Masallı rayonu, Yeddi oymaq kənd sakini Xalid Cəfərov ona heç bir xəbərdarlıq edilmədən "Azəriqaz" tərəfindən işdən azad olunduğunu deyib.
AZXEBER.COM xəbər verir ki, bu haqda vətəndaş "Hürriyyət TV"nin canlı yayımında bildirib.
Müəssisənin verdiyi maaşdan gileylənən X.Cəfərov həmin qurumda 2016-cı ildə işə başladığını və işlədiyi müddətcə əmək haqqını vaxtında ala bilmədiyindən şikayətlənib.
O bildirib ki, işdən yenicə azad edilib və üç övladı var. Onlardan biri də ağır xəstədir.
AZXEBER.COM mövzuyla bağlı "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevlə əlaqə saxlayıb.
O, saytımıza açıqlamasında deyib ki, yayılan videoda Xalid Cəfərov tərəfindən səsləndirilən iddialar tamamilə əsassızdır:
"Həmin video ilə əlaqədar bu gün on nəfər zəng vurub. Qeyd edim ki, "Azəriqaz" İB xəbərdarlıq etmədən heç bir əməkdaşının müqaviləsinə xitam vermir. Yayılan bu informasiyaların bizim müəssisə ilə heç bir əlaqəsi yoxdur. Bundan əlavə, birliyin əməkdaşlarının əməkhaqları vaxtı-vaxtında ödənilir".
Sosial şəbəkələrdə yayılan həmin videogörüntüləri təqdim edirik:
Mikayıl Mirzəzadə