Azərbaycanda karantin daha 1 ay uzadıldı - RƏSMİ

Azərbaycanda karantin daha 1 ay uzadıldı - RƏSMİ
SOSİAL
10:40 29.08.2020
2544

Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejiminin 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılması qərara alınıb.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb: 

Bildirilib ki, Azərbaycan Respublikasında yeni növ koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması istiqamətində həyata keçirilən preventiv tədbirlər nəticəsində, eləcə də əhalinin tətbiq olunan karantin və gigiyena qaydalarına daha ciddi və məsuliyyətli əməl etməsi, dövlət-vətəndaş həmrəyliyi  sayəsində ölkədəki sanitar-epidemioloji vəziyyət stabiləşmiş, yoluxma hallarının kəskin azalmasına nail olub.

Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, avqustun 5-dən sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də, ölkə üzrə bəzi məhdudiyyətlər aradan qaldırılıb və yumşalmalar təmin edilib.

Bununla bərabər, əldə olunmuş uğurların möhkəmləndirilməsi, insanların həyat və sağlamlığının səmərəli qorunması məqsədilə, eləcə də, dünyada COVID-19 pandemiyası ilə əlaqədar vəziyyətin hələ də qeyri-qənaətbəxş olduğu nəzərə alınaraq, Azərbaycan Respublikasının ərazisində tətbiq olunan xüsusi karantin rejiminin 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılması qərara alınıb.

Həmçinin, virusa yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları 2020-ci il 31 avqust tarixdən etibarən sərt karantin rejimi zonasından çıxarılır.

Yoluxma hallarının yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bəzi əlavə məhdudiyyətlər hələ davam edəcək.

OXŞAR XƏBƏRLƏR