Vəfa Səfərova adlı valideynin Binəqədi rayonunda yerləşən 210 saylı bağçada övladı üçün 3 manat qeyri-rəsmi ödənişdən imtina etməsi və uşağın buna görə tədbirdən kənarlaşdırılması cəmiyyətdə narazılıq və rezonans doğurub.
3 yaşlı Əsmər Qədirovanın valideyni Vəfa Səfərovanın sözlərinə görə, müdirənin bayram tədbiri üçün tələb etdiyi 3 manatı vermədiyindən uşaq otaqda tək saxlanılıb. O, övladının bu hadisədən təsirləndiyini və psixoloji zədə aldığını qeyd edib.
AZXEBER.COM bildririr ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəsmisi modern.az-a baş verənlərdən xəbərdar olduqlarını deyib:
"Valideyn Vəfa Səfərova, eyni zamanda sözügedən bağçanın müdirəsi Həmidə Əliyeva şöbə müdiri Eldar Yunusovun qəbulunda olublar. Məsələyə dair müzakirə aparılıb".
Qurum rəsmisi hadisədə adıçəkilən bağça müdirəsi Həmidə Əliyeva barədə ölçü götürüləcəyini istisna etməyib:
"Məsələyə baxılır. Çox güman ki, cənab Eldar Yunusov onun barəsində müvafiq ölçü götürəcək".