Azərbaycanlı “vor zakon”lar İsveçdə fəallaşdı

Azərbaycanlı “vor zakon”lar İsveçdə fəallaşdı
Bütün Xəbərlər
12:40 11.05.2015
2881
İsveçin hüquq-mühafizə orqanları Azərbaycan və digər bəzi keçmiş sovet respublikalarından olan kriminal avtoritetlərin ölkə ərazisində fəallaşmasından narahatlıq ifadə edib.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə İsveç polisinin Əməliyyat şöbəsi tərəfindən hazırlanmış hesabatda deyilir. Hesabat bütün ölkə ərazisində polislər arasında anket sorğusu əsasında hazırlanıb.
Sənəddə deyilir ki, İsveç ərazisində kök salmış cinayətkar qruplaşmalar arasında keçmiş sovet respublikaları, Balkan, Asiya və Cənubi Amerika nümayəndələri üstünlük təşkil edir. Keçmiş sovet respublikalarından olan kriminal elementlər hesabatda “vor zakon”lar adlandırılır.
İsveç polisinin bildirdiyinə görə, “vor zakon” anlayışı totalitar sovet sisteminin təzahürüdür. Bu anlayış üç səviyyədən ibarət iyerarxik sxemi özündə əks etdirir. Burada “vor zakon”lar ən yüksək pilləni tutur, onlardan aşağıda kriminal avtoritetlər gəlir, üçüncü pillədə isə faktiki icraçılardır. Bu sistem daxilində əldə edilən gəlirlərdən “obşak” adlanan vahid kassaya müntəzəm ödəmələr həyata keçirilir.
Hesabata əsasən İsveçdə kök salmış “vor zakon”lar beynəlxalq cinayətkar strukturların tərkib hissəsidir və öz nüfuzlarını Avropa İttifaqı hüdudları daxilində yaymaqda davam edirlər. Bu kriminal liderlər Qərbi Avropanı asan çıxış imkanı olan cinayət bazarı hesab edirlər və oradan böyük gəlirlər əldə etməkdədirlər.
Hesabatda deyilir ki, bu kriminal strukturların üzvləri Gürcüstan, Azərbaycan, Belarus, Ermənistan və digər keçmiş sovet respublikalarından olanlardır. Onların nəzarət etdiyi qruplaşmalar İsveç ərazisində adam oğurluğu, reket, fırıldaqçılıq və sosial təminat sistemində maxinasiyalarla məşğuldur. Əgər əvvəllər bu qruplaşmaların əsas gəlir mənbəyi narkotik alveri, sutenyorluq, silah qaçaqmalçılığı idisə ondi onlar iqtisadi cinayətkarlıqdan və kibercinayətkarlıqdan böyük gəlirlər əldə edirlər. Hesabata əsasən İsveçin bəzi regionlarda odlu silahla törədilən zorakılıqların sayında kəskin artım da “vor zakon”ların fəaliyyəti ilə bağlıdır. Onlar İsveç ərazisində digər beynəlxalq cinayətkar qruplaşmalarla fəal əməkdaşlıq edir, o cümlədən çeçenlərdən müxtəlif cinayətlərin icrası üçün yararlanırlar.
OXŞAR XƏBƏRLƏR