Hakim Sevinc Alıyevanın sədrliyi ilə keçən prosesdə əsas iddiaçı tanınmış psixoloq Dəyanət Rzayevin anası Şərqiyə Rzayeva dövlət qurumlarını ona veriləsi məlumatları gizlətməkdə, zərərçəkənlərə çatacaq mənzilin kvadrat metrinin azaldılmasında ittiham edir.
Uçan binada zərərçəkənlərə verilən mənzillərin sahələri 18,63kv.m kiçildilib
Ş.Rzayevin iddia ərizəsində deyilir: «Mən 23.11.2004-cü il tarixdə «Mütəfəkkir» MTK ilə müqavilə bağlayaraq, bu MTK tərəfindən Bakı şəhəri, Bəsti Bağırova, 613 (Murtuza Muxtarov,185) ünvanda inşa edilən və 28.08.2007-ci il tarixdə uçan yaşayış binasının 7-ci mərtəbəsindən ümumi sahəsi 100 kv.m olan 3 otaqlı mənzil və 6-cı mərtəbəsindən ümumi sahəsi 82 kv.m olan 2 otaqlı mənzil almışam.
Prezidentin sərəncamına əsasən, Abid Şərifovun rəhbərliyi ilə yaradılan Hökumət Komissiyasına qəza nəticəsində zərərçəkənlərin ailə üzvlərinə lazımi yardım göstərilməsi və görülmüş işlər barədə ictimaiyyətin mütəmadi məlumatlandırılması tapşırılıb.
Lakin, hadisədən 3 ildən çox müddətin keçməsinə baxmayaraq, mən indiyədək yaşayış sahəsi ilə təmin edilməmişəm.
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyin rəis müavini Elxan Əsədovun 19.11.2010-cu il tarixli, 25/26-05671 saylı məktubundan məlum olur ki, mənə yeni inşa edilmiş binanın 7-ci mərtəbəsindən 2 otaqlı ümumi sahəsi 69,29 kv.metr və 13-cü mərtəbəsindən 3 otaqlı ümumi sahəsi 94,08 kv.metr mənzil ayrılıb.
Belə olan halda uçmuş binadan aldığım mənzillərin ümumilikdə 18,63 kv.metr sahəsi təmin edilməmiş qalır.
Bu isə mülkiyyət hüququmu pozmaqla yanaşı, prezidentin və Nazirlər Kabinetinin bu məsələyə dair sərəncamlarının icra edilməməsi deməkdir».
Zərərçəkən 18,63 kv.metr sahənin əvəzinə ona kompensasiyanın verilməsinin nəzərdə tutulub-tutulmasımasına dair sorğu göndərib. Bundan əlavə, kompensasiyanın hesablanma meyarları və qaydası hansı normativ sənədə əsasən müəyyən edilməsi; Bu ünvanda yeni inşa edilmiş binadakı mənzillərin bölgüsü ilə bağlı yaradılmış komissiyanın 04 avqust 2010-cu il tarixli qərarının surətini; bərabər ölçülü sahə ilə təmin edilmiş sakinlərin siyahısının surətini; az ölçülü sahə ilə təmin edilmiş sakinlərin siyahısının surətini; artıq ölçülü sahə ilə təmin edilmiş sakinlərin siyahısının surətini tələb edib.
Lakin dvölət qurumları sözügedən məlumatları verməkdən imtina edib. Sözügedən sorğulara cavab almaq üçün Ş.Rzayeva məhkəməyə üz tutmalı olub.
Dövlət Agentliyi vətəndaşların mənzilləri barədə sənədləri məxfi məlumat adlandırır
Dövlət Agentliyi tərəfindən məhkəməyə təqdim olunan iddiaya qarşı etiraz ərizəsində sözügedən məlumatların verilməsinin mümkün olmadığını bildirib. Ərizədə deyilir: «18,63 kv.m mənzil sahəsinə görə, kompensasiyanın pulla ya da əmlakla əvəzlənməsi, habelə onun hesablama meyarları və qaydası barədə məlumatların verilməsi hal-hazırda mümkün deyil. Ona görə ki, bu məsələ Nazirlər Kabinetində baxılmaqdadır.
Həmçinin tələb olunan siyahıların surətinin verilməsi «İnformasiya haqqında» Qanunun 35-ci maddəsinə əsasən, kənar şəxslərə verilə bilməz».
