xari

Azərbaycanlılar ərzaqa pul xərcləyən millətlər arasında dünyada birinci oldu – SİYAHI

İQTİSADİYYAT
17:45 23.01.2012
3396

Cavid Xəlilov: “Əhalinin xərclərində ərzaq xərclərinin payının getdikcə artması narahatçılıq doğurur”

Azərbaycanda əhali istehlak mallarının alınması xərclədiyi vəsaitin ¾-ü hissəsini ərzaq məhsullarına yönəldir. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Cavid Xəlilovun AZXEBER.COM-a verdiyi məlumata görə, bu, dünyada ən yüksək həddir.

Ekspertin sözlərinə görə, ABŞ-ın Kənd Təsərrüfatı Departamentinin İqtisadi Tədqiqatlar Xidməti 2011-ci il üzrə «Cross-Price Elasticities of Demand» adlı hesabat açıqlayıb və bu hesabata görə, Azərbaycan ailələrin ərzaq büdcəsinə görə 114 ölkə arasında liderdir.

Hesabatda qeyd olunur ki, Azərbaycanda ailələr öz xərclərinin 73,5%-ni ərzaq alışına yönəldirlər bu göstəriciyə görə, birinci yeri bölüşür. Növbəti yerləri Tanzaniya və Nigeriya bölüşür. Tanzaniyada ərzaq büdcəsinin həcmi 73,2%, Nigeriyada isə 72,9% təşkil edib.

Ekspertə görə, bu vəziyyət ölkəmizdə orta statistik ailələrin gəlirlərinin ərzaq xərclərinə nisbətən az olduğunu göstərir. “Bu isə əhalinin böyük hissəsi üçün yoxsulluq riski probleminin ciddi olduğunu göstərir. Bir qayda olaraq, əhalinin ərzaq xərcləri onların ümumi büdcəsində nə qədər çox olsa, ölkə üçün yoxsulluq problemi bir o qədər aktual olar”.

Ekspert eyni zamanda qeyd edib ki, Azərbaycanda ailələrin ərzağa iqtisadi əlcatanlığı səviyyəsi inkişaf etmiş ölkələrdən təxminən 6 dəfə aşağıdır: “İnkişaf etmiş ölkələrdə ailələrin ərzaq xərcləri ümumi xərclərin az hissəsini təşkil edir. Müqayisə üçün deyək ki, ABŞ-da ailələr ərzağa öz xərclərinin cəmi 9,72%-ni yönəldirlər. Avropa iqtisadiyyatının lokomotivi olan Almaniyada bu göstərici 13,09%-ə, Yaponiyada isə - 14,87%-ə bərabərdir”.

C.Xəlilov həmçinin diqqəti MDB ölkələrindəki vəziyyətə yönəldib: “Azərbaycanla müqayisədə MDB ölkələrində, o cümlədən qonşu ölkələrdə vəziyyət nisbətən yaxşıdır. Məsələn, Rusiyada əhali ərzaq alışına öz xərclərinin 34,3%-ni, Qazaxıstanda isə - 51,8%-ni sərf edirlər. Qonşu Gürcüstanda və Türkiyədə isə bu göstəricilər analoji olaraq 47,4% və 32,6% təşkil edir”.

Ekspertin sözlərinə görə, Azərbaycanda əhalinin xərclərində ərzaq xərclərinin payının getdikcə artması müşahidə edilir və bu tendensiya narahatçılıq doğurur. Çünki bu, ekspertə görə, ölkəmizdə yoxsulluğun azaldılması və əhalinin gəlirlərinin ilbəil artması ilə bağlı statistik rəqəmlərin fonunda ziddiyyət təşkil edir. “Əgər 2009-cu ildə əhali öz xərclərinin təxminən yarısını ərzağa yönəldirdisə, 2011-ci ildə bu göstərici 73,5% həddinə yüksəlib. Bu tendensiya narahatçılıq doğurur“

Sonda ekspert çıxış yolu kimi “Əhalinin ərzaqla etibatlı təminatı Dövlət Proqramına yenidən baxılmasını və ailələrin ərzağa iqtisadi çıxışını artırmağa imkan verən kompleks tədbirlərin işlənib hazırlanmasını təklif edib.

OXŞAR XƏBƏRLƏR