"Azəristiliktəchizat" ASC dünən bəyan edib ki, ölkə ərazisində hökm sürən soyuq hava şəraitilə əlaqədar qurumun balansında olan qazanxanalar və istilik məntəqələri fəaliyyətini bir neçə gün də davam etdirəcək. Yəni dünən dayandırılmalı olan istilik təminatı hələ kəsilməyəcək.
Lakin bu gün sosial şəbəkələrdə valideynlər Bakıdakı bir sıra məktəblərdə istilik təchizatının dayandırılmasından narazılıq ediblər. Hamı sual edir: Bəs "Azəristiliktəchizat" söz vermişdi axı, istiliyi niyə kəsdilər?
AZXEBER.COM Modern.az-a istinadən xəbər verir ki, "Azəristiliktəchizat" ASC-nin mətbuat xidmətinin rəhbəri Elvin Basqallı açıqlamasında bildirib ki, təhsil müəssisələrindəki istilik təchizatının müddətinin uzadılması ilə bağlı həmin müəssisələrə təklif göndərilib:
"Bəzi orta məktəblər bu təklifdən istifadə etmək istəmədikləri üçün "Azəristiliktəchizat" ASC ilə bağlanan müqavilənin müddəti uzadılmayıb və istilik təchizatı müqavilə bitdiyi üçün dayandırılıb".
Qeyd edək ki, bugünkü əlverişsiz havaya və bəzi məktəblərdə istilik sisteminin işləməməsinə görə ümumi təhsil müəssisələrində şagirdlərin davamiyyətində qismən azalma müşahidə edilib.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.