Azərbaycanlılar Hollandiyada etiraz aksiyası keçirdi - FOTOLAR
GƏNCLİK
21:03 11.11.2012
2080
Azərbaycan Niderland Gənclər Təşkilatı (AzJN) və ASAIF Hollandiyanın Hiversum şəhərində etiraz aksiyası keçirib. Bu haqda Gün.Az-a ASAIF-in Belçika Krallığı üzrə koordinatoru Musa Həsənov məlumat verib. Onun dediyinə görə, aksiyaya səbəb Hollandiyanın BNN şirkətinə daxil olan Holland-3 televiziyasında Dağlıq Qarabağın müstəqil dövlət kimi göstərilməsi olub: “Holland-3” televiziya kanalında Dağlıq Qarabağı müstəqil dövlət kimi göstərilib və turistik veriliş hazırlayıb. Biz Avropada yaşayan azərbaycanlılar bununla bağlı bu gün şirkətin qarşısında etiraz aksiyası keçirdik. Daha sonra şirkətin rəhbərliyiylə görüşərək etiraz məktubumuzu onlara çatdırdıq. Bildirdik ki, Dağlıq Qarabağ əbədi və əzəli Azərbaycan torpağıdır. Ermənistanın işğalçı siyasəti haqda onlara məlumat verdik. Onlar da öz növbələrində etiraz məktubunu qəbul etdilər və məsələyə yenidən baxacaqlarına söz verdilər”. Musa Həsənovun dediyinə görə, aksiyaya maraq çox böyük olub: “Bu gün gözlədiyimizdən çox insan aksiyaya gəlmişdi. Onlar Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün toplaşmışdılar. Aksiya iştirakçiları arasında Qarabağdan öz ata-baba torpaqlarından qovulmuş həmyerlilərimiz də var idi”.Aksiyadan fotoları təqdim edirik.