Son günlər ölkənin iki böyük mobil operatoru - "Azercell" və "Bakcell" tarif qiymətlərini kəskin artırıb. Bu dəyişiklik ictimaiyyət arasında narazılıqla qarşılanıb. İstifadəçilər mobil rabitə xidmətlərinin eyni vaxtda və paralel şəkildə bahalaşmasını şübhəli hesab edirlər.
Eyni zamanda vətəndaşlar bu qərarın aidiyyəti dövlət qurumları tərəfindən monitorinq olunub-olunmadığı, eləcə də gələcəkdə oxşar halların qarşısının alınması üçün hər hansı hüquqi və ya tənzimləyici dəyişikliklərin nəzərdə tutulub-tutulmadığı ilə maraqlanırlar.
AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı oxu.az-ın sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) bildirilib ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən, mobil operatorlar göstərdikləri sözügedən telekommunikasiya xidmətlərinin tariflərini və ödəmə qaydasını müstəqil şəkildə müəyyən edirlər və bu qiymətlər dövlət tərəfindən tənzimlənmir.
"Habelə tənzimləyici qurumlar tərəfindən normativ hüquqi aktlarla müəyyən edilmiş əsaslar olmadan təsərrüfat subyektlərinin satdığı məhsulun qiymətləri üzərində nəzarət həyata keçirilməsi qadağandır", - deyə İKTA-dan bildirilib.