Belə yanaşma var ki, son illər ölkədə qanunvericiliyin sərtləşdirilməsi prosesi gedir. Elə Milli Məclisin ötənilki iclaslarında bununla bağlı bir sıra qanunlar qəbul edildi, yaxud qanunlara əlavə və dəyişikliklər edildi. Məsələ ilə əlaqədar parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Yeni Müsavat"a müsahibə verib.
AZXEBER.COM həmin söhbəti təqdim edir:
- Əli bəy, 2019-cu ilin ilk günündən etibarən vergilərlə bağlı sahibkarlara ciddi güzəştlərin tətbiq olunmasına başlanılması ilə paralel olaraq sərt sanksiyalara da start verilib. Bəzi vətəndaşlar, xüsusilə də sahibkarlar narahatlıqlarını ifadə edirlər. Onlara "qanunun sərt üzü” ilə bağlı nə deyə bilərsiniz?
- Həqiqətən də son bir neçə ildə bizim hüquq pozuntularının qarşısının alınması ilə bağlı cəza mexanizmlərimiz daha çox maliyyə sanksiyaları və cərimə formasına keçməyə başladı, bunu yəqin müşahidə etdiniz. Yəni maliyyə və cərimə sanksiyaları. Amma eyni zamanda paralel olaraq biz şəffaflığın artırılması ilə bağlı da mexanizmlər yaratdıq. Əslində bu, korrupsiyaya qarşı mübarizə ilə bağlı ölkədə həyata keçirilən yeni siyasətin tərkib hissəsi idi. Çünki sadəcə, cəzanın verilməsi, deyək ki, hər hansı əmələ görə azadlıqdan məhrumedilmə və s. istənilən effekti vermir. Dövlət qarşısına belə bir məqsəd qoymayıb ki, mütləq insanın azadlığı məhdudlaşdırılsın. Ümumiyyətlə, iqtisadi sahədə əgər ziyan dəyibsə, onun dövlət büdcəsinə bir və ya bir neçə qat ödənməsi dünya təcrübəsində çoxdan yer almış bir məsələdir. Bax, bu baxımdan sizinlə razıyam ki, həqiqətən də son dövrlər əvvəlki illərlə müqayisədə cərimə sanksiyaları, ümumiyyətlə, maliyyə sanksiyaları bir neçə dəfə yox, hətta bəzi hallarda on dəfə artıb. Misal üçün, 100 manat idi, olub min manat. Hüquqi və vəzifəli şəxslərlə bağlı elə cərimə sanksiyalarımız var ki, məbləğ 20 min manatadək artıb.
- Burada opponentlərinizin yanaşması belədir ki, axı bunu ödəmək imkanı olmur. Siz qanunları qəbul edərkən sahibkarın imkanlarını nəzərə alırsınızmı?
- Əlbəttə, burada məqsəd ondan ibarət deyil ki, ödəmək imkanı olsun. Məqsəd ondan ibarətdir ki, vətəndaş bundan çəkinsin. Yəni maliyyə sanksiyalarının həcmi məhz o məqsədi güdür. Amma eyni zamanda paralel olaraq ölkədə islahatlar həyata keçirilir. Məsələn, artıq uzun illərdir əhali "ASAN Xidmət”dən məmnundur. Bu yaxınlarda artıq 26 milyonuncu müraciət oldu. "ASAN Xidmət”in də yaradılmasında məqsəd hansısa bir qurumun fəaliyyətini əvəz etmək deyildi, sadəcə, qurumları daha effektiv, daha şəffaf fəaliyyət göstərməyə təşviq etmək idi. Hesab edirəm ki, buna nail olundu. Çünki ASAN faktiki olaraq bir çox dövlət orqanlarının nümayəndələrinin toplandığı bir ofis mahiyyəti daşıyır. Dövlət orqanı həm özü fəaliyyət göstərir, həm də ASAN bu xidməti təqdim edir. Tutaq ki, pasport alınması, daşınmaz əmlakın çıxarışının verilməsi, notariusdan orada da istifadə edilə bilər, burada da. Burada daha müasir şərait yaradılıb. Amma bu, həm də digər orqanları da islahatlar keçirməyə təşviq etdi, o prosesi sürətləndirdi. Məncə, "ASAN Xidmət”in müsbət nəticəsi ondan ibarət oldu ki, digər orqanlarda da paralel olaraq sağlam bir rəqabət yarandı və xidmət göstərməyə başladılar. Beləliklə, vətəndaşın artıq seçimi var. Elə hallar var ki, o, həmin orqana müraciət edir. Proses paralel gedirdi. Biz rüsumların ödənilməsi və s. bağlı neqativ halların böyük bir hissəsinin qarşısını aldıq. Amma elə hallar var ki, onların qarşısını bu yolla almaq olmur, orada cərimə sanksiyaları olmalıdır. Onlar da, qeyd etdiyim kimi, kifayət qədər artırılıb.
