“Bakcell” mobil operatoru növbəti dəfə istifadəçilərini narazı salıb.
Bu barədə AZXEBER.COM-a oxucular tərəfindən müraciətlər daxil olub.
Belə ki, abunəçilərin ən çox istifadə etdiyi xidmətlərdən biri olan “Mənə zəng et” xidmətində problem yaranıb. Pulsuz mesaj göndərmə xidməti olan bu xidmətdən istifadə etmək istədikdə “Bakcell”dən balansda zəng üçün kifayət qədər məbləğ olması və bu səbəbdən xidmətin yerinə yetirilməsinin mümkün olmaması ilə bağlı mesaj gəlir. Halbuki oxucuların bildirdiyinə görə, həmin vaxt onların balansında pul olmur.
Bu xidmət istifadəçinin konturu bitdikdə hər hansı bir tanışının nömrəsinə “Bakcell” tərəfindən göndərilən zəng istəyi sorğusudur. Xidmət pulsuzdur və ondan yalnız abunəçinin balansı bitdikdə istifadə etmək olar. Məsələni araşdırdıqda oxucuların şikayətinin doğru olduğunu və “Bakcell”də bu kimi halların baş verdiyini üzə çıxardıq.
“Bakcell”in rəsmi saytında isə “Mənə zəng et” xidməti haqqında aşağıdakılar yazılıb: “Digər Bakcell abunəçisinə “Mənə zəng et” sorğusunu göndərmək üçün Sizin balansınızda 2 və ya daha az qəpik, digər mobil operator abunəçilərinə bu sorğunu göndərmək üçün isə 3 və ya daha az qəpik olmalıdır.”
Göründüyü kimi nəinki balans “0” olduqda, hətta 2 və ya 3 qəpiyə qədər olduqda belə xidmət işləməlidir. Məsələ ilə bağlı “Bakcell”lə əlaqə saxladıqda belə halın baş verməsinin mümkün olmadığını bildirdilər. Müştəri xidmətlərindən bildirildi ki, “Mənə zəng et” sorğusu yalnız balansınızda məbləğ olduqda işləməyə bilər. Beləliklə, problemin nədən qaynaqlandığı qaranlıq qaldı.
AZXEBER.COM olaraq məsələyə qayıdacağıq.
Ceyhun