaddır.
“Çox açıq-saçıq geyinməyi xoşlamıram”
-Bəs hansı hisslər sizə yadlaşıb?
-Mənə yadlaşan heç bir hiss yoxdur. Allahın bütün insanlara bəxş etdiyi duyğuların, hisslərin hər biri mənə də xasdır. Yəni ki, qumanoid deyiləm.
-Geyim tərzinizdə özünüzə hansısa bir hədd müəyyən etmisiniz?
-Çox açıq-saçıq geyinməyi xoşlamıram. Amma olur ki, qısa da geyinirəm. Təbii ki, mənə yaraşdığı təqdirdə. Bir sözlə, hər bir şey zövqlü, yaraşıqlı və estetik olmalıdır.
-Ötən əsrin Könül Arifqızı necə olub?
-Deyə bilərəm ki, indiki ilə müqayisədə nisbətən emossional olmuşam. Görünür ki, yaş da hardasa öz sözünü deyir.
“Ürəyim rahatlıq tapcaqsa, onda onun səsini dinləyib razılaşıram”.
-Yaşınızın üstünə yaş gəldikcə nə barədə düşünürsünüz?
-Düşünürəm ki, gördüyüm nə varsa, hamısı fanidir. Əbədi olan heç nə yoxdur. Ona görə də, yaş artdıqca hər şeyin mahiyyəti gözümdə tədricən kiçilməyə başlayır. Bir də zaman elə sürətlə gedir ki, heç nəyə fürsət etmək olmur, gözünü açıb görürsən ki, artıq hər şeyin sonudur.
-Sizi sizdən nə “alıb”?
-Deyərdim ki, heç nə almayıb. Özümdəyəm (gülür).
-Həmişə ağlınızla hərəkət edirsiniz?
-Mən ağlımla bərabər ürəyimlə, bəzən hislərimlə də hərəkət edirəm. Əgər ürəyim rahatlıq tapcaqsa, onda onun səsini dinləyib razılaşıram.
-Öz əlinizlə uçuruma yuvarlandığınız anlar olub?
-Belə hallar olmayıb. Çünki mənim səhvim olsa da, onu özümə faciə etmirəm. Yəni ki, heç bir şeyin peşmançılığını çəkmirəm.
AZXEBER.COM












































