İclasda nazir BŞTİ rəhbərliyinə neqativ halların baş verdiyi təsdiqlənmiş məktəbəqədər təhsil müəssisələrinin rəhbərliyi barədə ciddi tədbir görməyi tapşırıb.
Zəminə Əliqızı deyib ki, “Qaynar xətt”ə 50 müəssisə barədə şikayət daxil olub. Şikayətlərin 20-si təsdiqini tapıb. 20-yə yaxın müəssisədən daxil olmuş şikayətlər azyaşlıların məktəbəqədər təhsil müəssisələrinə qəbulu zamanı əsassız ödənişlərin tələb edilməsi, valideynlərdən müxtəlif məqsədlər üçün pulun yığılması ilə bağlı olub.
“Ən təəssüfedici hal oldur ki, valideynlərdən pul yığarkən həmin vəsaitin yuxarı orqanlara çatdırılacağını deyirlər. Amma nə BŞTİ, nə də Təhsil Nazirliyi belə qanunsuz hərəkətlərə yol verir. Valideynlərə də onlardan əsassız ödənişlər istəyən zaman dərhal "Qaynar xətt"ə məlumat vermələrini xahiş edirik”, - Əliqızı deyib.