Bakıya qar yağsa nə olacaq?

MARAQLI
20:55 07.01.2011
2369
Asiyada - 45 dərəcə soyuqlar gözlənilir

Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi də əhaliyə ciddi xəbərdarlıq etməyə başlayıb. Belə ki, bu ölkənin sinoptiklərinin verdiyi məlumata görə, ölkədə temperatur mənfi 45 dərəcəyə qədər soyuyacaq. Fövqəladə Hallar Nazirliyi əhalini ehtiyac olmadığı halda çölə çıxmamağa çağırıb.
Hazırda Qazaxıstanda orta temperatur mənfi 30 dərəcədir. Aşağı temperatur və güclü külək nəqliyyatın işinə mənfi təsir göstərir. Nazirlik Qərbi Qazaxıstanda və Qızılordada qar fırtınası gözləndiyini də açıqlayıb.
Sərt soyuqlar Hindistanda da həyatı iflic duruma salıb. Soyuqların daha çox təsirinə məruz qalan Uttar Paradeş əyalətində 1 gecədə 5 nəfər donaraq ölüb və bu əyalətdə soyuqdan ölənlərin sayı 41-ə çatıb. Paytaxt Yeni Dehlidə isə 10 nəfər həyatını itirib. Soyuqlar səbəbindən Hindistan paytaxtında məktəblərdə 1 həftə tətil elan edilib.
Sərt soyuqlar qapımızdadır
Artıq həftənin sonundan etibarən sərt qış Azərbaycanın da qapısını döyməyə başlayacaq. Doğrudur, hələ ki, temperaturun kəskin aşağı düşməsi gözlənilmir. Sinoptiklərin verdiyi məlumata görə, həftə sonu temperatur 2-3 dərəcə aşağı düşəcək. Dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. Avropa və Asiyada hökm sürən sərt qış yaxın həftələrdə Azərbaycanda da özünü göstərəcəyi proqnozlaşdırılır. Digər ölkələrdən fərqli olaraq, Azərbaycanın müvafiq qurumları əhaliyə xəbərdarlıq etməyə tələsmir. Bu üzdən hökumətin sərt qışa Azərbaycan hökumətinin hazır olub-olmaması sual doğurur.
Yeri gəlmişkən, ötən il 3 günlük aramsız qar yağması ölkədə həyatı az qala iflic etmişdi. Yollarda hərəkət dayanmış, mənzillərə qaz və elektirik verilməsində fasilələr yaranmışdı. Güclü çovğun nəticəsində qəzetlərin çapında problemlər meydana çıxmışdı. Yollarda yaranmış tıxac nəticəsində iki nəfər dünyasını dəyişmişdi.
Avropadakı hava şəraiti Azərbaycanda da olsa hansı duruma düşərik?
İşıqsız qalarıq
«Bakıelektrikşəbəkə»ni mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirdi ki, qurum abonentlərinə ilin bütün fəsillərində keyfiyyətli enerji ilə təmin etməyə hazırdır. O, əmin edir ki, yeni quraşdırılmış transformatorlar sayəsində əvvəlki illərdə baş verən fasilələlər bu qış yaşanmayacaq.
Lakin elektrik naqillərinin əksəriyyəti açıq olduğundan yağan güclü qar və ya yağış qəza vəziyyəti yaradacaq (Buna sərt hava şəraitində həmişə rast gəlirik-V.R). Bu isə insanların günlərlə işıqsız qalmasına rəvac verəcək.
Qazlı ölkənin qazsız mənzilləri

Ötən həftə əhalinin qaz təminatında yaranmış problemlə bağlı ətraflı məlumat vermişdik. Məlum olmuşdu ki, «Azəriqaz» mənzillərə yüksək təzyiqli mavi yanacaq verməyə ehtiyat edir. Səbəb kimi isə qaz borularının köhnə olmasını göstərirlər. Yəni baş verə biləcək bədbəxt hadisələrdən bu yolla sığortalanmaq istəyirlər.
Bakı ətrafı qəsəbələrdə qaz xətti çəkilsə də, əhaliyə hələ də qaz verilmir. Xüsusi ilə Balaxanı, Digah, Məhəmmədi, Mehdiabad və digər qəsəbələrdə bu problem qalmaqdadır. Bu ərazidə yaşayan əhalinin əksəriyyəti odun sobalarından istifadə etdiklərini deyirlər.
İlıq su ilə qızdırılan evlər
«Azəristiliktəchizat» ASC isə noyabrın ayından əhaliyə xidmətə başladıqlarını desələr də, hələ ki, bunun da şahidi olmuruq. Qurumdan iddia edirlər ki, bütün qazanxana və istilik məntəqələrində cari profilaktik təmir işləri başa çatdırılaraq qışa hazır vəziyyətə gətirilib: «Qazanxanalarda olan nasoslar, elektrik mühərrikləri təmir olunub, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənib. Qazanlarda istismarın etibarlığını təmin etmək üçün nəzarət ölçü cihazlarının və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilib».
Bundan əlavə, «Azəristiliktəchizat» ASC tərəfindən investisiya proqramına uyğun olaraq 216 yaşayış binası, 23 məktəb, 16 uşaq bağçası və 20 səhiyyə obyektləri üzrə istilik təchizatının bərpa olunması üzrə işlər aparıldığını da bildirildi. Bundan başqa, 26 qazanxanaya yeni qaz xətti çəkilib.
Lakin bu sahədə problemlər mövcuddur. Məktəb, səhiyyə ocaqlarının az bir qismi qızdırıcılarla təmin olunsa da, istilik o qədər də yüksək deyil. Yaşayış binalarının isə əksəriyyətində yoxlamalar aparılsa da, istilik, ümumiyyətlə, verilmir. «Azəristiliktəchizat»dan bunun səbəbinin yaşayış mənzillərində infrastrukturun, xüsusilə boruların çox köhnəlməsi ilə izah edirlər. Əksər mənzil sahibləri qızdırıcı şəbəkəsini kəsdiklərindən binaya bütövlükdə istilik vermək çətinləşib. Qurum iddia edir ki, indi onların bərpasını həyata keçirməyə başlayıblar. Əlbəttə ki, bərpa işi hər bir sakinin cibindən xərclənir. Yəni qonşular bir yerə pul toplayıb ümumi borunu dəyişsələr də, bu, «Azəristiliktəchizat»ın adına silinir.
Halbuki, bunun üçün dövlət büdcəsindən xüsusi invetisiya xərcləri ayrılıb.
Bir sözlə, Bakının işıq, qaz, kanalizasiya, yol problemi yağış yağan kimi ortaya çıxır. Şəhərin küçələrində qar və yağış sularını aparmaq üçün kollektorlar işləmir. Ona görə də şəksiz deyə bilərik ki, bu il də buzun əriməsi üçün tökülən qum palçıq olaraq, küçələrdə bataqlıq yaranacaq.
Ümid yalnız Allaha qalır ki, Azərbaycana sərt qış gəlməsin. Yoxsa, Avropada 1 aya yaxındır ki, yağan qarı Bakıya 1 həftə yağsa, paytaxta həyat donacaq.
Vüsalə RÜSTƏMOVA, BIZIMYOL

OXŞAR XƏBƏRLƏR