Novruz bayramı münasibətilə Bakı Metropoliteni sərnişinlər üçün xüsusi tədbir təşkil edir.
AZXEBER.COM xəbər verir ki, bayram günlərində metropolitenin muzey eksponatları hesab olunan retro vaqonlar ənənəvi olaraq nümayişə çıxarılacaq.
Sərgi martın 19-u, 20-si və 21-də saat 10:00-dan 22:00-dək İçərişəhər metrostansiyasının birinci yolunda keçiriləcək. Ziyarətçilər burada təqdim olunan vaqonlarla yaxından tanış ola, foto və video çəkilişlər edərək maraqlı anlar yaşaya biləcəklər.
Ekspozisiyada keçmiş SSRİ dövrünün ilk metro qatarına aid "A” tipli vaqon, eləcə də 1950-ci illərin istehsalı "Q” və "E” tipli vaqonlar yer alacaq. Bu nadir eksponatlar xüsusilə orta və yaşlı nəslin nümayəndələrinə nostalji hisslər yaşadacaq.
Bayram ab-havasını daha da gücləndirmək məqsədilə vaqonlar xüsusi olaraq bəzədiləcək. Eyni zamanda Kosa və Keçəl də sərnişinlərlə görüşə gələcək.
Novruzun sevimli personajları hər gün saat 10:00-dan 16:00-dək stansiyada məzəli zarafatlar, şeirlər və maraqlı oyunlarla həm uşaqlara, həm də böyüklərə xoş əhval-ruhiyyə bəxş edəcəklər.












































