"Bakı platforması Türkiyə və İsrail üçün anlaşmaq baxımından uyğun məkandır" - Politoloq

"Bakı platforması Türkiyə və İsrail üçün anlaşmaq baxımından uyğun məkandır" - Politoloq
SİYASƏT
14:10 08.05.2025
345
Xəbər verdiyimiz kimi, Türkiyə və İsrail nümayəndə heyətləri mayın 8-də Bakıda qeyri-rəsmi danışıqlar aparmaq üçün görüşəcəklər.

İsrail mətbuatının yazdığına görə, görüş Azərbaycanın vasitəçiliyi ilə təşkil olunub və Türkiyənin Suriyada artan fəallığı və iki ölkə arasında birbaşa hərbi toqquşma təhlükəsi ilə bağlı gərginliyin azaldılmasına yönəlib.
 
Baş tutacaq görüşlə bağlı AZXEBER.COM-a danışan siyasi şərhçi Mübariz Göyüşlü Azərbaycanı bu görüş üçün ən uyğun ölkə adlandırıb: 

"Hesab edirəm ki, Azərbaycan platforması, Bakı platforması Türkiyə və İsrail üçün anlaşmaq baxımından uyğun məkandır. Bununla yanaşı Bakı gələcəkdə hazır olsalar Rusiya-Ukrayna və digər dövlətlər, qruplar, məsələn NATO ilə Rusiya arasında da növbəti görüşlərin keçilməsi üçün çox uyğun bir məkandır.
 
Bu mənada iki ölkənin Bakıda keçiriləcək görüşünü müsbət qiymətləndirirəm və hesab edirəm ki, ciddi şəkildə nəticələr əldə etmək olar. Bizim üçün dosta qardaş olan Türkiyə ilə dost və müttəfiq olan İsrailin Bakıda görüşməsi, bu görüş nəticəsində hansısa müsbət nəticələrin, məqamların əldə olunması çox təqdiredici olar. 

Bunun üçün Azərbaycanın uzaqgörən siyasi rəhbəri İlham Əliyev əlindən gələn hər bir şeyi edir. Türkiyə və İsrail arasında bildiyim qədərilə bundan əvvəl də görüşləri olmuşdur".

Politoloq həmçinin baş tutacaq görüş nəticəsində ciddi nəticələrin əldə edilə biləcəyinin gözlənildiyini xüsusi vurğulayib:
 
"Bu toplantıda Türkiyə-İsrail nümayəndələri bir araya gələcək və görüş nəticəsində ciddi nəticələr əldə edilə bilər. Və bu da regionun ən aparıcı, yaxın şərqin ən aparıcı dövlətlərinin normal bir dialoq platforması çərçivəsində ortaq məsələlərə, nəticələrə gətirib çıxartmasına və bölgədə sülh və sabitliyin formalaşmasına Azərbaycanın töhfəsi ola bilər".
 
Günel Hüsyenli
OXŞAR XƏBƏRLƏR