Bakı-Tbilisi qatarlarının yenidən fəaliyyətə başlaması regionda səyahət və turizm imkanlarına marağı yenidən gündəmə gətirib. Uzun fasilədən sonra bərpa olunan bu marşrut sərnişinlər üçün həm alternativ nəqliyyat vasitəsi, həm də yeni səyahət istiqamətləri baxımından diqqət çəkir. Son günlərdə sosial platformalarda turizm şirkətlərinin bu istiqamətdə paket turlar təklif etməsi də marağın artdığını göstərir.
Qatar xəttinin bərpası ilə bağlı ictimai gözləntilər və səyahət planları fonunda Tbilisinin tranzit mərkəz kimi rolu, eləcə də region ölkələri arasında əlaqələrin daha da genişlənməsi məsələsi aktuallaşır. Bu kontekstdə həm qiymət dəyişiklikləri, həm də yeni marşrut imkanları diqqət mərkəzinə çevrilib.
AZXEBER.COM bildirir ki, turizmçilər "Kaspi"yə açıqlamalarında Bakı-Tbilisi qatar xəttinin turizmə təsiri, qiymət siyasəti və potensial tranzit imkanları ilə bağlı fikirlərini bölüşüblər.
"Təklif olunan turpaketlər hələ azdır"
Turizmçi Əfsun Əhmədov bildirir ki, bu səfərlərə maraq kifayət qədər yüksəkdir: "Artıq Bakı-Tbilisi qatarı ilə Gürcüstana səyahət etmək mümkündür. Bu ölkəyə gediş üçün viza tələbi yoxdur. Turizm şirkətləri Tbilisi istiqamətində aktivləşib. Azərbaycan-Gürcüstan istiqamətli turlar var, amma birbaşa "Bakı-Tbilisi qatar turu" adı ilə paket hələ azdır. Əsasən Azərbaycan daxilində və Gürcüstan daxilində turlar təklif olunur. Məsələn, Tbilisi, Kazbegi, Kakheti turları kimi. Tur şirkətləri tərəfindən artıq "qatarla Gürcüstan" paketləri də təklif olunur. Qatarların fəaliyyətinin bərpasından sonra Gürcüstan vasitəsi ilə Türkiyəyə səfər edənlər də çoxluq təşkil edir".
"Qara dəniz şəhərlərinə getmək də asanlaşıb"
Qiymətlərə gəlincə, turizmçi bildirir ki, qiymətlər müxtəlif şərtlərdən asılı olaraq bir nəfər üçün təxminən 109-237 USD (185-403 AZN) arası dəyişir: "Pandemiyadan əvvəlki dövrlə müqayisə etsək, qiymətlər təbii ki, bir qədər yüksəkdir. Turizmin canlanması üçün qiymətlər mümkün qədər balanslaşdırılır".
Turizmçi bildirir ki, sırf qatarla səyahət etmək istəyənlər üçün belə bir marşrut var: "Bakı-Tbilisi-Axalkalaki-Qars, sonra Türkiyə daxili qatarlarla Trabzon, Rizə, Hopa və s. Yəni artıq Qara dəniz şəhərlərinə getmək asanlaşıb. Qara dəniz sahilləri üçün ən rahat marşrut Tbilisidən Qarsa qatar, Qarsdan Batumi/Hopa istiqamətinə avtobus+qatar kombinasiyasıdır. Birbaşa Bakı-Trabzon qatarı yoxdur, amma Qars-Trabzon marşrutu var".
Kombinə olunmuş marşrutlara şərait yaranıb
Turizmçi Günel Şıxıyeva Bakı-Tbilisi qatarına marağın kifayət qədər yüksək olduğunu bildirir: "Qatar altı illik fasilədən sonra yenidən fəaliyyətə başlayıb və ilk günlərdə 1000-dən çox bilet satılıb, hətta əlavə vaqon qoşulub. Gürcüstan Dəmir Yolları da satışların gözləniləndən yüksək olduğunu açıqlayıb". O bildirir ki, hazırda Bakı-Tbilisi marşrutu üzrə bir istiqamət üçün qiymət 81 AZN-dən başlayır və əvvəlki illərlə müqayisədə artıb. G.Şıxıyeva bildirir ki, bu marşrut xəttindən istifadə edib Türkiyəyə, Qara dəniz sahillərində səyahətə üstünlük verənlər də çoxalıb: "Ən çox istifadə olunan marşrut "Bakı-Tbilisi- Batumi-Trabzon-Uzungöl"dür. Bakı-Tbilisi qatarının açılması Gürcüstan üzərindən Türkiyənin Qara dəniz bölgəsinə daha rahat və nisbətən büdcəli kombinə olunmuş marşrutların yaranmasına şərait yaradır".
Turist axını ilə bağlı gözləntilər
Turizmçi Əziz Şiriyev hesab edir ki, bu, alternativ olaraq dəmir yolundan istifadə imkanının yaranması, turizm baxımdan əlverişlidir. Turistlər qatarlardan istifadə etməklə Bakıya və Gürcüstana və Türkiyəyə səyahət etmək imkanı əldə ediblər. Turizmçi bu marşrutun böyük marağa səbəb olduğunu bildirir: "Bu addım turizmə öz töhfəsini verəcək və ölkəmizə turist axınına gətirib çıxaracaq. Həmçinin iqtisad-siyasi və mədəni əlaqələrin inkişafına, Qafqaz turlarının aktuallaşmasına səbəb olacaq. Gələn turistlər yolüstü regionlarda düşə və oradan gəzə-gəzə Bakıya gələ və dəmiryolu ilə qayıda bilərlər. Bu, regionların inkişafına da öz töhfəsini verər".
Turizmçi hesab edir ki, Bakı-Tbilisi qatarlarının fəaliyyəti insanlara əlavə səyahət imkanları da təqdim edir: "Bu alternativlər turistlərə əlavə imkanlar təqdim edir ki, bunlardan yararlanaraq özlərinə uyğun paketlər götürə bilirlər. İstənilən halda ölkəyə giriş imkanlarının genişlənməsi turistlərin axınına müsbət təsirini göstərir".
Turizmçi Aytac Nəzərlinin sözlərinə görə, Bakı-Tbilisi qatarının fəaliyyətə başlaması səyahətsevərlərin marağına səbəb olub, amma qiymət ürəkaçan deyil: "Qatar yolunun açılmasına nə qədər sevindiksə, bir o qədər də qiymətlərə görə məyus olmuşuq. Düzdür, altı il əvvəlki qiymətdə fərq olmalıdır, amma bu qədər də yox".











