- Necə bilirsiniz, cəzaların ağırlaşdırılması insanları vergiləri ödəməyə sövq edəcəkmi? Ola bilərmi ki, bu, əks-effekt versin?
- Belə demək olmaz ki, bu, hər yerdə istədiyimiz effekti verib. Misal üçün, son dövrlər bizə daha çox müraciətlər daxil olur. Zamanında biz kommunal xərclərlə bağlı sanksiyaları artırdıq. Sayğaclara müdaxilə ilə bağlı ciddi sanksiyalar qoymuşuq. Cərimələr var, sayğaclar ödənilməlidir. Mən özüm bu yaxınlarda problemlə bağlı "Azəriqaz”ın Bakı Şəhər Satış Departamentində olmuşam. Açığını deyim ki, həm təəccübləndim, həm də məyus oldum. Çoxlu sayda vətəndaşlar müraciət edirdi. Problem ondan ibarət idi ki, onlar sayğaca müdaxilə edib və əksər vətəndaşlar cərimələnib, sayğaclar bloklanıb. Mən özüm bir vətəndaş kimi o prosesi həm müşahidə etdim, həm də bu prosesdən keçdim. Bir sıra hallarda o qənaətə gəldim ki, bizim qanunvericiliyin o müddəalarından həm də sui-istifadə olunur. Çünki dövlət orqanları bilməlidirlər ki, vətəndaşın sayğaca müdaxilə məsələsinin sübutu həmin orqanın öz üzərindədir. Orada isə vəziyyət belə idi ki, biz ekspertizaya göndərmişik, müdaxilə olunub. Vətəndaş isə bundan bixəbərdir və onu fakt qarşısında qoyublar. Bax, belə hallar da olur. Mən deyə bilərəm ki, bununla bağlı məhkəməyə çoxsaylı müraciətlər var. Məhkəmələr də haqlı olaraq çox hallarda vətəndaşların iddialarını təmin ediblər. Bu misalı çəkməklə onu demək istəyirəm ki, belə hallar olanda biz həm də bu sanksiyalardan sui-istifadə olunmamasını düşünməliyik. Çünki müvafiq strukturlar maliyyə sanksiyalarından sui-istifadə edib vətəndaşları, yaxud fərqi yoxdur, hüquqi şəxsi, vəzifəli şəxsi cərimələməsin.
- Deməli, son nəticədə həmin səlahiyyət sahibləri vətəndaşı dövlətdən narazı salırlar, eləmi?
- Bəli. Vətəndaş o mənada narazı qala bilər ki, əməl sübuta yetirilməsin. Mən daha dəqiq deyərdim. Yəni elə hallar var ki, vətəndaş ziyanı mütləq ödəməlidir, amma bunu sübut etmək lazımdır. Demək istəyirəm ki, bu hallarda sübut etmək öhdəliyi həmin orqanın üzərindədir. Onda vətəndaş narazı qala bilməz, əgər ona bunu sübut etsələr. Məsələn, mən çəkdiyim misalda vətəndaşların narazılığını müşahidə etdim.