İttihama görə, 2010-cu il avqustun 11-də Yasamal rayonu, Hüseyn Cavid prospekti 546, mənzil 194 ünvanında yaşayan 2 nəfər naməlum şəraitdə öldürülüb. Hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar nəticəsində öldürülən şəxslərin cinsi azlıqlara mənsub Qasımov Zamiq Qasım oğlu və Kuzmin Yadigar Eldar oğlu olduğu məlum olub. DİN Baş Cinayət Axtarış İdarəsi, Bakı Baş Polis İdarəsi və Yasamal polisinin birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən üç nəfər - Zaur Muradov, Qəhrəman Ağayev və Məqsəd Həsənquliyev hadisədən bir gün sonra həbs edilib.
Cinayəti məqsədli şəkildə törətdiklərini açıqlayan təqsirləndirilən şəxslərin sözlərinə görə, homoseksualların davranışlarından xoşları gəlməyib və bu səbəbdən onları qətlə yetiriblər. Məhkəmənin hökmü ilə bu 3 şəxsin hər biri 15 il müddətinə azadlıqdan məhrum edilib.