Tarixə diqqət yetirdikdə deyə bilərik ki, Azərbaycanın öz müstəqilliyini bərpa etməsi azərbaycançılıq ideologiyasının ən vacib amillərindən birini yerinə yetirmək demək idi. O səbəbdən ki, müstəqillik hər bir ölkənin, xalqın varlığı üçün önəmli prioritetlərdən başlıcasıdır. Düzdür, həmin dönəm də bizim üçün asan olmayıb. Yaxın keçmişə nəzər salsaq, görərik ki, XX əsrdə Azərbaycan iki dəfə dövlət müstəqilliyini elan etmişdir. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay sürmüşdür. 1991-ci ildə yenidən müstəqilliyini əldə edən Azərbaycanda onun qorunub saxlanılması heç də asan olmamışdır.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq ideologiyası təkcə ölkəmizdə yaşayan azərbaycanlıların deyil, eyni zamanda bütün dünya azərbaycanlılarını bir yerdə cəmləşdirən bir ideologiyadır. Bu ideologiya tarix boyu çətin dövrlərdən keçsə də, xalqımızın inamı, ideologiyasına verdiyi dəyər, etimad sayəsində bütün çətinlikləri dəf edərək bu günə qədər gəlmişdir. İdeologiya dedikdə biz siyasi və ya sosial təlim, hökumətin, sosial sinfin davranışlarına istiqamət verən düşüncələr toplusunu anlayırıq.

"Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasına əsaslanan bayramdır. Xüsusilə son illərdə məhz bu ideologiya bütün dünyada yaşayan azərbaycanlıların özünüdərkinə təkan verən güclü bir amilə çevrilmişdir”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat qeyd edib ki, Azərbaycançılıq ideologiyası ətrafında birləşən hər bir soydaşımız harada yaşamasından asılı olmayaraq, doğma Azərbaycanın inkişafına, Vətənimizin dünya birliyində layiqli yer tutmasına və tanınmasına, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasına töhfə verməyi özünə mənəvi borc bilir:
"Ümummilli Lider Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlamışdı. Bu təşkilatlanmanın reallaşması üçün ilk və ən mühüm addımı da məhz Ulu Öndər Heydər Əliyev atmış və dünyada yaşayan bütün soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşməsinin əsasını qoymuşdu. Ümummilli Lider dəfələrlə qeyd etmişdi ki, müstəqil Azərbaycan Respublikasının inkişafında dünyanın müxtəlif ölkələrinə yayılmış azərbaycanlıların həmrəyliyi, mənəvi-ideoloji, siyasi köməyi böyük rol oynayır. Bir xalq olaraq əsas vəzifələrimizdən biri həmin həmrəyliyi gücləndirməkdən, daha intensiv xarakter almasını təmin etməkdən ibarətdir. Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycanı öz vətəni sayması, onu milli ruhun, milli-mənəvi dəyərlərin əsası kimi qəbul etməsi və azərbaycançılıq ideyası ətrafında birləşməsi də məhz Heydər Əliyev fəaliyyətinin nəticəsidir. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən, həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi”.
Deputatın sözlərinə görə, bu gün Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsi ilə dünya azərbaycanlılarının həmrəyliyinin və mütəşəkkilliyinin güclənməsi, ümummilli ideyalar ətrafında sıx birləşməsi üçün yeni, daha geniş imkanlar açılmışdır:
"Bu gün Ulu Öndərin əsasını qoymuş olduğu milli həmrəyliyimiz ölkə Prezidenti cənab İlham Əliyevin effektiv siyasəti ilə uğurla inkişaf etdirilir. Dövlət başçısının imzaladığı sərəncamlarla Bakı şəhərində 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II, 2011-ci il iyulun 5-6-da III, 2016-cı il iyunun 3-4-də isə IV Qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir. Bu qurultaylar dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyət kəsb edir.
Eyni zamanda qurultaylar bir daha dünya azərbaycanlılarının Prezident İlham Əliyevin, deməli, Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini təsdiqlədi. Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2018-ci 6 iyul tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradıldı. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2019-cu ildə "Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təsis edildi. Bu gün dünya azərbaycanlılarının institusional həmrəyliyinin təcəssümü olan diaspor təşkilatlarının inkişaf prosesi sürətlə davam edir. Dünya Azərbaycanlılarının I qurultayında yaradılmış Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilmiş iclası və həmin toplantıda "Dünya azərbaycanlılarının Xartiyası”nın qəbulu birlik və mütəşəkkilliyinin artması, tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsi, diaspor potensialının möhkəm amilə çevrilməsini göstərməklə yanaşı, müstəqil Azərbaycanın bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzi olduğunu da bir daha təsdiqlədi”.
Bu gün Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsi ilə dünya azərbaycanlılarının həmrəyliyinin və mütəşəkkilliyinin güclənməsi, ümummilli ideyalar ətrafında sıx birləşməsi üçün yeni, daha geniş imkanlar açılmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan dövləti artıq daha nüfuzlu iqtisadi və siyasi gücə çevrilmişdir. Bütün bu amillər dünyada yaşayan soydaşlarımızda Vətənimizə və xalqımıza mənsubluq hissini daha da gücləndirmiş, dünya azərbaycanlılarının birlik və həmrəyliyini daha möhkəm və sarsılmaz etmişdir”.
Azərbaycançılıq ideologiyası, Azərbayan xalqının birliyi və ordusunun gücü 30 ildən sonra tarixi torpaqlarımızın işğaldan azad edilməsinə səbəb oldu. 30 ildən sonra müstəqil Azərbaycan müstəqilliyinin bərbası gününü bütöv şəkildə qeyd etdi. Tarixin silinməz dönəmlərini yazan Azərbaycan artıq müstəqil olmaqla yanaşı, eyni zamanda bütün dünyada qalib kimi tanınan bir ölkədir. Bu qalibiyyəti əldə etmək üçün bizə lazım olan amillərdən biri də ideologiya ətrafında birləşmək idi ki, xalqımız da bunu ən yaxşı bacaranlardan oldu.
Aydın Nuri
Yazı Medianın İnkişafı Agentliyinin "Azərbaycançılıq ideyasının təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili - azərbaycançılıq ideologiyası bizi birləşdirən əsas dəyərdir"; mövzusu üzrə dərc edilib.
