Bələdiyyələrə etibar artırılmalıdır (Təhlil)

MARAQLI
11:37 04.04.2011
3167

 Azərbaycan şirin su ehtiyatlarına görə əslində zəngin ölkələr sırasındadır. Ancaq su təsərrüfatının effektiv qurulmaması və effektiv idarə edilməməsi ciddi su problemi yaradır. Bu problem həm əhalinin içməli suya olan ehtiyaclarında, həm də minlərlə hektar əkin sahələrinin sulanması zaman ortaya çıxan çatışmazlıqda özünü aydın şəkildə göstərir. 

Azərbaycanda su məsələlərinin tənzimlənməsi müxtəlif qanunlara tənzimlənməkdədir. 26 dekabr 1997-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Su Məcəlləsi bu sənədlərdən ilkidir. Su təchizatı və tullantı suları haqqında Qanun isə 28 oktyabr 1999-cu il tarixdə qəbul edilib. Bələdiyyələr qurulduqdan sonra, Bələdiyyələrin su təsərrüfatı haqqında Qanun 29 iyun 2001-ci il tarixdə qəbul edildi.

Dünyada inkişaf etmiş ölkələrin hamısında Bələdiyyə qurumu əsas kommunal məsələlərlə məşğul olmaqda, bu istiqamətdə bütün səlahiyyətləri öhdəsinə götürməkdədir. Xalqa ən yaxın olan, onlarla iç-içə yaşayan bələdiyyələr, həm problemlərin müəyyənedilməsində, həm də onların sürətlə aradan qaldırılmasında ən çevik və rasyonel qurumlardır. Təəssüf ki, ölkəmizdə, mərkəzi hakimiyyətin güclü olması qayğısı ilə, bələdiyyələr uzun müddət formalaşdırılmadı. Hətta, 1995-ci ildə qəbul edilən Konstitusiyada bələdiyyələrə müəyyən səlahiyyətlərin verilməsi və qurulması nəzərdə tutulsa da, ancaq 4 il sonra, 1999-cu ilin sonunda ilk bələdiyyə seçkiləri keçirilərək bələdiyyələr formalaşdırıldı.

Bu təkbaşına yeterli olmadı, çünki, bələdiyyələrin hüquqi varlığını formalaşdıran qanunvericilikdə bütün məqsəd sanki, “bələdiyyələri necə edə bilərik ki, gücsüz və dişsiz qurum kimi qurub, cəmiyyətin etibar etmədiyi və gözdən düşürdüyü qurumlar halına gətirə bilərik” -qayğısı yatmaqda idi. Milli Məclisin qəbul etdiyi 20-dən çox Qanunda bunun izləri qabarıq şəkildə görünməkdədir.

Təsadüfi deyil ki, Bələdiyyənin statusu haqqında Qanunda bələdiyyə səlahiyyətləri çox dağınıq və qeyri-müəyyən, cəmi bir maddədə 4 başlıq altında sayıldığı halda, Yerli İcra Hakimiyyəti haqqında Əsasnamədə mahiyyət etibarı ilə bələdiyyə funksiyalarına aid olmalı olan onlarla səlahiyyət tam on bir maddədə yerli icra orqanlarının rəhbərlərinə verilib. Beləliklə, faktiki olaraq bələdiyyələr ögey övlad kimi proseslərdən kənarda tutulub, onlara nə səlahiyyət, nə də xalqın problemlər girdabından çıxarılması üçün maliyyə imkanları verilməyib.

Əhalinin ən ciddi problemlərindən biri də yuxarıda qeyd etdiyimiz kimi, su problemidir. Su probleminin formalaşmasında və problem kimi qalmasında digər əsaslarla yanaşı, məhz yuxarıda qeyd etdiyimizqanunvericilikdən qaynaqlanciddi əsaslar da var.

Bələdiyyələrin su təsərrüfatı haqqında Azərbaycan Respublikasının Qanunu 29 iyun 2001-ci ildə qəbul ediləndə, daha iki Qanun qüvvədə idi və əsas etibarı ilə bütün səlahiyyətlər bu qanunlarla mərkəzi İcra hakimiyyəti orqanlarının nəzarətinə ötürülmüşdü.