Bu səbəbdən Dövlət Agentliyinin nümayəndəsi Səyyad Abışov Ş.Rzayevanın iddia ərizəsinin rədd edilməsini hakimdən xahiş edir.
Dünən keçirilən sonuncu məhkəmə iclasında S.Abışov mənzillərin paylanma siyahısını məhkəmədə təqdim edərkən, maraqlı məqamlar üzə çıxdı. Məlum olur ki, 11 nəfər «Mütəfəkkir»dən 82 kv.m mənzilin pulunu ödəsə də, yeni binadan onlara 69-70 kv.m, 100 kv.m mənzil alan 4 nəfərə 96-94 kv.m ev verilib. Lakin elə sakinlər də var ki, onlara artıq kv.m sahələri ev düşüb. İddiaçının vəkili Elmar Süleymanov sənədin surətinin verilməsi barədə vəsatət qaldırsa da, hakim bunu təmin etmədi.
Zərərçəkənlərə köhnə, yeni sakinlərə yeni hesabla mənzil paylanır
E.Süleymanov deyir ki, əvvəlki proseslərdə Agentliyin nümayəndəsi artıq sahə alan şəxslərdən alınacaq məbləğlər barədə məhkəmədə şifahi məlumat versə də, onları təqdim etməkdən imtina edib. Qurumun nümayəndəsi artıq sahələrin kv.-nı 500 manatdan yuxarı hesablasa da, əskik sahələri 2004-cü ilin müqaviləsi əsasında, yəni 250-300 dollar civarında hesablanacağını bildirib. Lakin vəkil E.Süleymanov ötən proseslərdə bunu təsdiq edən sənəd tələb etsə də, bu vəsatəti də təmin olunmayıb.
Vəkil məhkəmədəki çıxışında qeyd etdi ki, Ş.Rzayevanın mərtəbə və sahə mütənasibliyi nəzərə alınmadan, ona əlverişsiz mərtəbələrdən az sahəli mənzillər ayrılaraq müdafiə etdiyi şəxsin mülkiyyət hüququ kobud şəkildə pozulub: «Ş.Rzayeva bu qeyri- bərabər və eyni zamanda qeyri-şəffaf bölgünün hansı meyyarlara və normativ sənədlərə əsasən aparılmasını müəyyənləşdirmək məqsədilə məlumlat sorğusu göndərsə də onun bu sorğuları cavablandırılmayıb.
Agentliyinin nümayəndəsi məhkəmədə bildirir ki, Ş.Rzayeva tələb etdiyi məlumatlar və sənədlər xidməti məlumatlar olduğuna görə açıqlana bilməz və onların surətlərinin verilməsi məqsədə müvafiq deyil.
Bununla vətəndaşın informasiya almaq hüququ məhdudlaşdırılmaqla Konstitusiyanın, «Məlumat Azadlığı haqqında» Qanunu 2-6-cü maddələrini, «İnformasiya Əldə Etmək haqqında» Qanunun 34.2 və digər normativ sənədlərdə təsbit edilmiş hüquq və azadlıqlarını kobud olaraq pozulub.
Agentlik «İnformasiya əldə etmək haqqında» Qanunun 35-ci maddəsinə istinadən bu məlumatların kənar şəxslərə verilməsinin qadağan olunmasını qeyd etsə də, Ş.Rzayevanın tələb etdiyi məlumatların bu qanunun 35.2-ci madəsində sadalanan «xidməti istifadə üçün nəzərdə tutula biləcək məlumatların» hansına aid edildiyini, habelə nəyə əsasən Ş.Rzayevanı özünə aid məlumatlar üzrə «kənar şəxs hesab edildiyini izah edə bilməyib».
Sadalananlar bir daha sübut edir ki, Agentlik tərəfindən ictimaiyyət üçün açıq olan məlumatların əsassız və qanunvericiliyə zidd olaraq məxfiləşdirərək Ş.Rzayevanın informaısiya sorğusunun tam və dolğun cavablandırmasından imtina etməsi qüvvədə olan milli və beynəlxalq qanunvericiliyə tamamilə ziddir. Ona görə də, Ş.Rzayevanın iddia tələbi bütövlüklə təmin edilməlidir».
Çıxışlar yekunlaşanadan sonra məhkəmə 1 saatlıq müşavirəyə getdi. Müşavirədən sonra hakim S.Alıyeva Ş.Rzayevanın iddiasını təmin etmədi.
/// bizimyol