"Bakı Metropoliteni” QSC sentyabrın 15-dən etibarən payız-qış hərəkət qrafikinə əsasən, pik saatlarda qatarlar arasında intervalı 1 dəqiqə 45 saniyəyə endirilib. Bu, metropoliten tarixində ilk dəfədir və 34 cüt/saat prinsipi ilə həyata keçirilir. Cari ilin mayında interval 1 dəqiqə 52 saniyəyə endirilmişdi. Yeni texniki və rəqəmsal tədbirlər sayəsində qatarların hərəkəti daha da sıxlaşdırılıb, sərnişindaşıma potensialı əhəmiyyətli dərəcədə artırılıb. Beş vaqondan ibarət bir qatarın maksimal tutumu 1600 nəfər olduğu halda, əlavə qatarlarla hər iki istiqamətdə eyni vaxtda 6 400 sərnişin daşına bilər. Pik saatların ümumi müddəti olan 4,5 saat ərzində isə 28 800 sərnişin daşınması mümkün olacaq, illik hesabla isə əlavə 8 milyondan çox sərnişin daşınacaq.
Mövzu ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev AZXEBER.COM-a deyib ki, 34 cüt qatarla hərəkət sxeminə keçid sevindirici xəbərdir:
"Mövcud infrastruktur çərçivəsində bu keçid mümkün olub və metronun pik saatlarında sərnişinlər üçün müsbət təsirləri olacaq. Daha böyük nəticələr üçün isə elan olunan dövlət proqramının tam icrası vacibdir. Əgər proqram mərhələlərlə həyata keçirilərsə, 2026-cı ilin sonu—2027-ci ilin əvvəllərində nəticələr gözləniləndir. Bu vaxta qədər Dərnəgül deposunun istifadəyə verilməsi və xətlərin ayrılması layihəsi tamamlanacaq. Beləliklə, üç müstəqil metro xətti minimum intervalla hərəkət edə biləcək. Sonrakı illərdə isə xətlərin şəhər mərkəzinə uzadılması və sərnişin axınının bənövşəyi xətdə daha çox yönləndirilməsi ilə hərəkət daha sürətli və rahat olacaq.”
Şahanə Ziyad