Bələdiyyələrin su təsərrüfatı haqqında Qanunun 1-ci maddəsində də yer alan anlayışlar bölümündə bələdiyyələrinsu təsərrüfatı deyiləndə «bələdiyyə torpaqlarında yerləşən yerli əhəmiyyətli yeraltı və yerüstü suların tənzimlənməsi, istifadəsi, mühafizəsi, habelə suların vurduğu zərərin qarşısının alınması ilə əlaqədar tədbirlər» anlaşılır - deməklə, bələdiyyə ərazisi anlayışını bələdiyyələrin torpaqları ilə məhdudlaşdırmışdır. 1.0.2. və 1.0.3-cü maddələrdə və qanundakı digər maddələrdə də bu təkrarlanmışdır. Bələdiyyələr əhalinin yerli sosial müdafiə və sosial inkişaf məsələlərini, yerli əhəmiyyətli iqtisadi vəekoloji məsələlərini həll etmək üçün müəyyən ərazidə formalaşan özünüidarəetmə forması kimi yaradılıb. Bələdiyyələrin yaradılması ərazi əsasında həyata keçirilib. Bələdiyyə əraziləri əsasən inzibati ərazilərlə eynilik təşkil edir. Bu baxımdan bələdiyyə əhaliyə xidmət göstərərkən ərazi əsasında fəaliyyət aparır. Bu qanunda isə ərazilərdə yox, bələdiyyə torpaqlarında bələdiyyə su təsərrüfatlarının varlığından bəhs edilir. Ölkəmizdə olan 1700-dən çox bələdiyyənin 1500-dən çoxu kənd və ya qəsəbə bələdiyyələridir. Bunların bir çoxuna verilən torpaq yaşayış massivindən xeyli aralıda yerləşir. Bu kimi bələdiyyələrin torpaqlarında olan sular həmin torpaqların əkini-biçini üçün nəzərdə tutulub. Belə olan halda bələdiyyə torpaqlarında olan su təsərrüfatı obyektləri vasitəsi ilə əhalinin önəmli su problemlərini həll etmək imkanları ya ola bilməz, ya da çox az olar. Qanun qəbul edilərkən bunlar nəzərə alınmalı, bələdiyyə torpaqlarında yox, bələdiyyə ərazilərində olan su təssərrüfatı obyektləri daxilində xidmət imkanları geniş tutulmalı idi.

Qanunun 3-cü maddəsində bələdiyyələrin mülkiyyətində olan su təsərrüfatı obyektləri sayılıb. 3.1-ci maddədə isə «Bələdiyyə torpaqlarında yerləşən dövlət mülkiyyətində olan yerli əhəmiyyətli su təsərrüfatı obyektləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətinə verilir» ifadəsinə yer verilib. «Verilir» ifadə tərzi əmredici ifadə tərzidir. «Verilə bilər» formasında ifadə edilmədiyi üçün daha sonra bu qanunu tənzimləyən normativ aktlarda bu müddəa məhdudlaşdırılmalıdır. Yəni, dövlət mülkiyyətində olan yerli əhəmiyyətli su təsərrüfatı obyektləri bələdiyyələrin mülkiyyətinə verilməlidir.

Əvvəlcə onu bildirməliyik ki, bu qanunun qəbul edildiyi 29 iyun 2001-ci ildən 10 il vaxt keçsə də bu məsələ öz həllini tapmayıb. Qanun qüvvəyə minərkən ölkə Prezidentinin imzaladığı “Bələdiyyələrin su təsərrüfatı haqqında ”Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə qanunun 3.1-cimaddəsinin məhz, ölkə başçısının özü tərəfindən icra olunacağı bildirilib. Keçən bu müddət ərzində, bələdiyyə torpaqlarında yerləşən dövlət mülkiyyətində olan yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin bələdiyyə mülkiyyətinə verilməsi ilə bağlı qayda qəbul edilərək cəmiyyətə təqdim edilməyib. Bunun səbəblərindən biri, qanunlar qəbul edilərkən icra müddətinin qanunda nəzərdə tutulmaması və bu işin icra strukturlarına verilməsidir. İcra strukturları isə nə vaxt qanunun icrasına başlayacaqları ilə bağlı özlərində zaman məhdudiyyəti və məsuliyyəti hiss etmədiyi üçün qanunlaricrasız qala bilir.

