Bakı metrosunda nə vaxt kondisioner quraşdırılacaq?

MARAQLI
11:48 10.07.2011
1786


Deyilən şikayətlə bağlı Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva ilə əlaqə saxladıq. Nəzakət xanım Bakı Metropoliteninin qüsursuz xidmət etdiyini bildirdi.

“Bakı Metropolitenində gələcəkdə, nə vaxtsa vaqonlarda kondisionerlər olacaq. Əhalinin şikayətləri əsassızdır. Biz sərnişinlərə nümunəvi xidmət göstəririk. Çalışırıq ki, metroda yenilikləri tətbiq edək”, deyə N. Tanrıverdiya bildirdi.

Metroda hava çatışmazlığı və isti ilə əlaqədar özümüzün də dəfələrlə qarşılaşdığımızı bildirdikdə Nəzakət xanım hazırda ən sərin yerin metro olduğunu dedi: “İnanın ki, indi ən sərin yer metrodur”, deyə bildirdi. 

Nəzakət xanım iddia edir ki, metronun bütün stansiyalarında kondisionerlər işləyir. “Mən özüm də metrodan istifadə edirəm. Hansı yaxşıdır, günün altında dayanıb avtobus gözləmək, yoxsa metroda getmək? Metro oradan da istidir yəni? Metro stansiyalarının hamısında kondisionerlər işləyir. Hava istidir, üstəlik qatarlar hərəkət edir, onların da istiliyi var. Ona görə də kondisionerlərin işləməməsi mümkün deyil. Kabinetlərdə də kondisionerlər işləyir”, deyə mətbuat xidmətinin rəhbəri əlavə etdi.

Metropoliten rəsmisi qatarlarda sərinləşdirmə sisteminin quraşdırılacağını da bildirdi: “Metronun inkişaf proqramında nəzərdə tutulub ki, qatarlarda da kondisioner quraşdırılsın. Amma 3 ayamı, 1 iləmi, dəqiq vaxtı deyə bilmərəm”.

Eskalatorların işləməməsilə bağlı sualımız isə Nəzakət xanımı ümumiyyətlə cavablandırmadı.

Xatırladaq ki, bir ay bundan əvvəl “Bakı metrosu istiyə hazırdırmı?” adlı məqaləni hazırlayarkən metropoliteninin mühəndisi Etibar İsayev bildirmişdi ki, Sovet dövründə tikilən bütün stansiyalarda kondisioner quraşdırılmayıb: “Rusiya istehsalı olan heç bir qatarda kondisioner quraşdırılmayıb. Keçmiş Sovet ölkələrindəki metrostansiyalarda da sərnişinlər üçün nəzərdə tutulan kondisioner yoxdur. Avropa ölkələrində bu təcrübədən istifadə olunur, amma Sovet standartlarında heç vaxt belə şey olmayıb. Heç bir MDB ölkəsinin metrosunda da, platformasında, nə də qatarlarında kondisioner quraşdırılmayıb. Moskva metrosunun özündə də belə şey yoxdur. Bizim metroda ancaq təbii havalandırma sistemi işləyir”.

Fikrimcə, şərhə ehtiyac yoxdu...

//Ans Press

 

OXŞAR XƏBƏRLƏR