İkincisi, bu qanunun maddələri bir birini inkar edən və ya bir birinə uyğun olmayan tənzimləmələr gətirərək praktikada problemlərin yaranmasına şərait yaradır. Qanunun 3-cü maddəsi ilə 4-cü maddəsində bir-birinə ziddiyyət təşkil edən məqamlar var. 3-cü maddədə yuxarıda qeyd etdiyimiz kimi, dövlət mülkiyyətində olan yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin bələdiyyələrin mülkiyyətinə verilməsi nəzərdə tutulsa da, 4.1-ci maddədə «Bələdiyyələrin su münasibətlərinin obyektinə bələdiyyə torpaqlarında yerləşən dövlət mülkiyyətində və xüsusi mülkiyyətdə olmayan yerli əhəmiyyətli su obyektləri və su fondunun torpaqları daxildir» deyilməklə bələdiyyə torpaqlarında yerləşən yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin dövlət mülkiyyətində olan hissəsinin varlığı vurğulanır. Əslində bu maddə belə ifadə edilməliydi: «Bələdiyyələrin su münasibətlərinin obyektinə bələdiyyə torpaqlarında yerləşən xüsusi mülkiyyətdə olmayan bütün yerli əhəmiyyətli su obyektləri və su fondunun torpaqları daxildir».

Qanunun 5-ci maddəsinin məzmunu ilə də 3-cü maddənin məzmunu bir-birinə uyğun gəlmir. 3-cü maddədə bələdiyyə ərazisində yerləşən yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin bələdiyyə mülkiyyətinə verildiyi bildirilir. 5-ci maddə isə bunu inkar edən tənzimləməyə yer verir. «Bələdiyyələrin ərazisində yerləşən dövlət mülkiyyətində olan su təsərrüfatı obyektləri, yaşayış məntəqələrinin su təchizatı sistemləri, suvarma şəbəkələri, yerli əhəmiyyətli digər dövlət su təsərrüfatı sistemləri və qurğuları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydalarla və şərtlərlə bələdiyyələrin idarəçiliyinə və istifadəsinə verilə bilər» -deyən qanunqoyucu yerli əhəmiyyətli digər dövlət su təsərrüfatı sistemləri və qurğularının heç də hamısının bələdiyyə mülkiyyətinə verilmədiyini etiraf etmiş olur və ancaq bunların müvəqqəti istifadəsinin və idərəsinin bələdiyyələrə veriə biləcəyini bildirir. Bununla da 3-cü maddənin mahiyyəti zədələnmiş olur.

Su məcəlləsinin 13-cü maddəsi ilə də bu maddə bir-birinə ziddəyyət təşkil edir. Bu maddənin 1-ci hissəsində «Bələdiyyə mülkiyyətində olan torpaq sahələrində yerləşən yerli əhəmiyyətli su obyektləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətinə verilir.» deməklə əmredici bir ifadə işlədilmişdir. Görüldüyü kimi burada da hər hansı istisna nəzərdə tutulmamış və yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin bələdiyyə mülkiyyətinə verilməsi açıq bir tərzdə ifadə edilmişdir.

Yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin dövlət mülkiyyətində qalmasının heç bir ağlabatan səbəbi ola bilməz. Bələdiyyələr əslində dövlət səlahiyyətlərinin önəmli bir hissəsini öz üzərilərinə götürərək yerlərdə özünüidarəni həyata keçirir. Bu baxımdan yerli əhəmiyyətli su təsərrüfatı obyektləri birmənalı olaraq bələdiyyələrə verilməli, dövlət mülkiyyətində saxlanmamalı idi. Qanunun tətbiqi zamanı dəqiq mexanizmlər hazırlanmalı və konkret keçid tarixi ilə bu proses tamamlanmalı idi.

Qanununun tətbiq edilməsi barədə Prezidentin Fərmanı ilə qanunun 5-ci maddəsinin icrası Nazirlər Komitəsinə tapşırılıb. Lakin keçən bu uzun zamana baxmayaraq bu qaydalar hazırlanıb cəmiyyətə təqdim edilməyibdir. Bu bir daha göstərir ki, qanunun qəbulu zamanı icra mexanizmi qanunun özündə olmalı, icra strukturlarınasadəcə qanunun icrası verilməlidir.

Qanunun 6-cı maddəsi də bu baxımdan problemlidir. Bu maddədə bələdiyyələrin su təsərrüfatı strukturlarını yaradacaqları göstərilsə də, bələdiyyə su təsərrüfatı strukturlarına nələrin daxil olduğunu göstərən 6.2.2-ci maddəsində «bələdiyyə torpaqlarında yerləşən dövlət mülkiyyətində və xüsusi mülkiyyətdə olmayan bulaqlar, quyular, kəhrizlər və yerli əhəmiyyətli digər su obyektləri» sayılıb. Burada iki önəmli məqam var. Birincisi, bələdiyyə ərazilərində yox, bələdiyyə torpaqlarındakı su mənbələrindən bəhs edilir. Yenə də «dövlət mülkiyyətində və xüsusi mülkiyyətdə olmayan»ifadəsi ilə vurğulanır ki, bələdiyyə torpaqlarında dövlət mülkiyyətində və özəl mülkiyyətdə olan yerli əhəmiyyətli su təsərrüfatı qurğuları və obyekti var. İkincisi, ölkədə su təsərrüfatı qurğuları və obyektləri üzərində əvvəllər iki mülkiyyət forması olub. Biri dövlət mülkiyyəti, ikincisi kollektiv mülkiyyət olan kolxoz mülkiyyəti. Dövlətin mülkiyyətində olansu təsərrüfatı qurğuları və obyektləri ya hələ də dövlətin mülkiyyətində qalır, ya da qismən özəlləşdirilərək özəl mülkiyyətə verilibdir. Kollektiv mülkiyyətdə-kolxozda olan su təsərrüfatı qurğuları və obyektləri isə kolxozların dağılması və torpaq islahatları zamanıkolxoz üzvləri arasında paylaşdırılmış torpaqlarla birlikdə bölüşdürülmüşdür. Bələdiyyələr bu özəlləşdirmə proqramları bitdikdən sonra formalaşdırıldığından onların torpağında olan və mülkiyyətçisi olmayan su təsərrüfatı qurğuları və obyektləri ya yoxdur, ya da çox az miqdardadır. Ümumi istifadədə olan bulaqlar, kəhrizlər, quyular isə bələdiyyə torpaqlarında yox, yaşayış yerlərində bələdiyyə ərazilərindədir.Bu ərazilər bələdiyyə torpağı deyil. Bunları nəzərə aldıqda 6-cı maddənin mahiyyətinindeklarativ xarakterli olduğunu bildirmək doğru olar. Ancaq maddənin deklarativ olmaması üçün «bələdiyyə torpaqlarında olan və özəl mülkiyyətdə olmayan yerli əhəmiyyətli bütün qurğuların, bulaqların, kəhrizlərin, quyuların və s. bələdiyyə su təsərryfatı sisteminə aid olduğu» bildirilməli idi.

Qanunun 14.1-ci maddəsində dövlət mülkiyyətində olan su təsərrüfatı obyektlərindən bələdiyyələrin istifadəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş xüsusi razılıqla mümkün olacağı bildirilib. Lakin bu orqanın hansı orqan olduğu nə qanunda nə dəqanunun tətbiqi ilə bağlı Prezidentin Fərmanında tapmaq mümkün deyil. Bələdiyyələrin bu məqsədlə hara müraciət edəcəyi qanunda və fərmanda açıq qalıb.

Bu qanun da digər qanunlarda olduğu kimi bələdiyyələrin statusunu məhdud müəyyən etmək, mümkün qədər az əmlak vermək və ya heç verməmək, torpaq verilməsində maneələr çıxarmaq və mülkiyyət hüququnu həyata keçirmək üçün müxtəlif maneələr yaratmaq, maliyyə mənbələrini məhdudlaşdırmaq kimi, mənfi tendensiyadan faydalanılmış, bələdiyyələrin ərazilərində olan yerli əhəmiyyətli su təsərrüfatları və su təsərrüfatı obyektləri bələdiyyələrə verilməmiş, sadəcə bələdiyyə torpaqlarında olan su təsərrüfatları və su təsərrüfatı obyektlərinin bələdiyyələrə verilə biləcəyi bildirilmişdir. Bu da azmış kimi, qanunun digər maddələrində bu haqq bir neçə dəfə inkar edilircəsinə vurğulanmışdır. Praktikada qanunun tətbiqi üçün icra mexanizmləri, qaydalar və vaxtlar müəyyənləşdirilmədiyindən bələdiyyəyə verilməsi nəzərdə tutulan məhdud mənbə də öz sahibinə-bələdiyyələrə çatdırılmamışdır. Bu baxımdan bələdiyyə ərazisində yaşayan əhalinin yerli əhəmiyyətlisosial, iqtisadi, ekoloji problemlərini həll etməli olan bələdiyyələr insanların həyatı üçün, iqtisadiyyatı üçün önəmli mənbə olan su və su təsərrüfatı üzərində səlahiyyət sahibi ola bilməmişdir.

Bələdiyyələr əhaliyə xidməti öz torpaqlarında yox, əhalinin yaşadığı ərazidə verir. Əhali öz evində, təsərrüfatında, torpağında suya və su ilə bağlı digər məsələlərin həllinə ehtiyac hiss edir, bu məsələlərin həll edilməsini istəyir.

Qanun bu halı ilə bələdiyyələrə imkan vermir ki, onlar əhalinin gündəlik həyatında, evində, əkinində, iş yerində, fermasında onların su ilə bağlı yaranan problemini, suya olan ehtiyacını ödəsin. Çünki onların problem yaşadığı yerdə su mənbələri, su təsərrüfatı, qurğular, avadanlıqlar və s. ya dövlətin əlində, ya o ərazidə inhisarlaşmış bir şirkətin (Azərsu və keçmiş subartezan idarələrinin indiki varislərinin) əlində cəmlənmişdir.Bələdiyyələr hətta öz torpaqlarının suvarılması üçün onlara möhtacdır.

Bu baxımdan qanun mahiyyət etibarı ilə nəzəri münasibətləri tənzimləməyə çalışsa da, praktikadakı reallıqdan çox uzaqdır. Məsələn, Bu gün 200 min nəfər əhalisi olan, ərazisində 100-ə yaxın bələdiyyə olan Bərdə rayonunda cəmi 12-15 nəfər əməkdaş su təchizatı məsələlərinə baxır. Əlbəttə, bu zaman keyfiyyətli və effektiv xidmətdən söhbət gedə bilməz.

Qanun yenidən işlənməli, su sistemlərinin idarə edilməsi tamamilə yerli bələdiyyələrin sərəncamına verilməli, bu sistemə ayrılan vəsaitlər də bələdiyyələrə yönləndirilməlidir. Bələdiyyə torpaqlarında olan və mülkiyyət formasından asılı olmayaraq bütün yerli əhəmiyyətli su təsərrüfatları və obyektləri bələdiyyə mülkiyyətinə verilməlidir. Bununla bərabər, bələdiyyə ərazisində olan yerli əhəmiyyətli bütün dövlət su təsərrüfatı obyektləri də bələdiyyə mülkiyyətinə verilməlidir. Özəl su təsərrüfatı obyektləri isə bələdiyyələrin müəyyənləşdirdiyi qaydada və şərtlərdə müqavilə ilə su istehlakçılarına xidmət etməli, bu zamanbələdiyyələrin bu təsərrüfatların keyfiyyətli və qaydalara uyğun xidmət göstərməsinə nəzarət imkanı olmalıdır.

Əhalinin ümumi istifadəsində olan təbii su qaynaqları, kəhrizlər, bulaqlar, quyular, artezianlar istisna olmaqla bələdiyyələrin yaratdığı və dövlətin hesabına yaranmış su təsərrüfatı obyektlərinin istifadəsi üçün pul tələb edilməli, bu pul həmin məqsədli xidmətin genişləndirilməsinə sərf edilməlidir. Qanunda bütün bu məsələlər öz əksini tapmalıdır.

 

 

Ələsgər Məmmədli

Yazı Aran Humanitar Regional İnkişaf İctimai Birliyinin “İctimai xidmətlərin (təmiz su təhcizatı) çatdırılmasında Mərkəzi Aran-Qarabağ zonasında iyirmi bələdiyyənin texniki və bilik imkanlarının artırılması” layihəsi çərçivəsində hazırlanıb.

 



 

OXŞAR XƏBƏRLƏR